İQTİSADİYYAT
AZƏRBAYCANIN MÜLKİ AVİASİYA SİSTEMİ BEYNƏLXALQ STANDARTLARA CAVAB VERİR
İyunun 19-da “Həyat-Recensi Naxçıvan” mehmanxanasında “Avropa və Orta Asiyanın aeronaviqasiya sistemlərinin səmərəli birləşməsinə yol açaq” mövzusunda birinci beynəlxalq praktik konfrans işə başlamışdır. Konfransda 11 ölkənin nümayəndələri iştirak edirlər. Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Avropa Mülki Aviasiya Konfransı və Hava Hərəkətinin Təşkili və Təhlükəsizliyinə dair Avropa Təşkilatı beynəlxalq aviasiya tarixində ilk dəfə olaraq birlikdə belə bir mötəbər tədbir təşkil etmişlər.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, respublikamızda mülki aviasiyanın inkişafına daim diqqət yetirən Prezident Heydər Əliyev Bakıda bu beynəlxalq tədbirin keçirilməsi ideyasını dəstəkləmişdir.
Baş nazirin birinci müavini Abbas Abbasov çıxışında dedi ki, sərmayə qoyuluşuna görə mülki aviasiya Azərbaycanda neft sektorundan sonra ikinci yeri tutur. Bu sahəyə bir neçə layihə üzrə 200 milyon ABŞ dollarından çox sərmayə qoyulmuşdur.
Ölkəmizin Prezidenti dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı ilə bağlı bir sıra öncül vəzifələr arasında mülki aviasiyanın inkişafına dair konkret tədbirlər planı irəli sürmüş və bu sahənin inkişafı yollarını müəyyənləşdirmişdir. O, hələ 1993-cü ildə, Respublika üçün çox çətin bir vaxtda gözəl başa düşürdü ki, suveren Azərbaycanın özünün dünya standartlarına uyğun milli aviasiyası olmalıdır. Bütün bunlar son 6 ildə mülki aviasiyada əldə edilmiş qlobal dəyişikliklərin əsasını təşkil etdi.
İKAO-nun Avropa və Şimali Atlantika üzrə regional direktoru Kristian Ayql bildirdi ki, Azərbaycanın iqtisadiyyat sahəsində qazandığı böyük nailiyyətlər onun Avropa ailəsinin tam hüquqlu üzvü olduğunu sübut edir. Qısa müddət ərzində bütün dünya standartlarına cavab verən mülki aviasiya yaradılmışdır və burada Dövlət Konserninin başçısı Cahangir Əsgərovun böyük xidməti var.
Avropa Mülki Aviasiya Konfransının icraçı katibi Reymond Bencamin vurğuladı ki, Avropa ilə Asiya arasında əlaqələndirici bölgə olan Azərbaycan bütün layihələrin, o cümlədən Böyük İpək yolunun bərpası layihəsinin uğurla həyata keçirilməsi üçün yaxşı infrastruktur yaratmışdır. Onun sözlərinə görə, təhlükəsizlik sistemi, kadr hazırlığı bütün beynəlxalq standartlara cavab verir.
İyunun 21-də başa çatacaq konfransda bütün əlaqədar dövlətləri əhatə edən aeronaviqasiya sistemlərinin harmonikləşdirilməsinə dair məruzələr dinləniləcəkdir.