ELM VƏ TƏHSİL
ATİ və Böyük Britaniyanın Uels Aberistvit Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və Uels Aberistvit Universitetinin nümayəndələri Con Qratan və Murtza Ali Qaznavi iki ali təhsil müəssisəsi arasında əlaqələrin qurulmasının faydalı olacağına əminliklərini ifadə ediblər. Qarşıdakı tədris illərində təhsil, təcrübə, tədqiqat sahəsində əməkdaşlığın genişlənəcəyi diqqətə çatdırılıb.
Görüşdə iki ali təhsil ocağı arasında müəyyən şərtlər əsasında dialoqun yaranması, mümkün akademik və tədqiqat imkanları, o cümlədən konkret təşəbbüslərin müəyyənləşməsi kimi məsələlər ətraflı müzakirə olunub.
Sonda Azərbaycan Turizm İnstitutu və Uels Aberistvit Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.