SİYASƏT
AVROPA İNSAN HÜQUQLARI ÜZRƏ MƏHKƏMƏSİNİN SƏDRİ BAKIYA GƏLƏCƏKDİR
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyevin dəvəti ilə Avropa İnsan Hüquqları üzrə Məhkəmənin sədri Lüzius Vildxaber fevralın 18-də Bakıya iki günlük işgüzar səfərə gələcəkdir.
Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, L.Vildxaberin səfəri tanışlıq xarakteri daşıyacaqdır. Avropa İnsan Hüquqları üzrə Məhkəmənin sədri Bakıda Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Appelyasiya Məhkəməsinin sədrləri ilə görüşlər keçirəcəkdir. Həmin görüşlərdə insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan məhkəmələri ilə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə ediləcəkdir.
Eyni zamanda, L.Vildxaberin Milli Məclisin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və ədliyyə naziri ilə görüşlər keçirməsi də nəzərdə tutulmuşdur.
Bundan əlavə, Avropa ədalət mühakiməsinin rəhbəri Bakı Dövlət Universitetinin tələbələri qarşısında Avropa məhkəmələrinin fəaliyyəti və insan hüquqları ilə bağlı çıxış edəcəkdir.