İQTİSADİYYAT
“AXA” dünyanın bir nömrəli sığorta brendi adına layiq görülüb
Bakı, 9 oktyabr, AZƏRTAC
“AXA” sığorta brendi kimi +14% brend dəyərinin artımını nümayiş etdirərək dünya üzrə birinci yerə layiq görülüb.
Sığorta şirkətindən AZƏRTAC-a verilən məlumata görə, “Interbrand” beynəlxalq reytinq agentliyi ardıcıl olaraq səkkizinci ildir ki, sığorta sahəsində “AXA” brendinin gücünü və lider mövqeyini təsdiq edir. Ümumilikdə, “AXA” “Ən yaxşı qlobal brendlər” reytinqində 46-cı yerə və maliyyə sektoru üzrə reytinqində 3-cü yerə sahib olub. Brendin dəyəri 14 faiz artaraq 10 milyard 579 milyon ABŞ dollarına çatıb.
“Interbrand” tərəfindən “AXA”nın 2016-cı ildə bir neçə əsas nailiyyətləri xüsusi olaraq vurğulanıb. Onların sırasında yeni ərazilərdə inkişafı, texniki laboratoriyalara və startaplara edilən investisiyaları (Silikon vadisində “AXA” laboratoriyası), aparıcı texniki şirkətlərlə (“Facebook” və “LinkedIn”) və universitetlərlə tərəfdaşlığı, eləcə də korporativ və sosial məsuliyyət üzrə müxtəlif təşəbbüsləri qeyd etmək olar.
“AXA” Qrup (Fransa) – sığorta və aktivlərin idarə edilməsi üzrə dünya lideridir. 160 mindən çox əməkdaş hər gün dünyanın 59 ölkəsində 103 milyon müştəriyə xidmət göstərir. 2015-ci ildə “AXA” Qrupunun gəliri 92 milyard avro təşkil edib.
“AXA” beynəlxalq maliyyə qrupu Azərbaycanda “AXA MBASK” sığorta şirkəti ilə təmsil olunur. Sığorta bazarının liderlərindən biri olan “AXA MBASK” 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə “AXA” beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.
Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi doqquz beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.