İQTİSADİYYAT
AZAL aviabilet qiymətlərinin formalaşdırılmasında yeni siyasətin tətbiqinə başlayır VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın aeroportlarından olan uçuşlara aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasət tətbiq etməyə başlayır.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, yeni konsepsiya çərçivəsində "Azərbaycan Hava Yolları"nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq yanvarın 15-dən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.
“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kiloqramadək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən isti yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412-598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.
Baqajın (23 kiloqrama qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.
“Budget” tarifi üzrə istiqamətlərin qiymətləri
İstiqamət |
Bir tərəfə aviabiletin son qiyməti (avro ilə) |
Tbilisi |
69 |
Tehran |
79 |
Aktau |
79 |
Mineralnıye Vodı |
79 |
Moskva ("Vnukovo") |
89 |
Moskva ("Domodedovo") |
89 |
İstanbul ("Sabiha Gökçen") |
89 |
Alanya |
89 |
İstanbul ("Atatürk") |
99 |
Antalya |
99 |
Dubay |
99 |
Kazan |
99 |
Ankara |
109 |
Kiyev |
109 |
Minsk |
119 |
Sankt-Peterburq |
129 |
Lvov |
139 |
Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.
Bütün tariflər üzrə reyslər çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles
Bundan əlavə, "Azərbaycan Hava Yolları" aşağıdakı marşrutlar üzrə uçuşlara yeni qış aksiyası barədə elan edir:
Marşrut |
Aviabiletin son qiyməti |
Bakı - Paris - Bakı |
349 EUR |
Bakı - Milan - Bakı |
329 EUR |
Bakı - Nyu-York - Bakı |
499 EUR |
Nyu-York - Bakı - Nyu-York |
549 USD |
Bakı - Praqa - Bakı |
329 EUR |
Praqa - Bakı - Praqa |
359 USD |
Bakı –Təl-Əviv - Bakı |
299 EUR |
Təl-Əviv - Bakı –Təl-Əviv |
329 USD |
Bakı - London - Bakı |
329 EUR |
Bu aksiya çərçivəsində bilet satışı yanvarın 11-dən başlayacaq və martın 5-nə kimi davam edəcək, uçuş tarixi yanvarın 11-dən martın 6-na kimidir.
AZAL-ın məlumatında bildirilir ki, aviabiletlərin qiymətinin aşağı salınması məsələsi bundan sonra da AZAL-ın gündəliyində olacaq. Sərnişinlərə maksimum əlverişli şərtlər təqdim etmək aviaşirkət üçün prioritet təşkil edir.