CƏMİYYƏT
ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha iki xəstəyə böyrək köçürülüb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında böyrək köçürülməsi üzrə daha iki uğurlu əməliyyat keçirilib. Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilən əməliyyata İstanbul Bilim Universitetinin professoru Barış Akil da qatılıb. Türkiyəli professor Barış Akil Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqdan razı qaldığını, birgə aparılan əməliyyatlarda müasir texnologiyadan istifadə olunduğunu bildirib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, birinci cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov isə qeyd edib ki, klinikada ilk böyrək köçürülməsi əməliyyatı bu ilin avqust ayında eyni həkim briqadası tərəfindən aparılıb. Bu dəfə isə iki əməliyyat həyata keçirildi.
N.Bayramov ATU ilə İstanbul Bilim Universiteti arasında rəsmi əməkdaşlıq müqaviləsinin olduğunu xatırladıb: “Bu müqavilə çərçivəsində bir çox sahələrdə əməkdaşlıq edirik. Onlardan biri də böyrək və pankreas köçürülməsi üzrə əməkdaşlıqdır. İnanırıq ki, bu əməkdaşlıq sayəsində gələcəkdə daha böyük işlər görəcəyik”.
Tədris Cərrahiyyə Klinikasında böyrək köçürülməsi üzrə aparılan əməliyyatlar tam uğurlu keçib. Hazırda hər iki xəstənin vəziyyəti normaldır.