RƏSMİ XRONİKA
AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİNİN DAHA DA İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN BÖYÜK İMKANLAR VAR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İRAN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 23-də Prezident sarayında İran İslam Respublikasının daxili işlər naziri Əbdülvahid Musəvi - Larinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi:
-Hörmətli cənab nazir!
Hörmətli səfir!
Hörmətli qonaqlar!
Azərbaycana xoş gəlmisiniz. Sizin bu səfərinizdən çox məmnunam. Düşünürəm ki, bu, İranın daxili işlər nazirinin Azərbaycana ilk səfəridir. Bunun özü yaxşı işarədir, Bu, onu göstərir ki, bizim əlaqələrimiz inkişaf edir və o dərəcəyə çatıb ki, hətta daxili işlər naziri də Azərbaycana gəlir.
Sizin burada apardığınız danışıqlar, keçirdiyiniz görüşlər haqqında mənə söylədilər. Milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov mənə ətraflı məlumatlar veriblər. Mən çox məmnunam ki, siz ölkələrimizi maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparmısınız və əməkdaşlığımızın inkişaf etməsi üçün lazımi işlər görmüsünüz. Bizim ölkələrimiz arasında bu sahələrdə çox böyük işlər görülməlidir. Təbii, sizin təcrübəniz böyükdür. Siz böyük ölkəsiniz. Bizdə də müəyyən təcrübə var. Bunları paylaşmaq, bölüşmək lazımdır və bunlardan istifadə etmək, müştərək işlər görmək lazımdır. Buyurun.
Prezident Heydər Əliyevə səmimi qəbula görə minnətdalıq edən İranın daxili işlər naziri ƏBDÜLVAHİD MUSƏVİ - LARİ dedi:
- Cənab Prezident, ürəkaçan sözlərinizə görə Sizə təşəkkürümüzü bildiririk.
Bizə burada, Prezident Aparatında görüş üçün yaratdığınız şəraitə görə Sizə təşəkkürümüzü bildiririk. Biz belə hesab edirik ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar vardır. Bizim tarixi köklərimiz, birgə mədəniyyətimiz, dini birliyimiz tələb edir ki, bu gün rəhbər işçilər, əlaqədar məsul şəxslər daha çox çalışsınlar vəəlaqələrimizin genişləndirilməsi üçün daha böyük işlər görülsün. Qardaş Azərbaycan Respublikası iləəlaqələrimizin genişləndirilməsi İranın xarici siyasətinin görüləcək işlərinin sərlöhfəsini təşkil edir.
İran İslam Respublikasının Prezidenti cənab Xatəminin hərarətli salamını Sizə çatdırmağı özümə borc bilirəm. Tehrandan yola düşməzdən əvvəl son saatları mən cənab Xatəminin yanında olmuşam. O, mənə tapşırdı ki, onun səmimi qardaş salamını Sizə çatdırım.
Cənab Prezident mənə tapşırdı Sizə çatdırım ki, yaxın gələcəkdə Sizi Tehranda qəbul etmək üçün bütün şərait hazırdır. Sözsüz ki, Sizin Tehrana səfəriniz münasibətlərimizdə yeni səhifə açacaq, dönüş mərhələsi olacaqdır. İnşaallah, yaxın gələcəkdə Sizin səfəriniz həyata keçirilər.
Cənab Prezident, hörmətli nazirlərlə keçirdiyimiz görüşlər, əldə etdiyimiz razılıqlar haqqında Sizə məlumat verməzdən əvvəl, icazə verin, mənimlə gəlmiş nümayəndə heyətinin üzvlərini Sizə təqdim edim.
Cənab Seyid Həmid Təhai Ərdəbil əyalətinin ostandarıdır. Əsədullah Kiyanersi İslam Şurası Məclisinin üzvüdür, İsfahandan seçilmiş millət vəkilidir və eyni zamanda parlamentdətəhlükəsizlik komissiyasının üzvüdür. Cənab Qəzaini Siz tanıyırsınız.
HEYDƏR ƏLİYEV: Bəli, tanıyıram.
ƏBDÜLVAHİD MUSƏVİ - LARİ: Cənab Qulamhüseyn Boləndian təhlükəsizlik və nizam-intizam məsələləri üzrə nazir müavinidir. Cənab Əlirza Biqdeli İran Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci idarəsinin rəisidir.
HEYDƏR ƏLİYEV: Onu da tanıyıram.
ƏBDÜLVAHİD MUSƏVİ - LARİ: Cənab Prezitdent, Sizə bir daha minnətdalığımı bildiriəm ki, görüşmək üçün bizəbelə fürsət yaratdınız.
HEYDƏR ƏLİYEV: Təşəkkür edirəm.
Hörmətli cənab Xatəminin mənə göndərdiyi salamlara görə, ona təşəkkürümü bildirirəm. Eyni zamanda mən öz tərəfimdən ona ən səmimi qardaşlıq salamımı göndərirəm. Xahiş edirəm, mənim salamlarımı, hörmət və ehtiramımı ona çatdırasınız.
Mənim İrana səfərim barəsində məsələlər artıq həll olunubdur. İmzalanacaq sənədlər artıq hazırlanıb, razılaşdırılıbdır. Mən çox böyük məmnuniyyətlə gözləyirəm ki, nə vaxt Tehranda olacağam.
Mən də hesab edirəm ki, bizim Tehrandakı görüşlərimiz, danışıqlarımız İran-Azərbaycan əlaqələrinin daha da sürətlə inkişaf etməsi üçün çox səmərəli olacaqdır. Beləliklə, hesab edirəm ki, indi bizim əlaqələrimiz artıq əvvəlkindən xeyli yaxşıdır. Amma ondan da yaxşı olmalıdır. Bizim sizinlə vəzifəmiz bunu etməkdir. Guman edirəm ki, indi bunun üçün böyük imkanlar vardır. Biz birgə işləməliyik. Sağ olun.
X X X
Qəbulda milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov, Sərhəd Qoşunları komandanı Elçin Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai və digər rəsmi şəxslər iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur