ELM VƏ TƏHSİL


ATMU-da növbəti tədris ilinə hazırlıq barədə müzakirələr aparılıb

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın 2016/2017-ci tədris ilinin yekunları və 2017/2018-ci tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı yekun iclas keçirilib.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov iclasın gündəliyindəki aktual məruzələr üzrə struktur rəhbərlərinin hesabat çıxışları ilə yanaşı, cari məsələlərin də nəzərdə tutulduğunu deyib. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə ixtisaslı və keyfiyyətli mütəxəssis ordusu formalaşdırmaq tələbini strateji hədəf kimi dəyərləndirən E.Aslanov ATMU kollektivini daha çevik və səmərəli fəaliyyət göstərməyə çağırıb. Qeyd edilib ki, son illər qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sənayesində uğurla həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün hərtərəfli şərait yaradılıb və milli turizm kompleksinin rəqabətədavamlılığı nəzərəçarpacaq dərəcədə yüksəldilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr, Nazirlər Kabinetinin 2016-cı il 9 sentyabr tarixli sərəncamlarının müvafiq bəndlərində turizm və rekreasiya zonalarında universitetin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması üzrə tədbirlərin görülməsi nəzərdə tutulub. Məhz həmin sənədlərin icrasına uyğun olaraq “Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında, ATMU-nun nəzdində yaradılan Şahdağ Regional Turizm Peşə Məktəbinə (ŞRTPM) 2017/2018-ci tədris ili üzrə ilk şagird qəbulu prosesinə başlanılıb. ŞRTPM-də mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə 250 şagird təhsil alacaq.

E.Aslanov diqqətə çatdırıb ki, 2011/2012-ci tədris ilindən ATMU-da doktorant/dissertant hazırlığına başlanılıb. Bu müddət ərzində ümumilikdə 53 doktorant-dissertantdan 5-i elmi işini uğurla müdafiə edib. Biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev isə turizmin iqtisadi roluna həsr edilmiş elmi işinin uğurlu müdafiəsinə görə Ali Attestasiya Komissiyasının (AAK) müvafiq qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomunu alan ATMU-nun ilk doktorantı olub. Universitetin daha 8 nəfər doktorant-dissertantı elmi müzakirələrdən uğurla keçərək, müdafiəyə buraxılıblar. Həmçinin bu günlərdə ATMU-nun üç alimi dosent adını alıb və bu barədə müvafiq sənəd onlara AAK tərəfindən təqdim olunub.

ATMU-nun prorektoru, professor İranə Əliyeva, keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və müvafiq struktur rəhbərləri qeyd ediblər ki, universitetdə yekun dövlət imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatdırılıb. 2010–2017-ci illərdə universiteti 2 min 111 nəfər, onlardan 143-ü magistr pilləsini bitirib. Cari ildə bu ali təhsil müəssisəsində 11 ixtisas üzrə 297 nəfər bakalavr pilləsinin məzunu adını qazanıb. Onlardan 43-ü buraxılış işi müdafiə edib. Təhsilini başa vuran 333 nəfərdən 36-sı magistr pilləsi üzrə, o cümlədən son 10 ildə 171 məzun həm milli, həm də Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində ikili diploma sahiblənib. Builki məzunlardan bakalavr pilləsini bitirən 297 nəfərdən 74-ü Avropanın, Amerikanın, Türkiyənin və ölkəmizin nüfuzlu universitetlərində müvafiq ixtisaslar üzrə magistr pilləsində təhsil alacaqlar. Bu günlərdə ATMU-ya qəbul olunan 83 nəfər magistr artıq qeydiyyatdan keçib.

İclasda müəllimlərin qiymətləndirmə bacarığının yüksəldilməsi, cari ilin avqustunda fənn müəllimlərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq fakültə dekanları tərəfindən tədbirlər planının işlənib hazırlanması qərara alınıb. Həmçinin “Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycan Turizm və Menecment Universitetində təhsil almaları haqqında” Əsasnamə təsdiq edilib və müvafiq qəbul komissiyasının tərkibi təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.