Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN DİPLOMATİYASI İSLAM ALƏMİNDƏ DƏ MÖHKƏM MÖVQE QAZANIR
RƏĞBƏT VƏ MEHRİBANLIQ TƏZAHÜRÜ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri dünya miqyasında, o cümlədən İslam aləmində ölkəmizin mövqelərinin möhkəmlənməsi üçün xüsusi əhəmiyyətə malikdir. Sovet hakimiyyəti dövründə yeridilən siyasət nəticəsində Azərbaycanın İslam dünyası ilə əlaqələri zəifləsə də, müqəddəs dinimizə inam xalqın qəlbində həmişə yaşamış, çətin sınaqlardan çıxmışdır. Müqəddəs Məkkə, Mədinə şəhərlərində olmaq, Kəbəni, Həzrət Peyğəmbərin qəbrini ziyarət etmək hər bir müsəlmanın ən böyük arzusudur. Digər tərəfdən, dünya siyasətində özünəməxsus yer tutan İslam ölkələri ilə sıx əlaqələr qurmaq bu gün respublikamız üçün çox vacib və perspektivlidir. Ona görə də Azərbaycan Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudun dəvəti ilə bu ölkəyə rəsmi səfəri həm siyasi-iqtisadi əlaqələr yaratmaq, həm də müqəddəs dinimizə daha sıx qovuşmaq baxımından dərin məna daşıyır.

Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudun İslam aləmində çox böyük nüfuzu vardır. Həm ölkənin özündə, həm də ümumiyyətlə İslam aləmində ona “iki müqəddəs şəhərin xadimi” deyə müraciət edirlər. Bu da əsasən onunla bağlıdır ki, Fəhdin hakimiyyətdə olduğu illərdə ölkənin həyatının bütün sahələrində sürətli inkişaf baş vermiş, iki müqəddəs şəhərdə - Məkkə və Mədinədə, Kəbə və Peyğəmbər Nəbi məscidlərində əzəmətli yenidənqurma işləri aparılmışdır.

...Azərbaycan Prezidentinin Ciddə hava limanında qarşılandığı andan səfərin davam etdiyi bütün müddət ərzində ona böyük rəğbət və mehribanlıq göstərilməsini məhz məlik Fəhd ibn Əbdül Əziz əl-Səudun Heydər Əliyevə dost və qardaş münasibəti bəsləməsi ilə izah etmək olar. Nümayəndə heyətimizin bütün görüşlərində bu fikir tez-tez təkrarlanırdı. Yerli diplomatlar, jurnalistlər ölkələrimizin başçılarının bir-birinə rəğbətini xüsusi vurğulayırdılar. Hava limanındakı təntənəli qarşılanma mərasimindən sonra nümayəndə heyətimizin başçısının ən ali, əziz qonaqlar üçün nəzərdə tutulan yaraşıqlı, yüksək dərəcəli iqamətgahda yerləşdirilməsi də bu hörmətin əlamətlərindən biri idi.

İqamətgahda bildirdilər ki, müstəqil Azərbaycan Respublikası Prezidentinin Kəbəni ziyarət etmək arzusu nəzərə alınaraq, orada təmir işləri dayandırılmış, ziyarət üçün lazımi şərait yaradılmışdır.

Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyevin Səudiyyə Ərəbistanında müqəddəs şəhərləri ziyarəti Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və filosofu Abbasqulu ağa Bakıxanovun anadan olmasının 200 illiyinə təsadüf edir. Məlumdur ki, Abbasqulu ağa Bakıxanov vaxtilə Həcc ziyarətində olmuş və burada vəfat etmişdir. Bəzi mülahizələrə görə o, Səudiyyə Ərəbistanında, digər mənbələrə görə isə Qahirə yaxınlığında dəfn olunmuşdur. Bu fakt bir də ona görə diqqəti cəlb edir ki, xalqımızın görkəmli adamları dinimizin müqəddəs yerlərinə ziyarəti həmişə özləri üçün şərəf hesab etmişlər.

Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına səfəri ölkələrimiz arasında əməkdaşlığın möhkəm bünövrəsinin qoyulması baxımından da diqqətəlayiqdir. Bu ölkə İslam aləminin həm iqtisadi, həm də siyasi cəhətdən ən qüdrətli dövlətlərindən biridir, dünya siyasətinin formalaşmasında fəal iştirak edir. Bir sıra böyük dövlətlərlə onun geniş iqtisadi, siyasi və mədəni əlaqələri vardır. Bu mənada da Heydər Əliyevin səfəri dünya miqyasında, xüsusilə İslam aləmində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Ümumiyyətlə, Səudiyyə Ərəbistanının həm iqtisadi imkanlarından, həm də dünya miqyasında nüfuzundan istifadə etmək respublikamızın hazırkı ağır böhrandan xilas edilməsində müəyyən rol oynaya bilər.

ALLAH EVİ KƏBƏYƏ ZİYARƏT

Azərbaycan Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına səfər proqramına Allah evi Kəbəni ziyarətlə başladı. Məkkə İslam dünyasının əsas müqəddəs şəhəridir. Kəbə evi isə İslamın birinci müqəddəs yeridir. Dünyanın ən qədim şəhərlərindən sayılan Məkkə hələ İslamdan əvvəl, yəni Həzrət İbrahim Peyğəmbərin vaxtında karvan yollarının kəsişdiyi kiçik yaşayış məskəni olmuşdur.

Min illər bundan əvvəl tapılmış “Zəmzəm” quyusunun suyu bu günə qədər insanlar üçün əsl şəfa mənbəyidir. Adamlar bu müqəddəs suyun hikmətinə qəlbən inanırlar. Suyun tərkibində gümüş qarışığı çoxdur. Buna görə də “Abi-Zəmzəm” insanları bir çox bəlalardan xilas edir.

