QAN YADDAŞI
AZAL-a məxsus aviareyslərdə Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdiriləcək VİDEO
Bakı, 25 fevral, Elvin Camalov, AZƏRTAC
26 fevral, Xocalı soyqırımının 24-cü ildönümündə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus aviareyslərdə Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdiriləcək.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, aksiya Trend Beynəlxalq İnformasiya Agentliyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçiriləcək.
Videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Emil Hüseynli açıqlamasında bildirib ki, belə bir aksiyanın məqsədi “Azərbaycan Hava Yolları”na məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.
Videoçarx ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq olar: https://www.youtube.com/watch?v=aHIrmimp578