İQTİSADİYYAT


AZAL Moskvaya müntəzəm reyslərin sayını artırır

A+ A

Moskva, 29 noyabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportuna müntəzəm reyslərin sayını artırır.

2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan “Vnukovo” aeroportuna hər gün iki reys yerinə yetiriləcək. Müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” aeroportunun baş direktoru Vasili Aleksandrov noyabrın 29-da Moskvada imzalayıblar. İmzalama mərasimindən sonra “Vnukovo” aeroportunda birgə mətbuat konfransı keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev mətbuat konfransında bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar yerli vaxtla səhər saat 08:00-da və 16:30-da yerinə yetiriləcək, Moskvaya eniş isə saat 10:10 və 18:40-a planlaşdırılıb. “Vnukovo” aeroportundan uçuş yerli vaxtla saat 11:10 və 19:40-da, Bakıya eniş isə yerli vaxtla saat 15:00 və 23:30-da olacaq. O əlavə edib ki, Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi ilə komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir. Hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir. “Vnukovo” aeroportu ilə yanaşı, AZALJET Moskvanın “Domodedovo” aeroportuna, Sankt-Peterburqun “Pulkovo” aeroportuna, Mineralnıye Vodı və Kazan şəhərlərinə reyslər, eləcə də Gəncədən Sankt-Peterburqa müntəzəm aviareyslər həyata keçirir. AZAL aviaşirkətinin Rusiyaya uçuşları ilə bağlı planlarından danışan E.Hacıyev vurğulayıb ki, şirkət qonşu ölkənin digər regionlarına da reyslər açmaq niyyətindədir.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq bildirib ki, hava reyslərinin intensivliyi ölkəmizin ticari-iqtisadi, turizm sahələrində əməkdaşlığının genişlənməsinə təkan verəcək.

“Vnukovo” Beynəlxalq Aeroportunun baş direktoru Vasili Aleksandrov bildirib ki, Azərbaycan aviaşirkətinin Rusiyaya uçuşlarının sayının artırılması iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha sürətlə inkişafından xəbər verir. V.Aleksandrovun sözlərinə görə, AZAL şirkəti ilə əməkdaşlığın genişləndirilməsi hava limanının fəaliyyətinin prioritetlərindən biridir. “Biz AZAL ilə əməkdaşlıq əlaqələrimizin genişləndirilməsinə xüsusi önəm veririk”, - deyə o vurğulayıb. “Vnukovo” aeroportunun rəsmisi vurğulayıb ki, hava limanında Azərbaycan reyslərinə xidmət göstərilməsi üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, AZAL aviaşirkəti “Vnukovo” aeroportuna müntəzəm uçuşlara 2015-ci ildən başlayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.