İQTİSADİYYAT


AZAL dörd “B787-Dreamliner” təyyarəsi almaq niyyətindədir

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Paris aviasalonunda təxminən 918 milyon dollar həcmində qiymətləndirilən dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətini elan edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra “Boeing” Korporasiyasının rəsmi saytında yerləşdiriləcək.

“Yeni “787-Dreamliner” təyyarələrinin sifarişi barədə qərar “Azərbaycan Hava Yolları”na gələcək inkişaf üçün böyük imkanlar açır. MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir “Boeing 787” təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

“Bugünkü saziş Azərbaycan Hava Yolları ilə tərəfdaşlığımızda yeni səhifə açır”, - “Boeing” Korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott bildirib. “Biz əminik ki, bazarda lider olan “B787-Dreamliner” sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək”.

“Azərbaycan Hava Yolları” böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki “Boeing 787-Dreamliner” təyyarəsi, həmçinin “Boeing 767” və “Boeing 757” təyyarələri daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.