ELM VƏ TƏHSİL
AZƏRBAYCANDA YENİ JURNAL
Ölkəmizdə “Azerbaijan review” –“Panorama Azerbaydjana” adlı beynəlxalq turizm jurnalı nəşr olunmağa başlamışdır. Onun təsisçiləri və naşirləri Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycanda Turizm Sənayesinin İnkişafı İttifaqı və “Avanqard” Ltd-dir. Rəngarəng, zəngin illüstrasiyalı jurnalın nəşrindən məqsəd dünya turizm bazarında Azərbaycana turizm ölkəsi imici yaratmaqdır.
Belə bir çap orqanının meydana gəlməsi xarici turizm biznesi peşəkarlarının Azərbaycana marağının gündən-günə artması ilə bağlıdır. Məlumdur ki, ölkəmiz Dünya Turizm Təşkilatının üzvüdür. Bu yaxınlarda isə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı təsdiq olunmuşdur. Yeni jurnal da məhz bu proqram çərçivəsində nəşr edilir.
Böyük İpək yolunda mühüm mövqe tutan Azərbaycan turizm sənayesinin yaradılmasında hələlik ilk addımlarını atır. İngilis və rus dillərində nəşr edilən jurnal da beynəlxalq münasibətlərin bu perspektivli sahəsinə öz töhfəsini verəcəkdir. Dünyanın müxtəlif ölkələrində Azərbaycan barədə dolğun informasiya yayılmasında marağı olan təşkilatların – səfirliklərin, xarici nümayəndəliklərin və şirkətlərin köməyi ilə jurnal digər dillərdə də çıxa bilər. Jurnalda Azərbaycan, onun qədim tarixi və mədəniyyəti, xalqımızın adət-ənənələri və həyat tərzi, ölkəmizin füsunkar təbiəti haqqında canlı və maraqlı söhbət açılır. Jurnalın naşirləri və baş redaktoru Larisa Cavanşir əmindirlər ki, Azərbaycanın bu cür təbliğ edilməsi xaricdəki çoxsaylı ekzotik səfər həvəskarlarının diqqətini ölkəmizə cəlb edəcək ki, bu da biznesin bu sahəsinə sərmayə axınını sürətləndirəcəkdir.
Dövlət Proqramının dəstəklənməsinə yönəldilmiş yeni nəşr dünya və beynəlxalq turizm sərgilərində, “Azərbaycan Hava Yolları” konserninin reyslərinin sərnişinləri arasında geniş yayılacaqdır. Yeri gəlmişkən, jurnalın növbəti nömrəsi ölkə nümayəndələrinin xarici səfərləri, habelə Azərbaycana gələn qonaqlarla görüşlər zamanı reklam-informasiya məqsədi ilə istifadə oluna bilər.