Kəbənin tikintisi başa çatandan sonra İbrahim Peyğəmbər Allaha müraciətlə deyib ki, pərvərdigara, bu binanı sənin yolunda tikdik, sənin evin adlandırırıq və bu nəzirimizi, əməyimizi qəbul et.

Həzrəti Məhəmməd Peyğəmbərin dövründən başlayaraq, Kəbə bütün dünya müsəlmanlarının ən müqəddəs yerlərindən birinə çevrilmişdir. Onlar namaz qılarkən üzlərini Kəbəyə tərəf çevirirlər. Sonralar Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid ucaldılmışdır.

İslam dini Məkkə torpağında meydana gəlmiş, Həzrət Məhəmməd bu torpaqda doğulmuş, peyğəmbərliyə çatmışdır. Dünyanın müxtəlif ölkələrində ucalan əzan səsləri və bir milyarddan çox insanı birləşdirən “İslam” kəlməsi ilk dəfə bu torpaqda yayılmışdır.

İyulun 9-da axşam Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər xüsusi libas geyinərək Kəbəyə gəldilər. Məkkə məscidi öz görkəmi ilə insanı heyrətə gətirir. Xalılarla bəzədilmiş məscidin salonu dünyanın ən gözəl muzeylərindən də yaraşıqlıdır. Burada eyni vaxtda bir milyon insan namaz qıla bilir. Məscidin bir-birindən yaraşıqlı bir neçə mərtəbəsi və doqquz minbəri vardır.

Ziyarətgahın rəhbərləri Heydər Əliyevi mehribanlıqla qarşıladılar. Azərbaycan Prezidenti Kəbəni ziyarət etdi, müqəddəs Qara daşı öpdü.

Azərbaycan dövlətinin başçısı Kəbənin önündə dayanaraq dedi ki, yəqin Allah-təala bu müqəddəs ziyarətgahda bizim haqq səsimizi eşidərək dualarımızı, ziyarətimizi qəbul edəcək, Azərbaycan torpağında tezliklə sülh, əmin-amanlıq yaranacaq, ölkəmiz özünün ərazi bütövlüyünü təmin edərək müstəqillik yolu ilə irəliləyəcəkdir.

Qeyd edək ki, Allahın evi Kəbəyə daxil olmaq, orada namaz qılmaq şərəfi hər müsəlmana qismət olmur. Hər il Qurban bayramında bu müqəddəs yerə gələn minlərlə müsəlman Kəbənin başına fırlanır. Qara daşı öpür, məsciddə namaz qılır və digər ayinləri yerinə yetirir. Azərbaycan Prezidentinə xüsusi ehtiram göstərildi: Heydər Əliyev və onu müşayiət edən şəxslər Allah evi Kəbənin içərisini ziyarət etdilər və orada namaz qıldılar.

Sonra məscidin Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Din xadimlərinin müşayiəti ilə Azərbaycan Prezidenti və nümayəndə heyətimizin üzvləri bu iki müqəddəs təpə arasındakı bir kilometrlik məsafəni yeddi dəfə qət etdilər. Daha sonra Heydər Əliyev “Zəmzəm” çeşməsinə endi, müqəddəs su quyusuna baxdı. Azərbaycan nümayəndə heyətinin üzvləri İbrahim Peyğəmbərin şüşə örtük arxasında saxlanılan ayaq izlərinə maraqla tamaşa etdilər.

Ziyarəti islam dininin tələblərinə tam uyğun şəkildə həyata keçirib başa çatdıran Azərbaycan Prezidenti Heydər Əliyev Kəbənin önündə dayanaraq jurnalistlərlə (yeri gəlmişkən, Kəbədə foto və videoçəkiliş qadağandır, lakin Azərbaycan dövlətinin başçısına hörmət əlaməti olaraq AZƏRTAC-ın və respublika televiziyası əməkdaşlarının orada çəkiliş aparılmasına imkan yaradıldı) söhbətində bildirdi ki, illərlə ürəyimizdə gəzdirdiyimiz arzumuza çatmaq bizə nəsib oldu və buna görə özümüzü xoşbəxt hesab edirik. Müqəddəs dinimizə bundan sonra da sadiq olacağıq. Güman edirəm ki, başqa arzularımız da – müstəqil Azərbaycanın bəlalardan xilas olması, torpaqlarımızın işğaldan azad olması və müharibəyə son qoyulması barədə arzularımız da yerinə yetəcəkdir. Əgər Allah bu arzumuzu yerinə yetirməyə imkan veribsə, demək, o arzularımızın da yerinə yetməsinə kömək edəcəkdir.

Heydər Əliyev və onu müşayiət edən şəxslər Kəbədən zəngin təəssüratla ayrıldılar. Dünya memarlıq sənətinin ən nadir incilərindən biri olan bu məscidin hər qarışı həm müqəddəsliyi ilə, həm də sehrli, sirli aləmi ilə insan qəlbinə hakim kəsilir, onu mənən təmizləyir, saflaşdırır. Bu ziyarət bir daha sübut etdi ki, islam dini öz qüdrəti ilə, insanlara bəxş etdiyi bəşəri ideyalarla xoşbəxtlik, firavanlıq, sülh, əmin-amanlıq mənbəyidir.

Azərbaycan Prezidentinin Məkkə ziyarəti bir tərəfdən dinimizi dərindən öyrənmək, ona qəlbən bağlanmaq, sidq-ürəkdən inanmaq baxımından, digər tərəfdən İslam ölkələri ilə dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirmək istiqamətində mühüm addımdır.

