Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN DÖVLƏT RƏQS ANSAMBLININ 30 İLLİK YUBİLEYİ HAQQINDA ZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN S Ə R Ə N C A M I

        Qədim ənənələri olan Azərbaycan rəqslərinin öyrənilməsi və təbliğində, milli xoreoqrafiyanın inkişaf etdirilməsində Azərbaycan Dövlət Rəqs Ansamblının böyük xidmətləri vardır. Öz obrazlılığı, rəngarəngliyi və təbiiliyi ilə seçilən milli rəqs yaradıcılığı ansamblın 30 illik fəaliyyəti dövründə xeyli inkişaf etmiş, yeni çalarlarla zənginləşmişdir. Ansamblın repertuarında müasir Azərbaycan bəstəkarlarının musiqisi əsasında hazırlanmış rəqslər də xüsusi yer tutur. Yüksək sənətkarlığa malik olan böyük ifaçılar nəslinin yetişməsində Azərbaycan Dövlət Rəqs Ansamblının mühüm rolu olmuşdur.

        Azərbaycan rəqs yaradıcılığının ölkəmizin hüdudlarından uzaqlarda təbliğ olunmasında da ansamblın fəaliyyəti yüksək qiymətə layiqdir. Dünyanın bir çox ölkələrinin xalqları məhz onun ifası sayəsində Azərbaycan rəqs sənətinin ən gözəl nümunələri ilə tanış olmuşdur.

        Azərbaycan Dövlət Rəqs Ansamblının 30 illik yubileyinin ölkəmizin mədəni həyatında əhəmiyyətini və onun Azərbaycan xoreoqrafiyasının inkişafındakı xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Dövlət Rəqs Ansamblının 30 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəqs Ansamblının 30 illik yubileyi ilə bağlı tədbirlər hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 avqust 2001-ci il   

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin