İQTİSADİYYAT
AZAL beynəlxalq uçuşların sayını artırır VİDEO
Bakı, 4 aprel (AZƏRTAC, Ceyhun Rüstəmov). “Azərbaycan Hava Yolları – AZAL” Qapalı Səhmdar Cəmiyyəti (QSC) may ayından etibarən beynəlxalq uçuşların sayını artıracaqdır.
QSC-nin xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirmişdir ki, yaz-yay mövsümü ilə əlaqədar may ayından başlayaraq Rusiya Federasiyasının Perm, Krasnoyarsk, Nijni Novqorod və Belarusun paytaxtı Minsk şəhərlərinə yeni marşrutlar açılacaqdır. Eyni zamanda, Rostova uçuşlar bərpa olunacaqdır.
M.Səfərli qeyd etmişdir ki, yeni marşrutların açılması ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlıq əlaqələrinin, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə təkan verəcəkdir. Eyni zamanda, iş adamlarının qarşılıqlı səfərlərinin çoxalmasına, biznes əlaqələrinin inkişafına, ölkələrimizin tarixi və səfalı guşələrinə turist səfərlərinin artmasına səbəb olacaqdır.
Qeyd edək ki, regionda və MDB məkanında yeni avialaynerlərin sayına görə lider olan AZAL-ın təyyarə parkında “Embraer”, “Boeing-757”, “Boeing-767”, “Airbus A-319”, “Airbus A-320” və “Airbus A-340” avialaynerləri üstünlük təşkil edir. Ümumiyyətlə, AZAL-ın təyyarələri hazırda dünyanın 14 ölkəsinin 33 şəhərinə uçuşlar həyata keçirir.