İSLAM KONFRANSI TƏŞKİLATI İLƏ

ƏLAQƏLƏRİMİZ MÖHKƏMLƏNƏCƏK

Ciddə şəhəri də müsəlman dünyasının müqəddəs şəhərlərindən hesab olunur. “Ciddə” nənə deməkdir. Deyilənə görə, Həvva ana bu torpaqda dəfn olunduğu üçün həmin şəhərə Ciddə, yəni nənə şəhər adı verilib.

Müqəddəs Məkkəyə ziyarətdən sonra, iyulun 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Ciddədə onun üçün ayrılmış iqamətgahda İslam Konfransı Təşkilatı (İKT) baş katibinin əvəzi Osman Motarini qəbul etdi. Azərbaycan keçmiş SSRİ respublikaları arasında bu təşkilata üzv olan ilk dövlətlərdən biridir. Heydər Əliyev bildirdi ki, biz bu təşkilatın üzvü olmaqdan çox məmnunuq və onun işində daim fəal iştirak etməyə maraq göstəririk. Keçmiş İttifaqın tərkibində olan müsəlman dövlətlərinin, o cümlədən Azərbaycanın beynəlxalq yardıma çox böyük ehtiyacı vardır. Prezident dedi ki, bu görüşdə biz İslam Konfransı Təşkilatının işi barədə geniş məlumat almaq, onun tərkibində respublikamızın gələcəkdə hansı işlər görə biləcəyi barədə fikir mübadiləsi aparmaq istərdik.

Heydər Əliyev bildirdi ki, Azərbaycanın və Səudiyyə Ərəbistanının dövlət başçıları arasında ilk dəfə görüşlər keçiriləcək, danışıqlar aparılacaqdır. Sizin təşkilat bu ölkədə yerləşdiyi üçün hazırkı görüş də çox əhəmiyyətlidir.

Osman Motari Azərbaycan Prezidentini salamladı. Heydər Əliyevin vaxtı az olmasına baxmayaraq, onu qəbul etməsindən məmnun qaldığını bildirdi və məlumat verdi ki, İKT-nin baş katibi xaricə səfərdədir və Heydər Əliyevlə görüşə bilmədiyinə görə təəssüf hissi keçirdiyini Azərbaycan Prezidentinə çatdırmağı ondan xahiş etmişdir.

Baş katibin əvəzi təşkilatın yaranma tarixi, fəaliyyəti, məqsəd və vəzifələri barədə Azərbaycan dövləti başçısına məlumat verərək bildirdi ki, İKT İslam ölkələri arasında həmrəyliyə nail olmaq və iqtisadi, elmi, mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirib möhkəmləndirmək üçün geniş iş aparır.

Osman Motari Azərbaycanın İKT üzvü olmasından razılıqla söhbət açdı. Heydər Əliyevi Məkkə ziyarətinə görə təbrik etdi və dedi ki, İKT Azərbaycanın problemlərinin hərtərəfli öyrənilməsində və onların həllinə kömək göstərilməsində yaxından iştirak edəcəkdir.

İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin ildə bir dəfə iclası keçirilir, həmin ölkələrin siyasi, iqtisadi, mədəni sahələrdə problemləri müzakirə edilir, müvafiq qətnamələr qəbul olunur. Baş katibin əvəzi Azərbaycan Prezidentini əmin etdi ki, bu görüşdən sonra İKT Azərbaycanın problemlərinin həllinə diqqəti daha da artıracaqdır.

Heydər Əliyev baş katib əvəzinin verdiyi məlumatın onda böyük maraq doğurduğunu bildirərək qeyd etdi ki, İKT-nin üzvü kimi, Azərbaycan bu təşkilatın beynəlxalq aləmdə daha nüfuzlu və güclü olmasını istəyir və bu sahədə öz səylərini göstərəcəkdir. Azərbaycanla İKT arasında əlaqələr daha sürətlə inkişaf edəcək və respublikamız bu təşkilatın bütün imkanlarından istifadə edəcəkdir.

Heydər Əliyev dedi ki, yenicə müstəqillik qazanan hər bir ölkə müəyyən problemlərlə qarşılaşır və bu, Azərbaycana da aiddir. İndi ölkəmizdə vəziyyət ağırdır. Ona görə ki, Azərbaycan altı ildir müharibə şəraitində yaşayır. Təəssüf ki, bir sıra ölkələrin yaxından köməyi ilə Ermənistan bu müharibədə üstünlük qazanıb, Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal edib. Hazırda respublikamızda bir milyondan çox azərbaycanlı qaçqın vəziyyətində yaşayır.

Müharibənin davam etdiyini bildirən Heydər Əliyev qeyd etdi ki, son vaxtlar beynəlxalq təşkilatların - ATƏM-in, onun Minsk qrupunun iştirakı və Rusiyanın vasitəçilik səyləri ilə biz atəşin dayandırılmasına nail olmuşuq. Lakin bu, müvəqqəti xarakter daşıyır. Çünki Ermənistan Silahlı Qüvvələri istədikləri vaxt öz hücum əməliyyatlarını davam etdirə bilərlər.

Heydər Əliyev onu da bildirdi ki, ölkəmiz məsələnin sülh yolu ilə həll olunmasına, müharibəyə son qoyulmasına tərəfdardır və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün biz bütün beynəlxalq təşkilatların gücündən istifadə etməyə çalışırıq.

Azərbaycan dövlətinin rəhbəri daha sonra dedi ki, İslam Konfransı Təşkilatı dünyanın nüfuzlu təşkilatlarından biridir və sizin dediyiniz kimi o, İslam ölkələrinin bütün problemləri ilə yaxından məşğul olmağa çalışır. Şübhəsiz ki, hər bir İslam ölkəsinin özünəməxsus problemləri var və təşkilatınız bu problemlərin həllinə maraq göstərir. Ancaq İKT-nin üzvü olan ölkələrin arasında Azərbaycan qədər çətin vəziyyətdə olanı yoxdur. Azərbaycan İslam ölkəsidir, islam dini hazırda burada özünə layiq yer tutur. Ermənistan isə qeyri-islam ölkəsidir və dünyanın qeyri-islam olan böyük dövlətlərinin köməyi nəticəsində o, respublikamızı belə çətin bəlalara salıb. Ona görə də İslam Konfransı Təşkilatı Azərbaycana diqqəti artırmalı, ölkəmizin problemlərini həm təhlil etməli, həm də onların həllinə yaxından kömək göstərməlidir.

Heydər Əliyevin fikrincə, İKT-nin üzvü olan Azərbaycana həm bu təşkilat, həm də ümumən İslam ölkələri yaxından kömək göstərməli, respublikanın çətin vəziyyətdən çıxması üçün yollar axtarmalıdırlar.

Prezident bir daha qeyd etdi ki, Ermənistanın təcavüzü nəticəsində qaçqına çevrilən bir milyon adam və bu müharibədə şəhid olanlar müsəlmanlardır. İKT bunu nəzərə almalı və bu məsələyə ciddi diqqət yetirməlidir.

Azərbaycan Prezidenti daha sonra bildirdi ki, İKT-nin maddi və mənəvi yardımına ölkəmizin ehtiyacı vardır. Müharibəyə son qoyulması naminə sülh təşəbbüslərinə arxalanan Azərbaycan beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ATƏM-in imkanlarından istifadə etməyə çalışdığı bir vaxtda İslam Konfransı Təşkilatının imkanlarından da istifadə etməlidir və İKT də bu sahədə öz səylərini göstərməlidir.

Axırda Heydər Əliyev ümidvar olduğunu bildirdi ki, bu görüş Azərbaycandakı vəziyyət haqqında İKT-nin rəhbərliyində müəyyən təəssürat yaradacaq və bu təşkilatın Azərbaycanla əlaqələri gələcəkdə daha da genişlənəcəkdir.

SƏNAYE-TİCARƏT PALATASINDA

GÖRÜŞ

İyulun 10-da Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Ciddədəki Sənaye-Ticarət Palatasına gəldilər. Burada Azərbaycan dövləti başçısının palatanın prezidenti İsmayıl əl-Davud və digər rəsmi şəxslər mehribanlıqla qarşıladılar. İsmayıl əl-Davud Heydər Əliyev keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən bir müsəlman kimi onunla fəxr etdiyini bildirdi və qeyd etdi ki, o, Azərbaycan Prezidentinin fəaliyyətini diqqətlə izləyir və onu dünyanın görkəmli siyasətçilərindən biri hesab edir.

Səudiyyə Ərəbistanının işgüzar dairələri nümayəndələrinin iştirak etdiyi bu görüşdə Azərbaycan Prezidentinə Sənaye-Ticarət Palatasının fəaliyyəti haqqında ətraflı məlumat verildi. Daha sonra Heydər Əliyev çıxış etdi. O, salona toplaşanları salamladı və dedi:

- Mən bugünkü görüşü Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasında yaranan əlaqələrin ilk addımlarından biri hesab edirəm. Səudiyyə Ərəbistanı müqəddəs torpaqdır və burada dünya müsəlmanlarının ən böyük ziyarətgahları yerləşir. Çox xoşbəxtik ki, buraya gələn kimi müqəddəs Məkkəni, Kəbəni ziyarət etmək bizə nəsib oldu. Bunun üçün mən əvvəl, iki müqəddəs şəhərin xadiminə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu torpağa ayaq basdığımız vaxtdan bizi müşayiət edən dostumuz və qardaşımız həcc nazirinə də təşəkkürümü yetirirəm.

Heydər Əliyev dedi ki, biz sizin ölkəyə xoş niyyətlərlə gəlmişik. Azərbaycan öz müstəqilliyini əldə etmiş müsəlman ölkəsidir. Biz müsəlman ölkələri ilə sıx əlaqələr yaratmağa cəhd göstəririk. Səudiyyə Ərəbistanı dünyanın inkişaf etmiş bir ölkəsidir. Bu müqəddəs torpaqda yaşayan müsəlman qardaşlarımızın rifah halının yüksək səviyyədə olması bizi sevindirir.

Azərbaycan Prezidenti qeyd etdi ki, zəngin bir ölkə olan Səudiyyə Ərəbistanı yenicə müstəqillik qazanmış Azərbaycanın inkişafına qayğı ilə yanaşmalıdır. Bu baxımdan Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi, ticarət, mədəniyyət, elmi-texniki sahələrdə sıx əlaqələr yaranması böyük əhəmiyyət kəsb edir. Belə hesab edirəm ki, ölkənizin Sənaye-Ticarət Palatası bizim üçün çox əhəmiyyətli bir tərəfdaşdır.

Azərbaycanın keçmiş iqtisadi sistemdən imtina etməsindən söhbət açan Heydər Əliyev bildirdi ki, hazırda respublikamız bazar iqtisadiyyatı yolu ilə gedir. Xüsusi mülkiyyətə, iqtisadiyyatda təşəbbüskarlığa geniş yer verilməsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas prinsiplərdir. Keçid dövründə Azərbaycanın bir çox dünya ölkələrinin iş adamları ilə əməkdaşlıq etməsinə ciddi ehtiyac vardır.

İş adamlarının Azərbaycana qoyduğu investisiyalara zəmanət verilməsi barədə söhbət açan Heydər Əliyev dedi: Mən Azərbaycanın Prezidenti kimi, respublikamıza investisiya qoymaq istəyən, ölkəmizlə sıx əlaqələr yaratmaq niyyətində olan hər bir iş adamına, şirkətə zəmanət veriləcəyini bildirirəm. Dövlət başçısı dedi ki, hazırda Azərbaycanda daxili ictimai-siyasi vəziyyət tamamilə sabitdir, demokratiya şəraiti hökm sürür və mən Prezident kimi bu demokratiyanın təminatçısıyam.

Azərbaycan Prezidenti dedi ki, qonşularımızın əksəriyyəti ilə münasibətlərimiz normaldır. Lakin qonşu ölkələrdən biri – Ermənistan Respublikası Azərbaycana təcavüz edib, torpaqlarımızın bir qismini ələ keçirmək istəyir və dünyanın bir sıra böyük dövlətlərinin köməyindən istifadə edərək üstünlük qazanmışdır. İşğal olunmuş torpaqlarımızdan bir milyondan çox azərbaycanlı qaçqın düşərək çətin vəziyyətdə yaşayır. Azərbaycan belə çətin vəziyyətə dözə bilməz. Biz öz torpaqlarımızı bundan sonra da müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin edəcəyik. Biz İslam ölkələrinin köməyinə böyük ümid bəsləyirik.

Heydər Əliyev dedi ki, respublikamızı belə ağır vəziyyətdən çıxarmaq üçün Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirmək lazımdır. Doğrudur, müharibə bir çox ciddi problemlər yaradır, lakin o, dünya ölkələrinin iş adamları ilə əlaqələr qurulmasına heç vaxt maneçilik törədə bilməz.

Dövlət başçısı bildirdi ki, Azərbaycan dünyanın bir sıra ölkələrinin, o cümlədən ABŞ-ın, İngiltərənin və digər Qərb dövlətlərinin neft şirkətləri – “Amoko”, “Britiş Petroleum”, “Statoyl”, “Pennzoyl”, “Yunokal” ilə dəniz neft yataqlarının birgə istismarı barədə üç ildir ki, danışıqlar aparır. Güman edirəm ki, yaxın vaxtlarda bu danışıqlar müvəffəqiyyətlə başa çatacaq və biz böyük müqavilə bağlayacağıq.

Heydər Əliyev salona toplaşanların nəzərinə çatdırdı ki, əgər dünyanın bir sıra ölkələrinin böyük neft şirkətləri Azərbaycanla əməkdaşlığa can atırlarsa, biz bu əməkdaşlığa artıq başlamışıqsa, demək, onlar Azərbaycandakı sabitliyi, demokratiya şəraitini görür və buna inanırlar.

Heydər Əliyev daha sonra dedi:

- Azərbaycanın böyük yeraltı və yerüstü sərvətləri, nəhəng sənaye potensialı – zavodları, fabrikləri vardır. Ölkə iqtisadiyyatının bir hissəsini neft sənayesi təşkil edir. Respublikada neft və kimya sənayesi xeyli inkişaf edib. Metallurgiya yüngül sənaye və bir çox digər sahələrin də imkanları genişdir. Doğrudur, bütün bu sahələrin istehsal gücündən tam istifadə olunmur. Lakin respublikada əməkdaşlıq üçün geniş imkanlar var.

Mən istərdim siz biləsiniz ki, Azərbaycanın neft sənayesi sahəsində zəngin potensialı və təcrübəsi vardır. Onların bir hissəsindən birgə istifadə edilməsi üçün artıq danışıqlar aparılır. Lakin istifadə olunası digər yeni yataqlar da vardır. Kənd təsərrüfatı sahəsində də bizim imkanlarımız çoxdur. Mən bilirəm ki, siz burada, səhrada qumun içərisində müasir texnologiyadan istifadə edərək, yüksək məhsul alırsınız. Azərbaycanın torpağı və iqlimi kənd təsərrüfatı üçün buradan xeyli əlverişli və perspektivlidir.

Prezident sözünə davam edərək dedi: Həcc naziri mənə söyləyib ki, Azərbaycan islam dinini ilk qəbul edən ölkələrdən biridir. Əgər VII əsrdə siz islam dinini bizə gətirmisiniz və bizi xoşbəxt etmisinizsə, indi, XX əsrdə də bizdən ayrı ola bilməzsiniz.

Azərbaycan dövlətinin başçısı axırda dedi ki, siz həmişə müstəqillik şəraitində yaşamısınız və inkişaf etmiş bir ölkəsiniz. Biz isə uzun illər əsarət altında qalmışıq, müstəqilliyimizi, yenicə əldə etmişik. Əməkdaşlıq həmişə qarşılıqlı surətdə faydalı olur. Səudiyyə Ərəbistanı kimi bir ölkənin Azərbaycanla əməkdaşlığı onun üçün faydalı olmaqla yanaşı, burada respublikamız üçün müəyyən güzəştlər də ola bilər. Bu güzəştlər sizi qorxutmasın. Mən tam qarşılıqlı faydalı əməkdaşlıq təklif edirəm. Hamınızı əməkdaşlığa dəvət edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır.

ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRMƏYƏ

ÇAĞIRIŞ

İyulun 10-da Heydər Əliyev İslam Birliyi Təşkilatının (İBT) baş katibi Əhməd Məhəmməd Əlini qəbul etdi. Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına səfərindən əvvəl bu ölkəyə gəlmiş respublika Baş nazirinin müavini Elçin Əfəndiyev buradakı bir sıra nüfuzlu təşkilatların, o cümlədən İBT-nin rəhbərləri ilə görüşmüş və danışıqlar aparmışdır. Əhməd Məhəmməd Əli bu barədə Heydər Əliyevə məlumat verdi və təşkilatın fəaliyyətindən, islam aləmindəki nüfuzundan danışdı.

Azərbaycan Prezidenti İslam Birliyi Təşkilatının rəhbəri ilə görüşünü yüksək qiymətləndirərək bildirdi ki, Əhməd Məhəmməd Əlinin onunla görüşmək xahişinə dərhal müsbət cavab vermişdir. Heydər Əliyev dedi ki, o, İBT-nin öz üzərinə götürdüyü böyük və müqəddəs vəzifəni müvəffəqiyyətlə həyata keçirəcəyinə ümid bəsləyir. Prezident dedi: Bizə məlumdur ki, İBT çox böyük təşkilatdır və onun əhatə dairəsi genişdir, bütün müsəlman ölkələrini və islam aləmini əhatə edir, ictimai təşkilat olduğu üçün dövlət hüdudlarından da kənara çıxır. Bu da təşkilatınıza daha səmərəli faəliyyət göstərməyə imkan yaradır. Müstəqil Azərbaycan Respublikası islam aləminə daxil olan bir dövlətdir. Azərbaycanın hazırkı çətin problemlərinin həll olunmasına kömək üçün İslam Birliyi Təşkilatının çox böyük imkanları vardır. Mən bilirəm ki, siz bu sahədə müəyyən işlər görmüsünüz.

Daha sonra Prezident Ermənistanın Azərbaycana təcavüzündən geniş bəhs etdi, qaçqınların ağır vəziyyətindən söhbət açdı və dedi ki, bütün bunlar qeyri-müsəlman dövlətlərin Ermənistana köməyi nəticəsində olmuşdur. Heydər Əliyev bildirdi ki, Azərbaycanı indiki ağır vəziyyətdən çıxarmaq, ölkəmiz haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə, o cümlədən islam aləminə çatdırmaq üçün biz İBT-nin imkanlarından bundan sonra da istifadə etmək arzusundayıq. Doğrudur, sizin təşkilat müəyyən işlər görüb. Qarabağ faciəsi ilə əlaqədar kitab buraxmısınız, buna görə sizə təşəkkür edirəm. Ancaq mən bunları ilk addımlar kimi qiymətləndirirəm. Mənə elə gəlir ki, dünyanın bir yerində müsəlmanlar qırılırsa, onlara təcavüz edilirsə, Dünya İslam Birliyi gərək buna yol verməsin. Güman edirəm ki, bu görüşümüzdən sonra sizin təşkilat tərəfindən bir sıra əməli tədbirlər həyata keçiriləcəkdir.

Heydər Əliyev dedi: Belə hesab edirəm ki, sizin təşkilatın Azərbaycanla əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar vardır və mən sizi sıx əməkdaşlığa çağırıram. Təklif edirəm ki, sizin təşkilat tərəfindən Azərbaycana ölkəmizin indiki vəziyyətini təhlil edə bilən bir nümayəndə heyəti göndərilsin. Biz onların burada işləməsi üçün hər cür şərait yaradarıq. Həmin nümayəndə heyətinin gördüklərinin mətbuatda geniş əks olunması bizim üçün çox vacibdir. İstərdik ki, bu heyətdə həm qəzet, televiziya, radio jurnalistləri olsun, həm də bu səfər barədə kitab yazılsın.

İslam Birliyi Təşkilatı ilə Azərbaycanın əlaqələrinin perspektivlərindən bəhs edən Heydər Əliyev dedi: Mən istərdim ki, sizin təşkilatın Azərbaycanda nümayəndəliyi yardılsın. Çünki ölkəmizdə İBT ilə sıx əlaqələr üçün imkanlar var və əməkdaşlıq daha da genişləndirilməlidir. Mən təhsil və dini təlim sahəsindəki təkliflərinizi müsbət qiymətləndirirəm və belə hesab edirəm ki, sizin nümayəndəlik bu işlərlə məşğul ola bilər.

Axırda Heydər Əliyev diqqəti belə bir cəhətə cəlb etdi ki, ölkəmiz çətin vəziyyətdədir – müharibə gedir, qaçqınlar ciddi problemlərlə üzləşirlər. Ona görə də İslam Birliyi Təşkilatı Azərbaycana xüsusi diqqət yetirməlidir. Aydındır ki, siz bunları bilirsiniz, lakin bir daha yadınıza salıram və belə hesab edirəm ki, Azərbaycanda nümayəndəliyiniz olsa, o, bunu sizin yadınıza daha tez-tez salar.

Görüşün axırında Heydər Əliyev İslam Birliyi Təşkilatının baş katibini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

ÜMUMDÜNYA İSLAM XEYRİYYƏ

TƏŞKİLATININ RƏHBƏRİ İLƏ SÖHBƏT

Səudiyyə Ərəbistanı məlikinin nəzarəti altında işləyən Ümumdünya İslam Xeyriyyə Təşkilatı 90 ölkədə fəaliyyət göstərir. İki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudun göstərişi ilə bu təşkilat Azərbaycana iki təyyarə humanitar yardım göndərmişdir. Bu barədə iyulun 10-da Azərbaycan Prezidenti Ciddədə həmin təşkilatın rəhbəri Fərid əl-Qureyşini qəbul edərkən məlumat verildi. Heydər Əliyev bu ölkəyə gəlişini tarixi səfər adlandırdı. Azərbaycana göstərilən kömək üçün Səudiyyə Ərəbistanının məlikinə minnətdarlığının və təşəkkürünü bildirdi və ÜİXT-nin fəaliyyətini müsbət qiymətləndirdi.

