DÜNYA


ATƏT-in fəaliyyətdə olan sədri Ukraynadakı müşahidəçilərin sayını artırmağa çağırıb

Vyana, 8 iyun, AZƏRTAC

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts Ukraynadakı ATƏT müşahidə missiyasının gücləndirilməli olduğunu bildirib. ATƏT-in fəaliyyətdə olan sədri qismində Ukraynaya üçüncü səfəri çərçivəsində nazir vurğulayıb ki, hazırda bu ölkədə 700 müşahidəçidən ibarət missiyanın tərkibi tədricən minə çatdırılmalıdır.

Onun sözlərinə görə, müşahidə missiyasının gücləndirilməsi münaqişə tərəflərini bir-birindən ayırmaq üçün yeganə imkandır. Missiyanın tərkibinin genişləndirilməsi atəşkəsin əldə olunması üçün şansları artıracaq.

Müşahidəçilərin sayının artırılması ilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədri onların texniki təchizatının da gücləndirilməli olduğunu diqqətə çatdırıb. Atəşkəsin əsasən gecələr daha çox pozulmasını nəzərə alaraq, gecəgörmə cihazları, pilotsuz uçuş aparatları və s. avadanlıq missiyanın sərəncamına verilməlidir.

Qeyd edək ki, Şərqi Ukraynadakı vəziyyəti nəzərə alaraq, 2014-cü ilin martında Ukraynaya ATƏT-in müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edilib. Bu ilin martında missiyanın mandatı daha bir il müddətinə artırılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.