İDMAN
AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN ON İLLİYİNƏ HƏSR EDİLMİŞ CÜDO ÜZRƏ BEYNƏLXALQ TURNİRİN TƏNTƏNƏLİ AÇILIŞI
Mayın 30-da Bakı İdman Sarayında Azərbaycan Milli Olimpiya
Komitəsinin on illiyinə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirin təntənəli açılışı olmuşdur.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev və Gürcüstanın turizm departamentinin rəhbəri Vaja Şubladze açılış mərasimində iştirak edirdilər.
Turnirdə Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Yunanıstan və Belarusun 124 idmançısı qələbə uğrunda mübarizə aparır.
Yarış iştirakçıları və hakimlər meydançaya daxil oldular.
Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev çıxış edərək, yarış iştirakçılarını və qonaqları səmimiyyətlə salamladı, nazirlik və respublika Cüdo Federasiyası tərəfindən təşkil edilmiş turnirin Azərbaycan Prezidenti Heydər Əliyevin Milli Olimpiya Komitəsinin yaradılmasının on illiyi ilə əlaqədar imzaladığı Sərəncama uyğun olaraq keçirildiyini bildirdi.
Nazir bu yubileylə əlaqədar ölkəmizin şəhər və rayonlarında, təhsil ocaqlarında müxtəlif tədbirlərin keçirildiyini söylədi, cüdoçularımızın əldə etdiyi nailiyyətlərdən, MOK-un son beş ildəki fəaliyyətindən və respublikada keçirilən beynəlxalq yarışların əhəmiyyətindən danışdı, idmançılara uğurlar arzuladı.
Azərbaycanın dövlət himni səsləndi.
Beynəlxalq turnir açıq elan edildi. Yarışların birinci günü respublikamızın idmançıları üçün uğurlu oldu. Ruslan Əliyev \73 kq\, Fariz Ramizzadə \81 kq\, Nurəddin Səlimov \90 kq\, Elxan Cəfərov \100 kiloqramdan yuxarı\ qızıl medalların sahibi oldular. 100 kiloqram çəki dərəcəsində isə Ukrayna cüdoçusu Vitali Boban qalib gəldi.
Beynəlxalq turnir mayın 31-də başa çatacaqdır.
Foto Namiq Məmmədovundur