MƏDƏNİYYƏT
“AZƏRBAYCANTELEFİLM” YARADICILIQ BİRLİYİNDƏ DAHA İKİ SƏNƏDLİ FİLMİN İSTEHSALI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Səbrə qədər” və “Abşeron gizlinləri” sənədli filmlərinin istehsalı başa çatmışdır.
Əməkdar incəsənət xadimi, rəssam Sitarə Rəhimovanın yaradıcılığına həsr olunmuş “Səbrə qədər” filmində rəssamın yaratdığı təkəlduz nümunələri təqdim edilir. Mədəniyyət mühitində Sitarə Rəhimova istedadlı rəssam kimi tanınır, amma onun nisbətən az məlum olan təkəlduz yaradıcılığı da olduqca maraqlıdır. Xırda muncuqlarla yaratdığı portretlər, digər sənət nümunələri ölkəmizin adından hədiyyə kimi də təqdim olunmuşdur. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev Türk Cümhuriyyətinin 75 illiyi münasibətilə bu ölkənin prezidenti Süleyman Dəmirələ məhz Mustafa Kamal Atatürkün Sitarə xanımın yaratdığı portreti hədiyyə etmişdi. Ömrünün yeddi ilini “Bürclər”, dörd ilini “Leyli və Məcnun”, üç ilini “20 Yanvar” kimi sənət nümunələrinin araya-ərsəyə gətirilməsinə həsr etmiş sənətkar bu gün də yeni əsərlər yaratmaqla məşğuldur.
Filmin rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.
“Abşeron gizlinləri” filmində isə Abşeron yarımadasının Mərdəkan, Türkan, Binə, Qala, Şüvəlan, Dübəndi, Bəndüstü Xaşaxana kimi qədim yaşayış yerlərindəki bizim eradan əvvəl III-II minilliklərdən qalma yerüstü, yeraltı abidələri, kurqanları, petroqlifləri-şəkil yazıları, onların tarixindən bəhs olunur. Azərbaycan tarixinin qədimliyini sübut edən bu abidələrdəki yazılar Qobustandakı, Gəmiqayadakı rəsmlərlə çox oxşardır. Tarixə qısa səyahət etməklə Azərbaycanın qədim yaşayış yeri kimi bəşər tarixinin təşəkkül tapdığı məskənlərdən biri olduğu aydın görünür.
Filmin ssenari müəllifi Aydın Qurbanoğlu, rejissoru Ömür Nağıyev, operatoru Adil Abbasovdur.