ELM VƏ TƏHSİL
AZƏRBAYCANDA ALİ TƏHSİLİN, O CÜMLƏDƏN TİBB TƏHSİLİNİN 700 İLLİK TARİXİ VAR
Darülfünunda təbiətşünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri vardı. Burada yerli, habelə Çin, Hindistan, Misir və Suriyadan dəvət olunmuş 450 müəllim dərs deyirdi. Orta əsrlərin bu ən məşhur elm və təhsil ocağında oxuyan 7 min tələbənin min nəfəri yerli idi, qalanı isə Şərqin müxtəlif ölkələrindən gəlmişdi. Rəb-i Rəşididə 60 min nüsxə qiymətli əlyazmasından ibarət kitabxana yaradılmışdı.
Darülfünun təbabət şöbəsində müalicə və əczaçılıq fakültələri vardı. Tələbələr komissiya qarşısında imtahan verdikdən sonra qəbul olunurdular. Onlar beş il oxuduqdan sonra bir il təcrübə keçir, yenidən komissiya tərəfindən yoxlanılaraq, təsdiqnamə (diplom) alırdılar. Zəif oxuyan tələbələr xaric edilirdilər.
Rəb-i Rəşidi XIV əsrin axırlarına yaxın tənəzzülə uğramağa başlamış və Qızıl Orda hökmdarı Toxtamış xan Təbrizi işğal etdikdən (1386-cı il) sonra tamamilə qarət olunmuşdu.