İDMAN
AZƏRBAYCANIN QADIN GÜLƏŞÇİSİ MARİYA STADNİK PEKİN OLİMPİYA OYUNLARINA LİSENZİYA QAZANMIŞDIR
Sentyabrın 21-də qadın güləşçilər arasında ilk qızıl medal yaponiyalı Chiharu İchoya (48 kq) nəsib olmuşdur. Ona bu sevinc İrina Merleni (Ukrayna) üzərində qələbədən sonra nəsib olmuşdur. Qadınlar arasında bürünc medalları venesuelalı Mayelis Qaripa Qastillo və çinli Xiaomei Lu qazanmışlar.
Həmin gün sərbəst güləş üzrə kişilər arasında 96 kiloqram çəki dərəcəsində qarşılaşmalarda Hacımurad Qartalov (Rusiya) Syid İbrahimi (İran) məğlub edərək birinci yerə çıxmışdır. Bu çəki dərəcəsi üzrə bürünc mükafatları özbəkistanlı Qurban Qurbanov və ABŞ idmançısı Daniel Cormier qazanmışlar.
120 kiloqram çəki dərəcəsində qarşılaşmada Bilyal Maxov (Rusiya) Alexis Rodriquez Valeraya (Kuba) üstün gələrək birinci olmuşdur. Üçüncü yerləri isə özbəkistanlı Artur Teymazovla ukraynalı Vadim Tasoyev tutmuşlar.
Xatırladaq ki, bununla da sərbəst güləş üzrə kişilərin mübarizəsi başa çatmışdır. Bu gərgin qarşılaşmalarda müxtəlif ölkələri təmsil edən idmançılarla yanaşı, Azərbaycan güləşçiləri də qələbə uğrunda mübarizə aparmışlar.
Sentyabrın 21-də keçirilən görüşlərdə Azərbaycan pəhləvanları Xitaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) ilk qarşılaşmalarda uğur qazansalar da, qələbəni sonadək qoruyub saxlaya bilməmişlər. Nəticədə kişilərdən ibarət sərbəst güləş üzrə yığma komandamız dünya çempionatında yalnız Camsulvara Camsulvarayevin (74 kq) qazandığı bürünc medalla kifayətlənməli olmuşdur.
Yunan-Roma güləşi üzrə mübarizədə də Fərid Mansurovun qazandığı qələbə bu növdə yeganə qələbəmiz olmuşdur.
Dünya çempionatında yarışlara qoşulan ilk qadın güləşçimiz Mariya Stadnik (48 kq) də mübarizəni uğurla başa vuraraq, 2008-ci ildə keçiriləcək Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bu şad xəbəri ilk olaraq müxbirimizə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov vermişdir.
Sentyabrın 22-də çempionatı sərbəst güləş üzrə qadın idmançılar davam etdirəcəklər.