Prezident razılıq hissi ilə qeyd etdi ki, Ümumdünya İslam Xeyriyyə Təşkilatı Azərbaycanda geniş iş aparır, azərbaycanlı qaçqınların Bərdədəki on minlik və Sumqayıtdakı üç minlik düşərgələrini himayəyə götürmüşdür. Dövlət başçısı dedi ki, respublikamızın indiki ağır dövründə bu, böyük köməkdir və buna görə sizin təşkilata da öz minnətdarlığımı bildirirəm.

Respublika Prezidenti ÜİXT-nin nümayəndəsi ilə Bakıdakı görüşlərindən söhbət açdı və dedi ki, bu təşkilatın Moskvadakı mərkəzinin Azərbaycana köçürülməsi işə daha çox fayda verərdi. Çünki Azərbaycan həm müsəlman ölkəsidir, həm də digər İslam ölkələri ilə sıx əlaqələr yaratmaq baxımından əlverişli coğrafi mövqeyə malikdir. Heydər Əliyev təklif etdi ki, təşkilatın Azərbaycanda nümayəndəliyi yaradılsın.

Dövlət başçısı təşkilatın 13 min qaçqını himayəyə götürməsindən bir daha razılıq edərək onu da bildirdi ki, bir milyon qaçqını olan Azərbaycan üçün bu, əslində o qədər də böyük rəqəm deyil. Daha sonra o, İranın respublikamızda 100 min qaçqını himayəyə götürdüyünü ÜİXT rəhbərinin nəzərinə çatdırdı. Heydər Əliyev dedi: Bir halda ki, sizin təşkilatın böyük imkanları var və biz də çətin vəziyyətdəyik, onda təkcə bir yol qalır: imkan varsa, gərək kömək edəsiniz. Bu, həm də İslamın prinsipidir.

Prezident bu təşkilatın Azərbaycanda aqrar proqramı həyata keçirməsi təklifini müsbət qarşıladı və bildirdi ki, ÜİXT ölkəmizdə xeyli faydalı işlər görə bilər. O dedi: Biz qaçqınlar üçün iş yerləri açılmasına xüsusi fikir veririk. Mənə elə gəlir ki, bu məsələləri birgə müzakirə etməyə ehtiyac vardır.

Fərid əl-Qureyşi aqrar proqramın həyata keçirilməsi məsələsindən geniş bəhs edərək bildirdi ki, bu barədə müvafiq layihə hazırlansa, təşkilatın mütəxəssisləri elə gələn həftə işə başlaya bilərlər. Prezident Baş nazirin birinci müavini Fuad Quliyevə və Nazirlər Kabinetinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsinin müdiri Hadı Rəcəbova bununla əlaqədar lazımi tapşırıqlar verdi. Belə bir fikir də söylənildi ki, ÜİXT respublkamızda əvvəlcə bir təsərrüfatı himayəyə götürsün və orada iş yerləri açılmasına kömək göstərsin. Təşkilatın Bakı şəhərində tikilmiş xəstəxananı avadanlıqla təmin etməsi, orada işləyənlərə əmək haqqı verməsi barədə də söhbət getdi və razılıq əldə olundu.

Görüşdə bir sıra sənaye obyektlərinin himayəyə götürülməsi məsələsi də müzakirə edildi. Təşkilatın rəhbəri ÜİXT-nin çətin vəziyyətdə olan adamlara kömək etməyə hazır olduğunu bildirdi. Fərid əl-Qureyşi Heydər Əliyevə söz verdi ki, təşkilatın Azərbaycandakı nümayəndəliyi yaxın günlərdə xüsusi status alacaq və onun fəaliyyətinin genişləndirilməsinə lazımi şərait yaradılacaqdır.

İSLAM İNKİŞAF BANKI AZƏRBAYCANA

KÖMƏK ETMƏYƏ HAZIRDIR

Azərbaycan İslam İnkişaf Bankının üzvüdür və onun işində yaxından iştirak edir. Bankın prezidenti Osman Sek Azərbaycan Prezidenti Heydər Əliyevlə Ciddədəki görüşündə bu barədə geniş söhbət açdı və bildirdi ki, bank öz imkanları daxilində Azərbaycana hərtərəfli kömək etməyə hazırdır. Osman Sek əlavə etdi ki, İslam İnkişaf Bankı (İİB) Azərbaycana yardımı artırmaq niyyətindədir. Görüş zamanı təlim, elm, texnika, kənd təsərrüfatı və həyatın digər sahələrində əməkdaşlıq imkanlarından söhbət açıldı.

İİB-in beynəlxalq aləmdəki nüfuzunu və bir çox İslam ölkələrindəki fəaliyyətini qeyd edən Heydər Əliyev dedi ki, yenicə müstəqillik əldə etmiş Azərbaycanın da bu bankın imkanlarından dolğun istifadə etməyə ehtiyacı vardır. Dövlət başçısı təəssüflə bildirdi ki, hələlik İslam İnkişaf Bankı ilə əməkdaşlığın Azərbaycanda nəticəsi görünmür. Halbuki keçmiş SSRİ-nin tərkibindən çıxaraq müstəqillik qazanmış Azərbaycan hazırda çox ciddi çətinliklərlə üzləşmişdir və ölkənin iqtisadiyyatı bütün yeni müstəqil dövlətlərdə olduğu kimi böhran içərisindədir.

