ELM VƏ TƏHSİL
ATİ-nin əməkdaşı TEMPUS layihəsi çərçivəsində Almaniyada keçirilən təlim kurslarında iştirak edib
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Nəzrin Əliyeva TEMPUS layihəsi çərçivəsində Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində təşkil edilən intensiv təlim kurslarının iştirakçısı olub.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları uçün yeni modulların hazırlanması” (SuToMa)” üzrə keçirilən növbəti tədbirdə layihə iştirakçılarına, eyni zamanda, “Mədəniyyətlərarası əlaqələr və onların idarə olunması” mövzusunda xüsusi təqdimatla çıxış imkanı verilib.
ATİ-nin əməkdaşı da tədbirdə təqdimatla çıxış edib, iştirakçı tələbələrin Azərbaycanın tarixi, mədəniyyətlərarası əlaqələrinə dair suallarını cavablandırıb.
N.Əliyeva TEMPUS layihəsində səkkizinci qrupun üzvü kimi müxtəlif vaxtlarda Almaniyanın Vilhelmshaven və Vorms şəhərlərində keçirilən tədbirlərdə ATİ-ni layiqincə təmsil edib.