Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN 10 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YUBİLEY MƏRASİMİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Oktyabrın 11-də Respublika sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmişdir. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Ölkəmizin dövlət bayraqları ilə bəzədilmiş salonda Azərbaycan Prezidentinin ”Biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək, millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk” sözləri yazılmış transparant asılmışdı.

Sarayın səhnəsi respublikamızın dövlət bayrağı, Azərbaycan Milli Olimpiya Komitəsinin emblemi ilə bəzədilmişdi.

Aktyorların ifasında olimpiya oyunlarının vətəni olan Qədim Yunanıstana həsr edilmiş səhnəcik göstərildi, 2000-ci il Sidney Olimpiadasının təntənəli açılış mərasimindən kinokadrlar nümayiş etdirildi.

Yubiley mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un 10 illiyi haqqında məruzə etdi.

AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN MƏRUZƏSİ

-Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının on ili tamam olur. Müasir olimpiya hərəkatının və olimpiya oyunlarının tarixi ilə müqayisədə on il böyük müddət deyildir. Buna baxmayaraq, belə qısa müddətdə idmançılarımız olimpiya oyunlarında müstəqil Azərbaycanın idman şərəfini ləyaqətlə qorumuş, onun şan-şöhrətini artırmışlar. Eyni zamanda, Milli Olimpiya Komitəsi beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilmişdir.

Müasir dünyada idmançıların olimpiya oyunlarındakı nəticələri, olimpiya hərəkatında fəal iştirakı hər hansı ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur, eyni zamanda, həmin dövlətin dünya birliyində yeri, mədəni inkişaf səviyyəsi kimi də qiymətləndirilir. Bu göstərici ölkənin beynəlxalq nüfuzuna təsir göstərir, onun tanınmasında mühüm rol oynayır. Ona görə də hər bir dövlət öz idmançılarının olimpiya oyunlarındakı çıxışına böyük əhəmiyyət verir.

İdmançılarımızın olimpiya oyunlarında iştirakı 1952-ci ildən başlanmışdır. Bizim ilk olimpiya medalımız da elə həmin ildə qazanılmışdır. Bu, heç də Azərbaycanda idmanın inkişafının başlanğıc tarixi deyildir. Hamıya məlumdur ki, Azərbaycan qədim idman ənənəsi olan bir ölkədir. Tarixi mənbələrə əsaslanaraq, deyə bilərik ki, Azərbaycanda eramızdan əvvəl güləş, oxatma, qılıncoynatma, atçapma kimi idman növləri geniş yayılmışdı. Azərbaycanın qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarında bu barədə dönə-dönə danışılır. Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda məşhur olmuşdur. Ölkəmizdə qədim tarixə malik idman növlərindən biri də güləşdir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlər respublikada siyasi sabitlik yarada bilmədilər. Əksinə, onların səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə xaos, anarxiya, hərc-mərclik, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü. 1990-1993-cü illərdə idmanımız da başlı-başına buraxılmışdı. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü, onlardan təyinatı üzrə istifadə olunmurdu, idman avadanlığı dağıdılırdı. Yüksək idman ustalığına malik və perspektivli idmançılar, bacarıqlı idman mütəxəssisləri, məşqçilər ölkəni tərk etməyə başlamışdılar. İdman dövlət qayğısından kənarda qalmışdı. Azərbaycan Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı ilk dövrdə işini tələb olunan səviyyədə qura bilmədi.

Möhtərəm Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi. 1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq respublikada olimpiya hərəkatının vəziyyəti ilə tanış olmaq üçün Azərbaycana gəldilər. Respublika Prezidenti qonaqları qəbul etdi. Bu qəbulda Azərbaycanda olimpiya hərəkatının real vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu.

Təbii ki, Milli Olimpiya Komitəsinin fəaliyyəti respublikanın idman ictimaiyyətini, idmançıları qane etmirdi. Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş Baş Məclisində mövcud vəziyyət geniş müzakirə olundu və Baş Məclis Milli Olimpiya Komitəsinin yeni rəhbər orqanlarını seçdi.

Yeni heyət fəaliyyətinin ilk günlərində Azərbaycanda Olimpiya hərəkatının real vəziyyətini təhlil etdi, mövcud problemləri aşkara çıxardı, işə əngəl törədən amilləri müəyyənləşdirdi və onları aradan qaldırmaq üçün tədbirlər görməyə başladı. Bütün bunlar nə qədər çətin olsa da, qarşıya qoyulan vəzifələr yerinə yetirildi, Milli Olimpiya Komitəsinin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yaradıldı. Hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin adı beynəlxalq olimpiya ailəsində hörmətlə çəkilir, onun işi nümunə göstərilir. Bu, bir tərəfdən MOK-un ardıcıl, məqsədyönlü işindən irəli gəlirsə, digər tərəfdən, dövlətimizin olimpiya hərəkatına, idmana diqqət və qayğısının, idmançılarımızın beynəlxalq miqyasda uğurlarının nəticəsidir.

Ən böyük uğuru idmançılarımız Sidney Olimpiya Oyunlarında qazandılar. Zemfira Meftahəddinova stend atıcılığı, Namiq Abdullayev sərbəst güləş üzrə gərgin idman mübarizəsi şəraitində qızıl medal qazanıb olimpiya çempionu oldular. Gənc idmançımız Vüqar Ələkbərov isə boks yarışlarında bürünc medal əldə etdi. Bundan əlavə, daha səkkiz idmançımız fəxri diplomlarla təltif olundu. Rəsul Səlimov və Ruslan Xairov 5-ci, İslam Duquçiyev 6-cı, Elçin İsmayılov, Zülfiyyə Hüseynova, Natiq Eyvazov, Şamil Əfəndiyev 7-ci, Elxan Süleymanov 8-ci yerləri tutaraq, Azərbaycanın həqiqətən güclü idman ölkəsi olduğunu bir daha bütün dünyaya sübut etdilər.

Atlanta Olimpiya Oyunlarında müstəqil dövlət kimi ilk dəfə iştirakımız tarixə bir gümüş medal ilə yazılmışdısa, Sidneydə ikinci dəfə təmsil olunmağımız 2 qızıl və 1 bürünc medalla nəticələndi. Atlantada 198 ölkə arasında 61-ci olan Azərbaycan komandası, Sidneydə 199 ölkə arasında 34-cü yeri tutdu, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu, çox yüksək nəticədir. Təsadüfi deyil ki, Sidney oyunlarının bağlanış mərasimində olimpiya stadionunda Azərbaycanın qazandığı nailiyyət ayrıca vurğulandı. Beynəlxalq Olimpiya Komitəsinin o vaxtkı prezidenti Xuan Antonio Samaranç idmançılarımızın bu qələbəsi münasibətilə respublika Prezidentinə təbrik teleqramı göndərdi.

Azərbaycan idmançılarının Sidneydəki qələbələri hər birimizin qəlbində böyük sevinc və iftixar hissi oyatdı. Vətən öz olimpiyaçılarını böyük məhəbbətlə qarşıladı. Azərbaycan Prezidenti Heydər Əliyev olimpiyaçıları qəbul etdi və idmançılarımızın Sidneydəki çıxışlarını yüksək qiymətləndirdi. Olimpiya çempionlarımız Zemfira Meftahəddinova, Namiq Abdullayev, onların məşqçiləri Hafiz Cəfərov, Vahid Məmmədov, sərbəst güləş üzrə yığma komandanın məşqçisi Yaqub Məmmədov “Şöhrət” ordeni, Olimpiya oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov, onun məşqçisi Rəşid Məmmədov, boks üzrə yığma komandanın məşqçisi Rauf Cabbarov “Tərəqqi” medalı ilə təltif olundular. Bütün idmançılarımız mükafatlar aldılar.

Sidney oyunları zamanı Milli Olimpiya Komitəsinin rəhbərliyi bir sıra tədbirlərin təşkilatçısı oldu. Biz Sidneydə “Azərbaycan günü” keçirdik. “Azərbaycan günü”ndə qonaqlara ölkəmizin ictimai-siyasi vəziyyəti, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında ətraflı məlumat verildi. Tədbirdə iştirak edənlər ölkəmizin iqtisadi, ictimai, mədəni və idman həyatı ilə tanış oldular.

Milli Olimpiya Komitəsi həmişə mədəniyyətimizi, incəsənətimizi təbliğ etməyə çalışmışdır. Biz hələ 1997-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Oyunları uşaqların gözü ilə”, sonra “Olimpiya, incəsənət, idman – 2000” beynəlxalq müsabiqələrinə qoşulmuşduq.

Milli Olimpiya Komitəsi rəhbərliyinin Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Xuan Antonio Samarançla, Avropa Olimpiya Komitəsinin, 2001-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roqla keçirdiyi çoxsaylı görüşlərdə respublikada olimpiya hərəkatının, idmanın vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, beynəlxalq əlaqələrin gücləndirilməsi məsələlərinə diqqət yetirilmişdir.

Avropa Olimpiya Komitəsinin 2000-ci ilin noyabrında Varşavada keçirilən 29-cu Baş Assambleyasında cənab Jak Roq öz çıxışında olimpiya hərəkatında fəal mövqe tutan ölkələr sırasında Azərbaycanın da adını çəkdi. O, Azərbaycan idmançılarının Sidney oyunlarında qazandıqları böyük nailiyyətlərin respublikada olimpiya hərəkatına və idmana hərtərəfli qayğının nəticəsi olduğunu qeyd etdi. Jak Roq yeni olimpiya komplekslərinin tikintisi, idmançıların sosial problemlərinin həllinə qayğı və kütləvi idman sahəsindəki fəaliyyətimizi yüksək qiymətləndirdi. 2001-ci ilin aprelində Bakıda Avropa Olimpiya Komitəsinin iclası keçirildi. Avropa Olimpiya Komitəsinin üzvləri respublikamızda olimpiya hərəkatının inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış oldular. Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin Bakıdakı iclasında Jak Roqun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə namizədliyi irəli sürürdü.

Azərbaycan Milli Olimpiya Komitəsinin keçdiyi 10 ilə nəzər saldıqda, bu müddətin qısa olmasına baxmayaraq, onun iki mərhələyə bölündüyü açıq-aşkar hiss olunur: 1992-1997 və 1997-2002-ci illər. Bu mərhələlər zaman etibarilə bərabər olsa da, görülən işlər baxımından bir-birindən çox kəskin fərqlənir. Lakin onları müqayisə etmək, bu fərqin səbəbini araşdırmaq indi o qədər də vacib deyildir. Vacib olanı odur ki, son beş ildə əldə edilmiş uğurlarla kifayətlənməmək, onları daim artırmaq, Azərbaycanda idmanın, olimpiya hərəkatının mütəmadi inkişafına nail olmaq lazımdır. Milli Olimpiya Komitəsi son beş ildə öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurmuşdur.

İdmançıların, məşqçilərin, veteranların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Milli Olimpiya Komitəsi öz vəsaiti hesabına təqaüdlər təsis etmişdir və 1998-2002-ci illərdə 3 milyard manat məbləğində təqaüd vermişdir. Olimpiya təqaüdləri idmançıları daha çox məşq etməyə, qələbə uğrunda mübarizəyə həvəsləndirdi. 1998-ci ildən Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər sürətlə artmağa başladı. 1997-2001-ci illərdə Azərbaycan idmançıları 803 medal, o cümlədən 289 qızıl, 218 gümüş, 286 bürünc medal qazanmışlar.

Medalların sayındakı artım qeyri-olimpiya idman növlərində də özünü aşkar göstərir. Bunun səbəblərindən biri odur ki, Milli Olimpiya Komitəsi respublikada idmanın qeyri-olimpiya növlərinin inkişafına da yardım edir. Karate, bodibildinq, paurliftinq, uşu, kikboksinq, alpinizm, şahmat və bir çox başqa idman növlərindən atletlərin müxtəlif yarışlarda iştirakı təmin edilmiş, bu növlər üzrə federasiyaların işinə kömək göstərilmişdir. 1999-cu ildə Milli Olimpiya Komitəsi Azərbaycan alpinistini Everest zirvəsini fəth etmək üçün təşkil olunmuş beynəlxalq ekspedisiyanın tərkibinə daxil etdi. Ekspedisiyanın iştirakçıları Everest zirvəsinə Azərbaycan bayrağını sancdılar.

Milli Olimpiya Komitəsi 1998-ci ildə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ilk dəfə olaraq Yeniyetmələrin Respublika Oyunlarını keçirmişdir. Oyunların gedişi göstərdi ki, bu tədbirin ənənə şəklinə salınması məqsədəuyğundur. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə 2000-ci ildə Yeniyetmələrin II Respublika Oyunları təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyev hər iki tədbirin təntənəli açılış mərasimində iştirak etdi.

Ümumiyyətlə, Milli Olimpiya Komitəsi yeniyetmələr arasında istər ölkədaxili, istərsə də beynəlxalq yarışlara xüsusi diqqət verir. 1998-ci ildə Moskvada Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilən Yeniyetmələrin Ümumdünya Oyunlarında, 1999-cu ildə Danimarkanın Esbyörk şəhərində, 2001-ci ildə İspaniyanın Mursiya şəhərində Yeniyetmələrin Avropa Olimpiya festivalında, 2002-ci ildə Moskvada MDB ölkələri və Baltikyanı ölkələrin yeniyetmələrinin oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar.

Olimpiya Komitəsində elmi-metodiki sahədə də böyük iş aparılır. 1998-ci ildə Azərbaycanda Milli Olimpiya Akademiyası yaradılmışdır. Bu illər ərzində Olimpiya Akademiyası 3 beynəlxalq, bir sıra respublika konfransları keçirmişdir.

Milli Olimpiya Komitəsinin qarşısında duran mühüm məsələlərdən biri də onun fəaliyyətini işıqlandıran və əhali arasında olimpizmin təbliğinə xidmət edən mətbuat orqanını nəşr etdirmək olmuşdur. Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” jurnalının ilk nömrəsi 1998-ci ilin may ayında işıq üzü gördü. Qeyd etməliyəm ki, bu, respublikamızda nəşr olunan ilk idman jurnalı oldu. Artıq beşinci ildir ki, bu jurnal iki dildə - Azərbaycan və ingilis dillərində çap olunur. 1999-cu ildən başlayaraq, Milli Olimpiya Komitəsinin aylıq bülleteninin nəşrinə başlanmışdır.

2000-ci ildə “Azərbaycan 27-ci Olimpiya Oyunlarında” kitabını çap etdik, 2001-ci ildə “Olimpiya dünyası” qəzetinin çapına başladıq.

Yubiley ərəfəsində bizim yeni bir kitabımız çapdan çıxmışdır. 440 səhifəlik, nəfis tərtibatlı bu kitabda Milli Olimpiya Komitəsinin 10 illik fəaliyyəti, Azərbaycan Respublikası Prezidentinin olimpiya hərəkatındakı rolu, Azərbaycan idmanının tarixi, Azərbaycan idmanının ulduzları haqqında geniş məlumatlar verilmişdir.

Milli Olimpiya Komitəsinin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də Komitənin maddi-texniki bazasının yaradılması olmuşdur. Yaxşı nəticə göstərmək üçün yaxşı da şərait olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda Olimpiya Komitəsinin özünün idman kompleksləri və inzibati binası yox idi.

2000-ci ilin oktyabrında Bakıda Milli Olimpiya Komitəsinin tikdiyi Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycanın Prezidenti Heydər Əliyev, respublikamıza qonaq gəlmiş Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin Prezidenti Mario Peskante iştirak edirdilər. Jak Roq Milli Olimpiya Komitəsinin fəaliyyətindən məmnun olduğunu qeyd etmiş və demişdir: “Sizin fəaliyyətiniz keçmiş sovet məkanında yaradılmış bütün milli olimpiya komitələri üçün bir nümunədir. Avropada məndən bu məkanda olimpiya hərəkatının inkişafı barədə soruşanda, böyük məmnunluqla sizin ölkənizi misal göstərirəm”.

2001-ci ilin martında Bakıda Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılış mərasimi oldu.

Elə həmin ilin sonunda Bakının Maştağa qəsəbəsində daha bir böyük Olimpiya İdman Mərkəzinin tikintisi başa çatdırıldı.

Azərbaycanın daha iki şəhərində - Naxçıvanda və Gəncədə də yeni olimpiya kompleksləri tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bütün bu idman komplekslərinin açılış mərasimində iştirak etmişdir.

Ötən il Şəkidə və Bərdədə Milli Olimpiya Komitəsinin idman komplekslərinin təməli qoyulmuşdur. Artıq bu şəhərlərdə tikilən idman komplekslərində son tamamlama işləri gedir. Bu yaxınlarda Lənkəran və Quba şəhərlərində də idman komplekslərinin tikintisinə başlanmışdır. Eyni zamanda, Bakıda otüstü xokkey üçün stadion, çimərlik voleybolu üçün meydançalar, basketbol, taekvando, voleybol, qılıncoynatma və s. üçün xüsusi salonlar inşa edilir. Milli Olimpiya Komitəsi bu sahədəki işini yeni idman qurğularının tikilməsi ilə bitmiş hesab etmir. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə, Bakının ən iri idman obyektlərindən olan İdman Sarayı, İdman-Konsert Kompleksi, İdman Akademiyasının stadionu təmir olundu. Bütün bunlar idmançılar üçündür, gənclər üçündür, millətimizin gələcəyi üçündür.

Bizim arzumuz budur ki, Azərbaycanın hər bir guşəsində idmanla məşğul olmaq üçün lazımi şərait yaradılsın. Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyəyə qaldıra bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır. İdmana vəsait qoyulması, millətin gələcəyinə sərmayə qoyulması deməkdir.

Bütün bu görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsində Azərbaycanda, Bakıda iri beynəlxalq yarışların keçirilməsi mümkün olmuşdur. 1999-cu ildə kadetlər arasında boks üzrə Avropa çempionatı, 2001-ci ildə bodibildinq üzrə Avropa və yeniyetmələrin boks üzrə dünya çempionatları məhz ölkəmizin paytaxtında keçirildi. Elə həmin il sərbəst güləş və cüdo üzrə beynəlxalq turnirlər də keçirildi.

Müasir idman qurğularının tikintisi və bərpası Azərbaycanda idmanın komanda növlərində keçmiş ənənəni dirçəltməyə əsas yaratdı. Bakıda keçirilən final yarışlarında voleybolçu qızlarımız Avropa Top-komanda kubokunun sahibi oldular. Bu, çox böyük nəticə, komanda oyunlarında irəliyə atılmış ilk böyük addım oldu. Qeyd etməliyəm ki, voleybol üzrə Avropa Top-komanda Kuboku uğrunda yarışlar öz səviyyəsinə görə futbol üzrə UEFA kuboku uğrunda yarışlara bərabər tutulur.

 

2002-ci ilin mayında Bakıda həndbol komandaları arasında “Çağırış kuboku” turniri keçirildi. Bu yarışda da Azərbaycan həndbolçuları güclü rəqiblərinə qalib gələrək kuboka sahib oldular.

Sərbəst güləş üzrə 45-ci Avropa çempionatı da Azərbaycanda keçirildi. Bu çempionatda 25 ölkə iştirak edirdi. Güləşçilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazandılar.

2002-ci ilin iyununda Bakıda gənclər arasında şahmat üzrə Avropa çempionatı keçirilmişdir. Ölkəmiz şahmat ənənəsi ilə həmişə seçilmişdir. Dünya şahmat tacı bir vaxtlar Bakıdan aparılıb. İnanıram ki, onu yaxın gələcəkdə geri qaytaracayıq.

Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri, bu qələbələrin dövlət tərəfindən yüksək qiymətləndirilməsi, yeni olimpiya komplekslərinin tikilməsi, respublikamızda Avropa Olimpiya Komitəsinin tədbirlərinin, beynəlxalq səviyyəli yarışların keçirilməsi, olimpiya hərəkatının və idmanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılması ölkədə uşaqların və yeniyetmələrin idmana güclü axınına səbəb olmuşdur. Son 5 ildə Azərbaycan idmanı, doğrudan da, özünün dirçəliş dövrünü yaşayır.

Milli Olimpiya Komitəsi son 5 ildə qarşısında qoyulmuş vəzifələri ləyaqətlə yerinə yetirmiş, bu dövr üçün nəzərdə tutulmuş məqsədlərinə çatmışdır.

Biz Azərbaycan idmanının şərəfini ləyaqətlə doğurmağa, ölkənin şan-şöhrətini yüksəltməyə söz vermişdik. Biz bunu etdik. İndi idmançılarımız dünyanın ən mötəbər yarışlarında böyük qələbələr qazanırlar. Dünyanın müxtəlif ölkələrinin möhtəşəm idman saraylarında Azərbaycanın himni səsləndirilir, Azərbaycanın bayrağı qaldırılır.

Biz Azərbaycanı dünyanın idman mərkəzlərindən birinə çevirməyə söz vermişdik. Biz bunu etdik. İndi ölkəmizdə qitə və dünya çempionatları, beynəlxalq idman yarışları bir-birini əvəz etməkdədir.

Biz ölkəmizdə hər bir insanın idmanla məşğul olması üçün gözəl şərait yaratmağa söz vermişdik. Azərbaycanda neçə-neçə yeni idman kompleksi, qurğusu tikilib istifadəyə verilmişdir. Bu gün quruculuq işləri yüksək sürətlə davam etdirilir.

Biz Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsinə söz vermişdik. Biz bunu etdik. İndi ölkə yalnız güləş sahəsində deyil, atıçılıq, ağırlıqqaldırma, boks, cüdo, taekvando, voleybol, həndbol, otüstü xokkey, qılıncoynatma və başqa idman növlərindəki uğurları ilə seçilir.

İndi Azərbaycan Milli Olimpiya Komitəsinin adı hər yerdə yalnız hörmətlə çəkilir, təcrübəmiz örnək göstərilir. Bu gün biz Milli Olimpiya Komitəsinin 10 illik yubileyini başımız uca, qəlbimiz fərəhlə dolu, sabahımıza inamla qeyd edirik. Bizim yolumuz irəliyə və daim irəliyədir. Qarşıda bizi Afina Olimpiya Oyunları gözləyir. Əminəm ki, biz bu sınaqdan da uğurla çıxacağıq, doğma Azərbaycanımıza yeni-yeni qələbələr gətirəcəyik.

X X X

SƏRBƏST GÜLƏŞ ÜZRƏ OLİMPİYA ÇEMPİONU, ƏMƏKDAR İDMAN USTASI NAMİQ ABDULLAYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Bu gün ölkəmizdə bayram əhval-ruhiyyəsi duyulur. Ölkəmizin idman ictimaiyyəti üçün bu gün unudulmaz və yadda qalan bir gündür. Bu gün biz idmançılar üçün çox əlamətdar bir hadisə qeyd edilir. Bu təntənəli yubiley mərasimi ölkəmizin idman həyatında çoxşaxəli fəaliyyət göstərən, idmanımızın maddi-texniki bazasının möhkəmlənməsində əvəz edilməz işlər görən və Azərbaycanı beynəlxalq miqyasda tanıdan, idman sahəsində əlaqələri inkişaf etdirən, respublikamızın idman sahəsində mükafatlar kolleksiyasının zənginləşməsində özünəməxsus yer tutan Milli Olimpiya Komitəsinin 10 illiyinin tamam olması ilə bağlıdır.

Hörmətli cənab Prezident, Siz çox qısa vaxt ərzində ölkəmizdə idmanın problemlərini həll etdiniz, idmanımızın keçmiş şöhrətini qaytardınız. Azərbaycanın beynəlxalq olimpiya hərəkatının layiqli üzvünə çevrilməsi işini məhz Sizin səyləriniz sürətləndirmişdir. Azərbaycan idmanının inkişafı və təbliği naminə Sizin göstərdiyiniz diqqət və qayğı biz idmançıları ən çətin, ən məsuliyyətli yarışlarda qələbə qazanmağa ruhlandırmışdır.

Azərbaycanın olimpiya çempionları üçün Sizin təsis etdiyiniz xüsusi təqaüd bu diqqət və qayğının parlaq nümunəsidir. Bu təqaüdə layiq görülənlər sırasında mən də varam. Bizə göstərdiyiniz belə doğma münasibətə görə olimpiyaçılar adından Sizə dərin təşəkkürümü ifadə edirəm. Sizi əmin edirəm ki, biz idmançılar gərgin idman mübarizələrində və həyatda var qüvvəmizlə çalışaraq etimadınızı doğruldacağıq.

Möhtərəm Prezident!

Mən qeyd etmək istəyirəm ki, Sidney Olimpiyadasında əldə etdiyimiz uğurlar da Sizin adınızla bağlıdır. Sidney Olimpiyadasında milli komandamızın 199 ölkənin idmançıları arasında 34-cü yeri tutması, bir çox nəhəng dövlətləri geridə buraxması çox qısa zaman kəsiyində Vətənimizdə olimpiya hərəkatının necə tərəqqi etdiyini göstərən parlaq sübutdur. Şübhəsiz ki, olimpiya qabağı bizə yaradılan hər çür şərait, qarşıya çıxan problemlərin vaxtında həll edilməsi, hazırlığın xüsusi proqram əsasında həyata keçirilməsi, imkanlardan məqsədyönlü şəkildə istifadə edilməsi də əldə etdiyimiz bu müvəffəqiyyətlərdə az rol oynamamışdır.

Bizim qələbəmizdə məşqçilərin də xidməti çox böyükdür. Onların alın təri, bilik və bacarığı, idman növündə yaranan yenilikləri mənimsəmələri və bizə öyrətmələri, yarışlar zamanı ən çətin vəziyyətlərdən ləyaqətlə çıxmağımıza imkan verir.

Bu gün sevinirik ki, bizim və eləcə də məşqçilərimizin əməyi hədər getməmişdir. Çünki indi bizim arxamızda duran, bizə daim dəstək verən, problemlərimizi həll etməyə qadir olan bir qüvvə var. Cənab Prezident, bu yüvvə Sizsiniz, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevdir. Bütün bunlara görə, biz idmançılar Sizə minnətdarıq.

Möhtərəm Prezident, mən bildirmək istərdim ki, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra idmana olan qayğı daha da artmışdır. Bunu ölkəmizin idman ictimaiyyəti, idmana maraq göstərən hər kəs birmənalı şəkildə təsdiq edir. Cənab İlham Əliyev keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, Azərbaycanda idman sahəsində, olimpiya hərəkatının gücləndirilməsi üçün bütün ehtiyatları səfərbər edir. Bunların hamısı son nəticədə idmanımızın beynəlxalq miqyasda nüfuzunun artmasına səbəb olmuşdur. Məhz belə bir qayğının nəticəsidir ki, respublikamızın şəhər və rayonlarında yeni idman qurğularının tikilməsi, az qala, adi bir hala çevrilmişdir. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları uğurlar da ildən-ilə artmaqdadır. Bütün bunların nəticəsində respublikamızın əhalisi arasında, xüsusən də gənclərdə idmana maraq xeyli artmışdır.

Bu gün idman mövzusu, olimpiya hərəkatının tarixi, indisi və gələcəyi barədə söylənilən fikirlər, düşüncələr, televiziyada, radioda, qəzet və jurnallarda ən çox yer tutan və maraq doğuran mövzulardan biridir. Bu sevindirici haldır.

Möhtərəm Prezident, mən Milli Olimpiya Komitəsinin 10 illik yubileyi münasibətilə Sizi və MOK-un prezidenti cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan olimpiya hərəkatının inkişafında xidmətləri olan bütün idman xadimlərini, bizə daim dəstək verən idman ictimaiyyətimizi təbrik edirəm.

Biz bundan sonra da idman salonlarında gərgin idman mübarizələrində vətənimizə yeni medallar bəxş etmək üçün var qüvvəmizlə çalışacağıq.

Diqqətinizə görə sağ olun.

X X X

BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ

VİTALİ SMİRNOVUN ÇIXIŞI

- Azərbaycan Respublikasının hörmətli Prezidenti!

Hörmətli təntənəli mərasim iştirakçıları!

Beynəlxalq Olimpiya Komitəsini onun prezidentinin tapşırığı ilə burada təmsil etmək mənim üçün yüksək şərəfdir. Mən, ilk öncə, Prezident Roqun təbrikini oxumaq istərdim:

“Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə, doktor İlham Əliyevə.

Əziz cənab Əliyev! İlk növbədə, sizin Olimpiya Komitəsinin yaradılmasının 10-cu ildönümü münasibətilə səmimi təbrikimi ifadə etmək istərdim. İmtina edə bilmədiyim tədbirlərdə iştirakımla əlaqədar, təəssüf ki, bu təntənəli iclasa qatıla bilməyəcəyəm, lakin fürsətdən istifadə edərək, sizə hər cür uğurlar arzulayıram. Cənab prezident, icazə verin, bu imkandan istifadə edərək, Olimpiya Komitənizin yarandığı vaxtdan bəri gördüyü böyük işlərə görə sizi, habelə həmkarlarınızı təbrik edim. Sizə ən xoş arzularımı bildirirəm və gələcəkdə ən yaxşı uğurlar diləyirəm.

Səmimiyyətlə Sizin,

Jak Roq

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti”

Həmçinin, icazə verin, həmkarım, Olimpiya Komitəsi prezidentinin qeyd etdiyi kimi, çox qısa müddətdə görülmüş bütün işlərin, həqiqətən, olduqca böyük təəssürat bağışladığı barədə bir neçə kəlmə deyim. İlk öncə, uşaq səsləri, yeniyetmə, gənc idmançıların, gələcək çempionların səsləri bürüyən idman qurğularının tikintisinin çox geniş miqyas aldığını vurğulamaq istərdim. Bunlar təkcə Bakıda deyil, ölkənizin bir çox bölgələrində, bir çox rayonlarında da tikilir.

Onu da demək istərdim ki, Azərbaycan mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsində artıq böyük təcrübə toplamışdır. Həndbol, voleybol üzrə Avropa kubokları uğrunda yarışlar, yeniyetmə boksçuların Avropa çempionatı, nəhayət, bu il keçirilmiş güləş üzrə Avropa çempionatı həmin qəbildən olan tədbirlərdəndir. Bütün bunlar ümid bəsləməyə əsas verir ki, Azərbaycan nəinki Avropa səviyyəli, həm də dünya səviyyəli ən yüksək yarışları keçirməyə layiqdir. Nəhayət, bunu da deməyə bilmərəm ki, Azərbaycan idmançıları Olimpiya oyunlarında 4 dəfə müstəqil iştirak edərək, beynəlxalq olimpiya hərəkatının inkişafına sanballı töhfə vermişlər. Azərbaycan Sidneydə keçirilən axırıncı yay Olimpiya oyunlarında 2 qızıl və bir bürünc medal qazanaraq, habelə diploma layiq 8 yer tutaraq, çox qısa müddətdə dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilmişdir. Bu, həqiqətən, görkəmli nailiyyətdir.

Bu imkandan istifadə edərək, ölkənizin Prezidentinə müraciət etməyə bilmərəm. Hörmətli Heydər Əliyeviç, Beynəlxalq Olimpiya Komitəsi adından Sizə çox sağ olun deyirik. Zənnimcə, burada olanların hamısı mənimlə razıaşar ki, həddindən ziyadə məşğulluğunuza baxmayaraq, Siz şəxsən idmançılara, veteranlara, idman qurğularının tikintisinə, millətin və gənclərin sağlamlığına konkret qayğı göstərməyə vaxt tapırsınız.

Çox sağ olun, Sizə böyük uğurlar arzulayıram.

 

TÜRKİYƏ OLİMPİYA KOMİTƏSİNİN BAŞ KATİBİ, DÜNYA İDMAN JURNALİSTLƏRİ ASSOSİASİYASININ PREZİDENTİ TOQAY BOYATLININ ÇIXIŞI

-Hörmətli Cümhur Başkanım!

Dəyərli qonaqlar!

Belə möhtəşəm və hamımızı məmnun edən bir yubileyə dəvət olunduğuma görə Türkiyə Milli Olimpiya Komitəsi adından Azərbaycan Milli Olimpiya Komitəsinə və onun dəyərli pəhbəri İlham Əliyevə çox təşəkkür edirəm.

İdman dostluq, barış və qardaşlıq deməkdir. Qardaş ölkənin təmsilçisi olaraq mən Azərbaycan Milli Olimpiya Komitəsi yaranandan bu günə qədər onun fəaliyyətini çox yaxından izləmişəm. Bu on il çox qısa bir zamandır. Amma Azərbaycan Milli Olimpiya Komitəsinin gördüyü işlər məncə 50 ildə görülən işlərə bərabərdir.

Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan idmanı Avropada Böyük nüfuz qazanmışdır. Bu, çox önəmli bir hadisədir. Bu Azərbaycan Milli Olimpiya Komitəsi və onun rəhbərliyinin gərgin əməyi sayəsində mümkün olmuşdur. İndi Dünya İdman Yazarları Birliyində də Azərbaycan idmanını Avropanın ən son səviyyəsi kimi dəyərləndirirlər. Mən bütün bunlara görə Milli Olimpiya Komitəsinin hörmətli prezidentini və digər rəhbərlərini təbrik edirəm.

Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq son beş-on il içində ən çox Azərbaycanı ziyarət etmiş, bu ölkəyə gəlmişdir. Bu dostum, qardaşım İlham Əliyevin diplomatik qabiliyyəti, şəxsiyəti, kişiliyi və həmkarlarına, idmana ürəkdən bağlılığı sayəsində mümkün olmuşdur.

Mən Bakıya beşinci dəfədir gəlirəm. İlk gəlişim 1985-ci ildə olmuşdu. O zaman Tofiq Bəhramovla bərabər olmağımın məmnunluğunu və şərəfini yaşadım. Mən o vaxtdan bəri Azərbaycan idmanını izləyirəm. Azərbaycanın Milli Olimpiya Komitəsi Dünya İdman Yazarları Birliyinə bağlı olaraq çalışan Azərbaycanın idman yazarlarına da böyük qayğı göstərir. Bu yaxınlarda Kanadada konqres keçiriləcək və Azərbaycan Milli Olimpiya Komitəsinin yardımı ilə bizim Azərbaycanlı həmkarlarımız Kanadaya gedə biləcəklər. Mən inanıram ki, hörmətli İlham Əliyevin diqqəti və qayğısı, köməyi sayəsində Azərbaycan idmançıları daha böyük uğular qazanacaqlar.

Qarşıda görüləcək çox işlər var. Sizin kimi insanlar burada toplanırsa, idmana bu qədər böyük maraq göstərilirsə, demək, İlham Əliyevin söylədiyi kimi, siz daha böyük nailiyyətlər əldə edəcəksiniz. Sizin hamınıza təşəkkür edirəm. Burada iştirak etdiyinizə, idmanı sevdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Gördüyünüz bu plaketi Türkiyə Milli Olimpiya Komitəsi adından Azərbaycan Milli Olimpiya Komitəsinə, onun prezidenti hörmətli İlham Əliyevə hədiyyə edirəm. Təşəkkür edirəm.

X X X

AZƏRBAYCANIN ƏMƏKDAR ARTİSTİ, İDMAN USTASI, PREZİDENT TƏQAÜDÇÜSÜ ZÜLEYXA HACIYEVANIN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Milli Olimpiya Komitəsinin 10 illik yubileyi idman veteranlarımız üçün əziz bayramdır, onları daha çox sevindirir. Çünki biz 1952-ci ildən başlayaraq, o mötəbər yarışların canlı şahidləriyik, olimpiyaçılarımızı bu yarışlara hazırlayanlarıq. On illik yubileyi keçirmək üçün bizə şərait yaradan dövlət müstəqilliyimizdir, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin bizə bəxş etdiyi sabitlikdir.

Artıq on ildir ki, Azərbaycanın dövlət bayrağı dünyanın ən mötəbər təşkilatlarından biri sayılan Beynəlxalq Olimpiya Komitəsinin iqamətgahı qarşısında dalğalanır. BOK-un başqa üzvlər kimi Azərbaycan da dünya ölkələrini sülhə, əmin-amanlığa, demokratiyaya, bərabərliyə çağırır. Dünyanın bütün xalqlarını öz qüvvə və bacarıqlarını ancaq və ancaq idman meydançalarında nümayiş etdirməyə səsləyir.

Azərbaycan idmançılarının 50 illik Olimpiya tarixinə nəzər salsaq, bir çox məqamlar əyani şəkildə meydana çıxır. Keçmiş SSRİ dövründə Azərbaycanda idman hərəkatını yalnız məyusluq mənbəyi kimi qəbul etmək ədalətsizlik olardı. İlk əvvəl, qeyd etməliyəm ki, Azərbaycan bütün Olimpiadalardan medallarla qayıtmışdır. İdmançılarımız bu günədək Olimpiya oyunlarından vətənimizə 14 qızıl, 12 gümüş və 9 bürünc medal gətirmişlər.

Azərbaycan idmanının korifeyləri Rəşid Məmmədbəyovun, Yuri Konovalovun, İnna Rıskalin, Rəfiqə Şabanovanın, Lyudmila Şubinanın, İqor Ponomaryovun, İlqar Məmmədovun, Nazim Hüseynovun, Valeri Belenkinin, Namiq Abdullayevin, Zemfira Meftahəddinovanın nailiyyətləri olimpiya tariximizin zənginləşməsində böyük rol oynamışdır.

Möhtərəm Prezident, biz Sizin ölkəmizə 33 illik rəhbərlik dövrünüzün iştirakçılarıyıq. Mübaliqəsiz və faktlarla deyirik ki, Sizin dövrdə o möhtəşəm idman qurğuları tikilməsəydi, olimpiyaçılarımızın təlim-məşqi üçün şərait olmazdı. Sözsüz ki, bu dövrdə əldə edilən nailiyyətlər də olmazdı. Siz daim Azərbaycan idmanının tarixini yazanlara böyük hörmət və qayğı ilə yanaşmısınız. Mən bu qayğını həmişə öz üzərimdə hiss eləmişəm və Sizin tərəfinizdən veteranlar üçün təsis olunmuş təqaüdlə təmin olunmuşam. Veteran idmançılara fərdi təqaüd verilməsi haqqında Sizin dünənki Fərmanınız idman ictimaiyyəti arasında rəğbətlə qarşılanmışdır. Mən bu qayğınıza görə Sizə bütün veteran idmançılar adından dərin minnətdarlığımı bildirirəm.

Mən qeyd etmək istəyirəm ki, cənab İlham Əliyevin Olimpiya hərəkatına gəlişi respublikamızın bütün idman təşkilatlarında dönüş yaratmışdır. Bu sahədə hərc-mərcliyə son qoyulmuşdur. İdman federasiyalarının, cəmiyyətlərin, klubların iş prinsipi təkminləşmiş, işin keyfiyyəti yüksəlmiş və möhkəm bir ailə yaranmışdır.

Mən burada səslənən fikirlərə əlavə etmək istərdim ki, Milli Olimpiya Komitəsinin son dövrlərdəki fəaliyyəti təkcə idmanı, olimpiya hərəkatını yüksəltməklə məhdudlaşmır. Cənab İlham Əliyevin iş üslubunda veteran idmançılara daim diqqətlə yanaşmaq, onların bilik və təcrübələrindən səmərəli istifadə etmək, veteranların yubiley mərasimlərini təşkil etmək və təntənəli surətdə keçirmək önəmli yer tutur. Hazırki dövrümüzdə bir çox veteranlarımızın əldə etdikləri nailiyyətlərə görə Milli Olimpiya Komitəsinin təqaüdləri ilə təmin olunması bu qayğının bariz nümunəsidir.

Əgər dünəni unutsaq, bu günlə yaşamasaq, gələcəkdə heç bir şey əldə edə bilmərik. Mən bütün veteran idmançılar adından idmanımızın sabahı olan Milli Olimpiya Komitəsini 10 illik yubileyi münasibətilə təbrik edir, bu təşkilata, şəxsən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə yeni-yeni uğurlar arzulayıram.

X X X

GÜRCÜSTAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ GEORGİ TOPADZENİN ÇIXIŞI

- Azərbaycan Respublikasının çox hörmətli Prezidenti!

Azərbaycan Olimpiya Komitəsinin hörmətli üzvləri!

Xanımlar və cənablar!

Azərbaycan Olimpiya Komittəsinin yaradılmasının 10 illik yubileyi münasibətilə sizi Gürcüstan Olimpiya Komitəsi, Gürcüstanın bütün nəsillərdən olan olimpiyaçıları, bütün idman işçiləri adından təbrik etməkdən şərəf duyuram. MOK-ların yaradılması və fəaliyyəti ölkələrin milli suverenliyinin və müstəqilliyinin mühüm tərkib hissəsidir. Digər tərəfdən, onlar idmançıların istedadını beynəlxalq meydanda tam dolğunluğu ilə nümayiş etdirməyə, öz xalqı üçün, öz ölkəsi üçün medallar qazanmağa imkan verir. Mənə elə gəlir ki, Azərbaycan idmançıları bu imkanı sonuncu Olimpiya oyunlarında gözəl nümayiş etdirdilər. Kiçik bir ölkə üçün iki qızıl olimpiya medalı idmanda çox böyük nailiyyətdir. Mən bu fikirdəyəm ki, Azərbaycanda idmanın belə coşğun inkişafını nəzərə alaraq, biz yaxın gələcəkdə Azərbaycan atletlərini bütün mötəbər beynəlxalq yarışlarda fəxri kürsünün yüksək pilləsində görəcəyik.

On il tarix üçün bəlkə də qısa müddətdir, amma idmanda bütöv bir dövrdür. Zənnimizcə, Azərbaycanın bu 10 illik təcrübəsini, eləcə də Azərbaycan hökumətinin, onun Milli Olimpiya Komitəsinin ölkədə idmanın və bədən tərbiyəsinin səviyyəsini necə şövqlə yüksəyə qaldırmasını biz hamımız - qonşu ölkələr - öyrənməliyik. Bu, Azərbaycan Respublikasının yaxın gələcəkdə ən sağlam, ən güclü, idmanın çox inkişaf etdiyi ölkə

olacağının rəhnidir.

Biz Azərbaycan Milli Olimpiya Komitəsinin, xüsusən tanınmış siyasi xadim, məşhur idman xeyriyyəçisi və xadimi cənab İlham Əliyev ona başçılıq etməyə başlayandan sonra bu işə necə sanballı töhfə verdiyini bilirik. Hamımıza yaxşı məlumdur ki, Azərbaycanın dövlət idmanı idarəetmə orqanı ilə MOK arasında çox sıx, səmimi, Qafqaza xas qarşılıqlı münasibətlər yaranmışdır və bu, idmanın, turizmin və gənclərin inkişafı kimi çox mühüm işə olduqca səmərəli rəhbərlik etməyə imkan verir. Biz fəxr edirik ki, Azərbaycanın və Gürcüstanın MOK-ları, digər idman orqanları və strukturları, məşqçiləri və idmançıları, idman rəhbərləri arasında əsl dostluq münasibətləri yaranmışdır. Bu əlaqələr bizim üçün əzizdir və biz onları bundan sonra da hərtərəfli şəkildə möhkəmlədəcək və dərinləşdirəcəyik. Bizi xalqlarımızın çoxəsrlik qardaşcasına dostluğu, ölkələrimizin bizə çox yaxşı örnək göstərən rəhbərlərinin nümunəvi, əsl dostluğu və qarşılıqlı münasibətləri birləşdirir.

Azərbaycanın Milli Olimpiya Komitəsini yubileyi münasibətilə bir daha təbrik etmək, Azərbaycan idmançılarına böyük uğurlar arzulamaq istəyirəm. Dediyim kimi, Azərbaycan idmançılarını fəxri kürsünün yüksək pilləsində görəndə, sizə yaxşı mənada həsəd aparacağıq.

Mənə Gürcüstan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsi adından yüksək idman ordenini – Gürcüstanda bu yaxınlarda təsis olunmuş “Olimpizm”ordenini cənab İlham Əliyevə təqdim etmək kimi böyük şərəf nəsib olmuşdur. Onu da deyim ki, bu, xarici idman xadiminin həmin ordenlə təltif olunduğu birinci haldır.

RUSİYA OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ, DÖVLƏT DUMASININ DEPUTATI VALERİ KUZİNİN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Azərbaycan olimpiya hərəkatının hörmətli nümayəndələri!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mənə bu gün əlamətdar hadisə - Azərbaycan Olimpiya Komitəsinin 10 illiyi münasibətilə sizi təbrik etmək şərəfi nəsib olmuşdur. Demək istərdim ki, dünyada idmanın uğurla inkişaf etdiyi bir sıra ölkələr var, bu da ancaq onun sayəsində baş verir ki, dövlət idmanın inkişafına böyük diqqət yetirir. Hamımızın xoşbəxtliyindən Azərbaycan da və sözsüz ki, Rusiya da bu ölkələr sırasındadır. İdmanı belə sevdiyinə görə, böyüməkdə olan nəslin qayğısına qaldığına görə Prezident cənab Heydər Əliyevə Rusiya idmançıları adından, Dövlət Duması adından minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çox sağ olun.

Mən bunu da demək istərdim ki, əgər sizin Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmanın inkişafına daimi qayğısı olmasaydı, yəqin ki, biz bu gün ölkənizdə idman qurğularının inşa edilməsi, idman kadrları, məşqçiləri, bədən tərbiyəsi müəllimləri hazırlığının davam etdirilməsi, Olimpiya Akademiyasının fəaliyyət göstərməsi, idmancılarınızın olimpiya çempionları olması barədə deyilənləri eşitməz və fəxrlə dəfələrlə təkrar etməzdik. Zənnimcə, bu, ən əsas nailiyyətdir. Burada deyildiyi kimi, ən başlıcası odur ki, dövlət də, Azərbaycan Olimpiya Komitəsi də gənc nəslin sağlamlığını, millətin sağlamlığını, uşaqlarınızın sağlamlığını özünün əsas vəzifələrindən biri hesab edir. Onu da deyim ki, ölkəmizdə belə bir ənənə mövcuddur: sən bir yana gedəndə yağış yağırsa, hava pisdirsə, deməli, sənin getməyindən təbiət kədərlənir. Bu gün səhər Moskvadan yola düşəndə güclü yağış yağırdı. Buraya gələndə isə gözəl günəşli hava gördüm. Mən istəyirəm ki, Azərbaycan Olimpiya Komitəsinin başı üzərində həmişə günəş parlasın və evinizdə həmişə əmin-amanlıq olsun.

Xalqlarımız arasında əsrlərlə mövcud olan dostluq əlaqələrini qoruyub saxladığınıza görə, idmançılarımız arasında dostluğu qoruyub saxladığınıza görə Rusiya Olimpiya Komitəsi adından, Rusiyanın bütün idmançıları adından sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

İcazə verin, Rusiya Olimpiya Komitəsi adından xüsusi olaraq sizin yubileyiniz üçün hazırlanmış vazanı hədiyyə edim. Onu da deyim ki, mənə olimpiya hərəkatının inkişafında xidmətlərinə görə cənab İlham Əliyevi Rusiya nişanı ilə təltif etmək kimi daha bir şərəfli missiya nəsib olmuşdur.

STEND ATICILIĞI ÜZRƏ YIĞMA KOMANDANIN BAŞ MƏŞQÇİSİ, AZƏRBAYCANIN ƏMƏKDAR MƏŞQÇİSİ HAFİZ CƏFƏROVUN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Bu gün biz ölkəmizin həyatında çox önəmli yer tutan tarixi hadisənin təntənəli yubiley mərasiminə toplaşmışıq. Azərbaycanda idmanın tarixi böyükdür. Azərbaycan bir çox idman növlərinin inkişafında müstəsna rol oynamışdır. Bizim öz milli idman növlərimiz yaranıb, böyük tarixi inkişaf yolu keçib və bu günümüzə gəlib çatıbdır. Azərbaycanın olimpiya hərəkatına qoşulması isə XX əsrin ortalarında baş vermişdir.

Hörmətli cənab Prezident!

“Azərbaycan idmançılarının olimpiya oyunlarında ilk dəfə iştirak etməsinin 50 illik və Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 10 illik yubileyinin keçirilməsi haqqında” verdiyiniz Sərəncam respublikamızın bütün idman ictimaiyyəti, idmansevərlər üçün böyük töhfə idi.

Cənab Prezident, respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və fundamental uğurlar Sizin adınızla bağlıdır, Sizin dövrünüzə təsadüf edir. İdman və gənclər sahəsində işi sistemli şəkildə təşkil etmək, böyüməkdə olan gənc nəsil arasında idmanın kütləviliyini təmin etmək üçün Sizin təşəbbüsünüzlə müvafiq icra orqanı yaradılmış, müstəqil Azərbaycan dövləti bədən tərbiyəsi və idmana sahib çıxdığını rəsmən bəyan etmiş, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirmişdir.

Azərbaycan Milli Olimpiya Komitəsi də məhz Sizin hakimiyyətə qayıdışınızdan sonra dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Sidney Olimpiya oyunlarından sonra Sizinlə keçirilən görüşdə ölkəmizdə atıcılıq stendinin yaradılması haqqında təklifimizi müsbət qarşılamışdınız. İndi həmin stendin qurulması başa çatmaq üzrədir. Belə diqqət və qayğıya görə Sizə öz təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, bu gözəl idman qurğusunda gələcəyin neçə-neçə dünya və olimpiya çempionlarını yetişdirəcəyik.

Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar!

10 illik yubileyini qeyd etdiyimiz Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılmışdır. O vaxtdan bu günə qədər olan müddəti iki dövrə bölsək, yəqin ki, yanılmarıq. Azərbaycan idmanının bu illərdəki inkişaf xəttini və qazandığımız nailiyyətləri nəzərə alsaq görərik ki, Milli Olimpiya Komitəsinin fəaliyyətində bir-birindən çox fərqli olan iki dövr var: 1992-1997-ci illər və 1997-ci ildən bu günə qədər olan dövr. Bəs, bu mərhələlər bir-birindən hansı xüsusiyyətlərinə görə, hansı cəhətləri ilə fərqlənirlər? Bu suallara cavab vermək o qədər də çətin deyildir. Bunu bu gün ölkəmizin idman həyatında, olimpiya hərəkatında baş verən fövqəladə və köklü dəyişikliklər, böyük inkişaf yolu açıqlayır.

Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə olimpiya hərəkatının inkişafına mane olan səbəbləri təhlil etməklə, Azərbaycan idmanının çoxlarının görə bilmədiyi potensialını üzə çıxarmışdır. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində özünü istedadlı və iradəli təşkilatçı, bacarıqlı rəhbər kimi təsdiqlədi. İndi olimpiya hərəkatı bütün dünyada böyük uğur qazanmışdır. Bu hərəkat dünyada baş verən siyasi proseslərə, ictimai-siyasi mühitə təsir edir. İnsanlar arasında dostluğun, qardaşlığın bərqərar olunmasında əvəzsiz rol oynayır. Ölkəmizdə də olimpiya hərəkatının inkişafı və təbliği sahəsində böyük işlər görülmüş, idmana hərtərəfli dövlət qayğısı göstərilmişdir. Bu, bilavasitə cənab İlham Əliyevin adı ilə bağlıdır. Onun zəhmətinin, gərgin fəaliyyətinin nəticəsidir.

Sözsüz ki, biz məşqçilər də, hazırladığımız idmançılar da respublikamızda geniş vüsət alan bu hərəkata öz payımızı vermək üçün çalışmış, dövlətmizin, cənab İlham Əliyevin bizə bəslədiyi ümidləri və etimadı doğrultmaq üçün səy göstərmişik. Hesab edirəm ki, idmançılarımız məhz Sidney Olimpiadasında onlara bəslənilən ümidləri doğruldaraq, yüksək nailiyyətlər qazanmış, respublikamızda olimpiya hərəkatının inkişaf etməkdə olduğunu nümayiş etdirmişlər. Yetirməm Zemfira Meftahəddinovanın əldə etdiyi qızıl medal Azərbaycanın olimpiya tarixinə unudulmaz hədiyyədir.

Qarşıdan Afina Olimpiadası gəlir. İnanıram ki, Azərbaycan bayrağı Afinada da ucalacaq, dövlət himnimiz səslənəcək, biz Vətənimizə qələbələrlə dönəcəyik.

Möhtərəm cənab Prezident!

Hörmətli İlham Əliyev!

Azərbaycan Milli Olimpiya Komitəsi yaradılmasının 10 illik yubileyi münasibətilə Sizi və Sizin şəxsinizdə bütün idmansevərləri ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan idmanının qarşısında açılmış üfüqlər neçə-neçə gənç və yeniyetmə idmançıların püxtələşməsində əhəmiyyətli rol oynayacaq, onlar gələcəkdə idmanımıza əbədi şöhrət qazandıracaqlar.

Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

X X X

AVROPA OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ ALEKSANDR KOZLOVSKİNİN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının hörmətli ali rəhbərləri!

Azərbaycan Olimpiya Komitəsinin hörmətli cənab Prezidenti!

Əziz həmkarlar!

Hörmətli xanımlar və cənablar!

Bu əlamətdar gün münasibətilə sizi Avropa Olimpiya Komitələri adından salamlamaq Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri üçün - mən və Toqay Bayatlı üçün xüsusi şərəfdir. Prezident İlham Əliyevin məruzəsində Olimpiya Komitəsinin nailiyyətləri barədə çox gözəl danışıldı. Bütün bu uğurlar - ölkədə tikilən və artıq tikilmiş Olimpiya mərkəzləri, bərpa olunan və yeni tikilən idman qurğuları, dərhal beynəlxalq nüfuz qazanmış Azərbaycan Olimpiya Akademiyası, burada keçirilən çoxlu mötəbər idman yarışları və əlbəttə ki, Azərbaycan idmançılarının gözəl uğurları ölkənizi tez bir zamanda dünyanın aparıcı idman dövlətləri sırasına çıxarmışdır.

Biz hamımız gözəl başa düşürük ki, ölkənin ali rəhbərliyinin daimi yardımı və dəstəyi olmadan bu yüksəliş mümkün olmazdı.

Hörmətli cənab Prezident, əziz Heydər Əliyeviç!

İdmana, sağlam həyat tərzinin bərqərar olmasına göstərdiyiniz daimi kömək və dəstəyə görə Avropanın 48 olimpiya komitəsi adından səmimi təşəkkürümüzü qəbul etmənizi xahiş edirəm. Mən rəhbərlik etdiyiniz ölkənin parlamentinə və hökumətinə də təşəkkürümü bildirirəm.

Cənab Toqay və mən fürsətdən istifadə edərək, gözəl komandanı – böyük dostumuz, gözəl təşkilatçı, Avropanın olimpiya komitələrinin ən hörmətli prezidentlərindən biri olan İlham Heydəroviç Əliyevin ətrafinda birləşdirdiyi gözəl insanlardan, əla peşəkarlardan, idmanı hədsiz sevən adamlardan ibarət Azərbaycan Olimpiya Komitəsinin komandasını təbrik etmək və onlara təşəkkürümüzü bildirmək istəyirik.

Biz Avropa Olimpiya Komitəsi adından İlham Heydəroviçə bu gündən yadigar olaraq xatirə hədiyyəsi təqdim etmək istərdik.

X X X

ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONU, BEYNƏLXALQ USTA ZEYNƏB MƏMMƏDYAROVANIN ÇIXIŞI

- Möhtərəm Prezident!

Hörmətli mərasim iştirakçıları!

Bu gün 10 illiyini yaşayan Milli Olimpiya Komitəsinin yubileyini ürəkdən təbrik edirəm. Azərbaycan Milli Olimpiya Komitəsinin uğurları hər bir Azərbaycan vətəndaşı kimi, məni də çox sevindirir.

Möhtərəm Prezident!

Mən idmanda gənc nəslin nümayəndəsiyəm. Mən də burada söylənən fikirlərə qoşularaq bildirmək istərdim ki, daim qüdrətlənən, öz beynəlxalq şöhrətini artıran, hərtərəfli tərəqqi yoluna çıxan Azərbaycan idmanını məhz Sizin kimi işgüzar, bacarıqlı, nüfuzlu və ən başlıcası isə, vətənpərvər bir rəhbərin diqqət və qayğısı sayəsində günbəgün yüksəlir.

Son illər ölkəmizdə idman, bədən tərbiyəsi və olimpiya hərəkatı böyük inkişaf yolu keçmiş, əldə edilmiş nailiyyətlər Vətənimizin idman tarixinə silinməz səhifələr yazmışdır.

İdman böyük siyasətdir, milyonlarla insanları bir yerə toplamağa qadir olan qüvvədir. İdman ölkələri dünyada hərtərəfli tanıtmaq üçün mühüm imkandır.

Hörmətli Prezident, ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən idmanda, Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında qazanılmış uğurlar Sizin daxili və xarici siyasətinizin, ölkəmizdə yaradılmış ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın nəticəsi və parlaq təzahürüdür. Azərbaycan idmanına göstərdiyiniz atalıq qayğısına, səmimi münasibətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, ölkəmizdə olimpiya hərəkatının inkişafında əsas mərhələ sayılan son beş il - 1997-2002-ci illər o qədər nailiyyətlərlə, böyük idman nəticələri ilə zəngin olmuşdur ki, bu mövzuda danışmaq çox vaxt tələb edər.

Azərbaycan xalqının mərd oğlu cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra ötən beş ildə ölkəmizin olimpiya hərəkatını beynəlxalq olimpiya hərəkatına inteqrasiya etmiş, beynəlxalq təşkilatlar və idman federasiyaları ilə əlaqələr genişlənmişdir. Beynəlxalq idman təşkilatları da ölkəmizdə idmanın, olimpiya hərəkatının belə yüksəlişini nəzərdən qaçırmamış, gözəl şəhərimizdə ardıcıl olaraq mötəbər yarışların keçirilməsinə qərar vermişlər.

Bu il Bakıda gənclər arasında şahmat üzrə keçirilən Avropa çempionatında biz yüksək idman nəticələri qazanmışıq. Azərbaycan şahmatçıları həm şəxsi, həm də komanda hesabında Avropa çempionu olublar.

Hörmətli cənab İlham Əliyev, bizim nailiyyətlərimizdə sizin xidmətiniz olduqca böyük və yaddaqalandır. Buna görə bütün idmançılar adından sizə dərin təşəkkürümü bildirirəm. Buğünkü Azərbaycan gənciliyi sizi özünün lideri hesab edir. Sizi əmin edirik ki, gələcəkdə əldə edəcəyimiz nəticələrimizlə gənclərə, yeniyetmələrə olan inamınızı doğruldacaq, Azərbaycan idmanının, olimpiya hərəkatının inkişafı naminə göstərdiyiniz hər bir təşəbbüsünüzə layiqli nailiyyətlərimizlə cavab verəcəyik.

Mən bir daha Milli Olimpiya Komitəsini və onun rəhbərliyini təbrik edərək, məqsədyönlü və səmərəli fəaliyyətində uğurlar arzulayıram.

Hörmətli Prezident!

Hörmətli İlham müəllim və mərasim iştirakçılar!

Sizi daha bir şad xəbərlə sevindirmək istərdim. Dünən axşam Azərbaycan şahmatçıları İspaniyada keçirilən Avropa çempionatından Vətənə dönüblər. Bu yarışlar Azərbaycan şahmatçılarının parlaq qələbəsi ilə başa çatmışdır. Şahmatçılarımız Vətənə üç qızıl medal gətirmişlər. Azərbaycan şahmatçıları bu parlaq qələbəni Milli Olimpiya Komitəsinin 10 illiyinə töhfə edirlər.

Diqqətinizə görə çox sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev təntənəli mərasimdə nitq söylədi. \Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur\.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev fasilə zamanı Respublika sarayının foyesində təşkil olunmuş və Milli Olimpiya Komitəsinin on illiyinə həsr edilmiş “Olimpiya, incəsənət və idman –2002” sərğisi ilə tanış oldu. MOK-un prezidenti İlham Əliyev sərgidə göstərilən rəsm əsərləri, fotoşəkillər barədə dövlətimizin başçısına məlumat verdi.

Sərgidə rəssamlar Mais Əliyevin “Hücum”, Eldar Məmmədovun “Güləş”, “Cıdır”, Adil Rüstəmovun “Azəri pəhləvanları-cəngi”, Qalib Həsənovun “Azərbaycan memarlıq abidələri- dekorativ şahmat” əsərləri diqqəti cəlb edirdi.

“Heydər Əliyev və Azərbaycanda olimpiya hərəkatı”, “Milli Olimpiya Komitəsi 10 il ərzində”, “Azərbaycan idmanının ulduzları” adlı fotoguşələrdə dövlətimizin başçısının ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğını, idmançılarla keçirdiyi görüşləri əks etdirən, MOK-un prezidenti İlham Əliyevin beynəlxalq idman tədbirlərində iştirakından, mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarımızın mükafatlandırılması mərasimlərindən bəhs edən maraqlı şəkillər toplanmışdı.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev yubiley mərasimində iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr Kozlovski, MDB-nin üzvü olan ölkələrin Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Yuri Yuryev, Türkiyə Olimpiya Komitəsinin baş katibi Toqay Bayatlı, Gürcüstan Olimpiya Komitəsinin vitse-prezidenti Georgi Topadze, Litva Olimpiya Fondunun müdiri Aldimantas Qudişkis, Moldova Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski və başqaları ilə səmimi görüşdü. Qonaqlar Prezident Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına, idmançılara göstərdiyi çox böyük diqqət və qayğını yüksək qiymətləndirdilər, dövlətimizin başçısını MOK-un yubileyi münasibətilə bir daha təbrik etdilər.

X X X

Sonra tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti oldu. Konsertin gedişində Azərbaycanda olimpiya hərəkatının 50 illik tarixindən bəhs edən sənədli filmlərdən parçalar da göstərildi. Bədii hissənin sonunda Milli Olimpiya Komitəsinin “Olimpiya himni” (musiqisi Eldar Mansurovun, sözləri İkram Əliyevindir )ilk dəfə klip formasında təqdim olundu.

X X X

Müvəffəqiyyətlə keçən konsert başa çatdıqdan sonra Prezident Heydər Əliyev səhnə arxasına gələrək, uğurlu çıxışlarına görə incəsənət ustalarını təbrik etdi, yeni-yeni uğurlar arzuladı. İncəsənət ustaları onlara, ümumən mədəniyyətimizə göstərdiyi daimi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər.

X X X

Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin, baş nazirin müavinləri, nazirlər, parlamentin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri mərasimdə iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun və

Yaşar Xəlilovundur

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir