CƏMİYYƏT
“AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti” mövzusunda müsabiqəyə yazıların qəbulu davam edir
Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Müsabiqənin mövzusu “AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti”dir. Elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhələri təklif edilmiş mövzu ilə eyni olmalıdır və yalnız bir yazı təqdim edilməlidir. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalı, yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında yayımlanmalıdır. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbul qaydaları aşağıdakılardır:
• Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) - 1 nüsxə;
• Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə;
• Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir)-3 nüsxə;
• Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).
Yazıların qəbulu sentyabrın 22-də başa çatır. Yazılar rəsmi iş günlərində saat 10:00-dan 16:00-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Müsabiqənin qalibləri pul mükafatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət etmək lazımdır.