SİYASƏT
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS
31 mart – azərbaycanlıların soyqırmı günü münasibətilə Sumqayıtda keçirilən elmi-nəzəri konfransın iştirakçıları əvvəlcə “Şəhidlər xiyabanı” kompleksini ziyarət etdilər, əbədi məşəl önünə əklil qoydular, Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş igid oğulların məzarları üstünə çiçək düzdülər, onların ruhuna dualar oxudular.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra elmi-nəzəri konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov ermənilərin zaman-zaman törətdiyi soyqırmının və depotasiya siyasətinin xronologiyasını diqqətə çatdırdı. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrımının “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakların dövlət siyasəti olduğunu bir sıra tutarlı, tarixi faktlarla əsaslandırdı. O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart “Azərbaycanlıların soyqırmı haqqında” Fərmanının tarixi əhəmiyyətini xüsusi qeyd etdi. T.Məmmədov erməni millətçilərinin Azərbaycana qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün dövlətimizim başçısının məqsədyönlü iş apardığı bir zaman ölkəmizin daxilində olan müxalifət qüvvələrinin pozucu fəaliyyət göstərməsini kəskin tənqid etdi.
Sonra “Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqına gətirdiyi bəlalar”, 1948-1953-cü illərdə soydaşlarımızın tarixi vətənlərindən – Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiya olunması və onun nəticələri”, “XX əsrin sonlarında və 1988-ci ildən sonra ermənilərin azərbaycanlılara qarşı növbəti deportasiya və soyqırımları”, “iki əsrdə azərbaycanlılara qarşı törədilən soyqırmı barədə faktlarının mətbuatda işıqlandırılması məsələsi” mövzularında məruzələr dinlənildi.