MƏDƏNİYYƏT
AZƏRBAYCANLI TURİSTLƏRİN İSTİRAHƏTİ ÜÇÜN YENİ MƏKAN: KRİT ADASI
Bakı, 2 iyul (AZƏRTAC). İyulun əvvəllərində, Bakı-Hanya arasında birbaşa aviareysinin açılışı ərəfəsində - Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Yunanıstanın Krit adasına səfər etmişdir. Adada turistlər üçün yaradılmış şəraitlə AZƏRTAC-ın müxbiri də tanış olmuşdur. Bu barədə bir qədər sonra.
Avropanın ən qədim sivilizasiyası, eyni zamanda müasir turizm mərkəzi olan Krit adası - Yunanıstanın 13-cü vilayətidir. Kritdə Minoy sivilizasiyasından tutmuş Bizans, Venesiya, Osmanlı imperiyasına məxsus bir çox tarixi abidələrə rast gəlmək olar. 1913-cü ildən Yunanıstana birləşdirilən Krit adasının ən iri şəhərləri İraklion, Retimno, Hanya və Lassitidir. Azərbaycanlı turistlər də Hanya şəhərinə yeni açılacaq və pilot layihəsi olan aviareys vasitəsilə bu gözəlliyi öz gözləri ilə görə biləcəklər. Hanya Yunanıstanın Aralıq dənizinin sahilində yerləşən ən gözəl şəhərlərindən biridir. Bura Latın Amerikasından, Şimali Avropadan, eləcə də dünyanın bir çox ölkələrindən gələnlərin ən sevimli istirahət yeridir. Məftunedici gözəlliyi, zəngin tarixi, dəbdəbəli otelləri, ləzzətli yunan mətbəxi, gülərüz insanları ilə tanınan Hanyanı ildə 1 milyondan çox turist ziyarət edir.
Hanya şəhərinin prefekti Qriqoris Arxontakis AZƏRTAC-a müsahibəsində bildirmişdir: “Ümumiyyətlə Yunanıstan öz rəngarəng təbii xüsusiyyətləri ilə hər bir Avropa ölkəsindən seçilir. Ölkə füsünkar landşafta, zəngin flora və faunaya, Aralıq dənizi ilə ən uzun sahil xəttinə və xeyli sayda adalara malikdir. Egey və İonian arxipelaqlarında yerləşən 6 min adanın 227-si yaşayış məskənidir. Hanyanı ziyarət edən turistlər arasında azərbaycanlı turistləri də görmək bizim üçün çox xoş olardı”.
Azərbaycanlı turistlərin yay mövsümündə Krit adasına səfəri Yunanıstan hökuməti və bu ölkənin Bakıdakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Bu layihə çərçivəsində turistlərimiz səfirliyə gəlmədən viza alaraq həftədə bir dəfə təyyarə ilə adaya istirahətə yollana bilərlər. Niyə məhz Krit adasına? Bu suala cavabı biz “Kalamaki travel” şirkətinin rəhbəri Miltiadis Despotakisdən aldıq.
Miltiadis Despotakis bildirmişdir ki, hazırda turizm fəlsəfəsi başqadır. Turistlər daha çox öyrənmək, getdiyi ölkənin tarixi, adət-ənənəsi, mədəniyyəti, təbiəti, mətbəxi barədə daha çox məlumat toplamaq istəyirlər. Hanyada kifayət qədər otellər vardır. Azərbaycanlı turistlər də Krit adasında istirahətə gələndə onların istirahəti üçün gözəl şərait yaradılacaqdır. Hətta bir çox otellərdə azərbaycanlı turistləri qiymətlərlə bağlı xüsusi sürprizlər gözləyir.
Baxmayaraq ki, hazırda Yunanıstan bir çox dövlətlər kimi maliyyə böhranı ilə üzləşib, hökumət Yunanıstanın turizm ölkəsi kimi imicinin yaxşılaşdırılması istiqamətində bir sıra qərarlar qəbul etmişdir. Belə ki, Yunanıstan hökuməti fövqəladə hallar yarandıqda azərbaycanlı turistlərin bütün xərclərinin ödənilməsinə zəmanət verir, ölkədə keçirilən tətillərlə və ya təbii fəlakətlərlə bağlı evlərinə vaxtında dönə bilməyən turistlərə təzminat ödəməklə yanaşı, otel və aviauçuşların xərclərini öz üzərinə götürür. Deməli, istənilən turist bütün bu şərtləri nəzərə alaraq Krit adasına rahat istirahətə yollana bilər.
Albina Atlıxanova
AZƏRTAC-ın müxbiri
Bakı-Afina-Hanya-Bakı
######