CƏMİYYƏT
AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihə davam edir
Bakı, 4 may, AZƏRTAC
Təhsil Nazirliyinin və COMMUNITY.AZ-ın dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihə davam edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular üzrə təlimlər keçirilib.
Təlimlərdə artıq 350 nəfərdən çox iştirak edib. Təlimlər COMMUNITY.AZ – məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqları tərəfindən keçirilib.
Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliliyinin artırılmasından ibarətdir.