SİYASƏT
AVROPA ŞURASI DAĞLIQ QARABAĞDA BİRTƏRƏFLİ SEÇKİLƏRİN ƏLEYHİNƏDİR
Avropa Şurası qondarma “Dağlıq Qarabağ hökuməti”ni yerli özünüidarə orqanlarına sentyabrın 5-nə təyin edilmiş birtərəfli seçkilərin keçirilməsindən çəkinməyə çağırmışdır.
Nazirlər Komitəsinin sədri, Lixtenşteynin xarici işlər naziri Ernst Volç, AŞ Parlament Assambleyasının sədri lord Rassel-Conston və AŞ-nın baş katibi Valter Şvimmer bildirmişlər ki, “bu qondarma seçkilər qanuni ola bilməz”. Onlar Ermənistanla Azərbaycan arasında silahlı münaqişə olduğunu və bunun nəticəsində bölgə sakinlərinin xeyli hissəsinin doğma yerlərindən didərgin düşdüklərini və qaçqına çevrildiyini xatırlatmışlar.
AŞ-nın rəhbərləri həmçinin vurğulamışlar ki, həmin tədbir Dağlıq Qarabağın xeyrinə deyildir, “çünki bu addım Ermənistanın və Azərbaycanın 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən öhdələrinə götürdükləri kimi, münaqişənin dinc siyasi yolla tezliklə və hərtərəfli şəkildə nizama salmasına nail olmaq səylərini sarsıda bilər”.
Onlar bir daha təsdiqləmişlər ki, Avropa Şurası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesini tamamilə dəstəkləyir və öz səlahiyyəti daxilində sülh prosesinə kömək etməyə hazırdır.