SİYASƏT
AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN ƏLAQƏLƏNDİRMƏ ŞURASI YARADILDI
Daşkənddəki Azərbaycan mədəniyyət mərkəzi nəzdində “Daşkənddə təhsil alan azərbaycanlı tələbələrin əlaqələndirmə şurası” yaradılmışdır. Şuranın yaradılmasında məqsəd müxtəlif ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsi, onların qayğı və problemlərinin daha operativ həll edilməsindən ibarətdir. Bundan sonra tələbələr tez-tez müxtəlif tədbirlər keçirəcək və bu görüşlərdə Azərbaycanla bağlı son məlumatları alacaq, xalqımızın ədəbiyyatı, incəsənəti, mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Bu münasibətlə keçirilən təsis yığıncağında deyilmişdir ki, Daşkəndin 19 ali məktəbində 300-dək soydaşımız təhsil alır. Onlar institutun mədəni həyatında yaxından iştirak edirlər. Əksəriyyəti əlaçı tələbələrdir.
Şura 25 nəfərdən ibarət olacaq və bütün məsələlər kollegial həll ediləcək. Yığıncaqda qeyd edilmişdir ki, burada təhsil alan azərbaycanlı tələbələrin heç də hamısı öz ana dilini yaxşı bilmir. Onlar üçün fakültətiv məşğələlər keçiriləcək. Gələcəkdə isə Daşkənddəki Azərbaycan məktəbində tələbələrdən ibarət ayrıca qrup yaradılacaqdır.
Şuranın yaradılmasının təşəbbüsçüsü Azərbaycanın Özbəkistandakı səfirliyidir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd