İQTİSADİYYAT
AZAL sərnişinlərə uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyə edir
Bakı, 4 iyul, AZƏRTAC
Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyə edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən azı 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.
Şirkətdən bildirilib ki, sərnişinlərdən əlavə sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrəsi ilə əlaqə saxlamaq və yaxud da [email protected] e-mailinə yazmaları xahiş olunur. Reyslərin gəliş və gediş cədvəlini hava limanının fasiləsiz fəaliyyət göstərən məlumat xidmətinə (+99412) 497-27-27 telefon nömrəsi vasitəsilə zəng edərək və yaxud da https://www.azal.az/upload/pdf/Summer_Timetable_AZAL_AZALJET_AZ.pdf linkindən faylı yükləməklə öyrənmək mümkündür.