MƏDƏNİYYƏT
“ATV Qalereya”da ilk sərgi
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də “ATV Qalereya”da Azərbaycan Rəssamlar İttifaqının üzvləri Mətanət və Etibar Aslanovların əsərlərindən ibarət sərgi açılacaq.
“Azad Azərbaycan” şirkətinin prezidenti, Əməkdar Jurnalist Vüqar Qaradağlı AZƏRTAC-a bildirib ki, ATV yeni mövsümdə daha bir yeniliyə imza atıb. Bu günlərdə şirkətin inzibati binasinda “ATV Qalereya” adlı sərgi salonu fəaliyyətə başlayacaq. Məqsədimiz Azərbaycan təsviri sənət ustalarının yaradıcılığı ilə tamaşaçıları yaxından tanış etmək, rəsm sənətinin geniş təbliği sayəsində bədii-estetik zövqün inkişafına təkan vermək, xalqı maarifləndirmək, gənc istedadların üzə çıxmasına vasitəçi olmaqdır.
O deyib: “ATV Qalereya”nı digər sərgi salonlarından fərqləndirən ən başlıca cəhət odur ki, biz sənətsevərləri hansısa ünvana dəvət etməyəcəyik, sərgini hər kəsin evində ailəsində fərdi qaydada nümayiş etdirəcəyik. "ATV Qalereya" sərhəd tanımayacaq. Onun ekspozisiyası, hətta Azərbaycanın hüdudlarıdan uzaqlara da asanlıqla çatdırılacaq. Başqa sözlə desək, ATV kanalının yayım əhatəsinə daxil olan hər yerdə, hər məkanda sərgimizin qapıları arzu edənlərin üzünə açıq olacaq”.