Heydər Əliyev dedi: Doğrudur, iqtisadiyyatımızın gərgin vəziyyətdə olmasının əsas səbəbi Ermənistanın Azərbaycana təcavüzüdür. Belə bir şəraitdə Azərbaycan, islam aləminə daxil olan bir ölkə kimi bu bankın imkanlarından hərtərəfli istifadə etməlidir.

Dövlət başçısı iki il bundan əvvəl bankın Azərbaycanda bir sıra tikinti obyektlərində görəcəyi işlərdən söhbət açaraq təəssüflə bildirdi ki, hələ bu sahədə müsbət irəliləyiş yoxdur. Heydər Əliyevin fikrincə, ola bilsin ki, bu layihələrdə müəyyən nöqsanlar var və onlar İslam İnkişaf Bankının tələblərinə uyğun deyil. İndi biz gərək aydınlaşdıraq ki, bu layihələrdən hansı qəbul oluna bilər və onların üzərində iş aparılsın, lazım olmayanlar isə kənara qoyulsun. Bizim başqa, daha mühüm layihələrimiz də var.

Heydər Əliyev əvvəllər hazırlanmış bir sıra layihələri təhlil edərək bildirdi ki, əslində həmin obyektlərin bir çoxu kiçikdir və onlar Azərbaycan iqtisadiyyatının inkişafına təsir göstərə bilməz. Prezidentin fikrincə, İslam İnkişaf Bankı elə layihələrə kapital qoymalıdır ki, bu, həm Azərbaycana fayda gətirsin, həm də banka lazımi nüfuz qazandırsın.

Heydər Əliyev Ələt–Qazıməmməd yolunun çəkilişi, Samur–Abşeron kanalının və Mil–Muğan kollektor drenaj şəbəkəsinin tikintisi barədə layihələrə müsbət qiymət verdi və bu işə lazımi diqqət yetirilməsinin vacib olduğunu qeyd etdi. Azərbaycan Prezidenti Bakıda yeni hava limanında anqar tikintisi layihəsindən də danışaraq bildirdi ki, respublikanın hazırkı çətin vəziyyətində bu işlər dayandırılmışdır. Çünki həmin işlərin çatdırılmasına imkan yoxdur. Heydər Əliyev dedi ki, Bakıdakı yeni hava limanı beynəlxalq əhəmiyyətli obyektdir və onun istifadəyə verilməsi Yaxın Şərq, İslam ölkələri üçün olduqca faydalıdır. Prezident tikintisinə hələ 1980-ci ildə başlanmış Gəncə avtomobil zavodundan da söhbət açaraq qeyd etdi ki, orada inşaat işlərinin bir hissəsi başa çatsa da, respublikanın bu müəssisəyə avadanlıq almaq, yeni texnologiyalar gətirmək imkanları yoxdur. İslam İnkişaf Bankının bu işə köməyi çox zəruridir.

Dövlət başçısı Azərbaycanda tikilən onkoloji və göz xəstəlikləri mərkəzlərinin problemlərindən də bəhs edərək bildirdi ki, bu obyektlərdə də işlər yarımçıq qalmışdır, halbuki həmin mərkəzlərin istifadəyə verilməsi nəinki respublika üçün, həm də qardaş İslam ölkələri üçün olduqca lazımlıdır.

Prezident dedi ki, respublikada həyatın digər sahələrində də İslam İnkişaf Bankının köməyinə ciddi ehtiyac vardır. Bankın nümayəndələri Azərbaycana gəlsə, biz onların fəaliyyəti üçün lazımi şərait yaradar, kömək göstərər və daha faydalı layihələr verə bilərik.

Osman Sek Azərbaycan Prezidentinin təkliflərini, layihələr barədə fikirlərini böyük diqqətlə dinlədi və razılıqla qarşıladı. O bildirdi ki, İslam İnkişaf Bankı Beynəlxalq Bank, Asiya Bankı, ərəb fondları ilə sıx əməkdaşlıq hesabına çox böyük işlər görmək imkanına malikdir. Osman Sek bir daha qeyd etdi ki, İİB Azərbaycana hərtərəfli kömək üçün lazımi tədbirlər görəcəkdir.

İİB-in prezidenti bankın ölkəmizə nümayəndə heyəti göndərməsi barədə Heydər Əliyevin təklifini razılıqla qarşıladı və dedi ki, yaxın vaxtlarda Azərbaycana bir neçə belə heyət göndəriləcəkdir. Görüşün axırında Osman Sek Mil-Muğan kollektor drenaj şəbəkəsi barədə layihəyə imza atmağa hazır olduğunu bildirdi.

Görüşdə bankın Azərbaycanla əlaqələrinin perspektivləri barədə də fikir mübadiləsi aparıldı.

PREZİDENTİN ŞƏRƏFİNƏ ZİYAFƏT

İyulun 10-da axşam iki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səud Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi ziyafət verdi.

Ziyafətdən dərhal sonra iki ölkənin dövlət başçılarının rəhbərlik etdiyi nümayəndə heyətləri arasında danışıqlar keçirildi.

TƏKBƏTƏK GÖRÜŞ

İyulun 10-da gecə Azərbaycan Prezidenti Heydər Əliyevlə Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səud arasında təkbətək görüş keçirildi.

X X X
Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərdə respublika Baş nazirinin birinci müavini Fuad Quliyev, Baş nazirin müavini Elçin Əfəndiyev, xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Vahid Axundov, Qabil Hüseynli və digər rəsmi şəxslər iştirak edirdilər.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər