İDMAN
AZƏRBAYCANLI BOKSÇUNUN ALMANİYADA UĞURLARI
17 yaşlı azərbaycanlı boksçu Rəşad İsmayılov Almaniyanın peşəkar boks məktəbinin diqqət mərkəzindədir. Rəşadı iki il bundan öncə Azərbaycandan Almaniyaya məşqlərə cəlb edən Saksoniya əyaləti peşəkar boksçular cəmiyyətinin meneceri cənab Tibor Rixter istedadlı gəncin gələcəkdə dünyanın peşəkar boksçuları arasında layiqli yer tuta biləcəyinə əmin olmuş, onu rəhbərlik etdiyi cəmiyyətin himayəsinə götürmüş, yaşayış yeri ilə təmin etmiş, idman menecerlərini və iş adamlarını ona maddi yardım göstərməyə cəlb etmişdir. Gənc boksçu həmin vaxtdan bəri tanınmış məşqçi Ufe Transın rəhbərliyi altında müntəzəm və məqsədyönlü məşqlər edir, öz yarış üslubunu təkmilləşdirir, ustalığını yorulmadan artırır.
Rəşad Almaniya idmançıları, eləcə də buraya başqa ölkələrdən cəlb olunmuş peşəkar boksçular arasında keçirilən reytinq yarışlarında uğurla çıxış edir, bir-birinin ardınca qələbələr qazanır.
Sentyabrın 29-da Leypsiqin yeni əzəmətli boks arenasında keçirilən yarışlarda həmyerlimiz Rəşad İsmayılov öz çəki dərəcəsində peşəkar beynəlxalq rinqə çıxmaq uğrunda sınaqdan çıxarılmışdır. Bu sınaq uğurla nəticələnmişdir. Onun təcrübəli rəqibi Nosrati Almaniyanın peşəkar boksçuları arasında bərkdən-boşdan çixmış, beynəlxalq nüfuzlu idmançılardan biridir. Rəşad 10 raund ərzində yüksək döyüş texnikası və iradə nümayiş etdirərək adlı-sanlı rəqibini sarsıtmış və layiqli qələbəyə nail olmuşdur. Həmyerlimiz dəfnə çələnginə və Almaniya çempionu kəmərinə layiq görülmüşdür. Gənc azərbaycanlı boksçunun beynəlxalq dərəcəli peşəkar usta adına layiq görüldüyü və bu fəxri adla Avropa, daha sonra dünya çempionatına vəsiqə qazandığı elan olunmuşdur.
Digər ölkələrdən gəlib burada peşəkar boksun sirlərinə yiyələnməklə vətəndaşlıq alıb Almaniya bayrağı altında çıxış edən bir çox əcnəbi idmançılardan fərqli olaraq, Rəşad rinqə həmişə Azərbaycanın üçrəngli bayrağı altında çıxır. Bu, onun Vətənə övladlıq məhəbbətinin bariz ifadəsidir.
Yusif XƏLİLOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin