SİYASƏT
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakının Ramana qəsəbəsində salınmış Şuşa şəhərciyində yerləşən Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkünlərlə görüşüb.
Görüşdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək bildirib ki, 1988-ci ildən başlayaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Bu işğalçılıq xalqımıza böyük maddi-mənəvi ziyan vurub, bir milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin düşüb. Bayram Səfərov deyib ki, məcburi köçkünlər, xüsusilə gənc nəsil doğma torpaqlarına qayıtmaq istəyirlər.
İctimai Birliyin idarə heyətinin üzvləri - Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı Rövşən Rzayev qeyd ediblər ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə, eləcə də bu ali qurumun sədrinin 7 bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha öz təsbitini tapıb. Bu səbəbdən işğala əsaslanan mövcud status-kvo dəyişməli, yəni Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalı və məcburi köçkünlər tezliklə öz doğma torpaqlarına qayıtmalıdırlar. Xüsusilə, Dağlıq Qarabağda tarixən yaşamış və Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından məcburən köçkün düşmüş 90 minə yaxın azərbaycanlı həmin bölgəyə qayıtmalıdır. Məhz bu baxımdan, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının danışıqlar prosesində maraqlı tərəf kimi eyni hüquqlara malik olduğu diqqətə çatdırılıb.
Görüşdə çıxış edən digər məcburi köçkünlər də münaqişəyə qədər ermənilərlə mehriban, sülh şəraitində yaşadıqlarını bildiriblər. Onlar münaqişənin ancaq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsindən sonra yenə də Dağlıq Qarabağda azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamağa hazır olduqlarını vurğulayıblar.