SİYASƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ BEYNƏLXALQ KONFRANSA GEDİRLƏR
Sentyabrın 16-dan 26-dək Strasburqda “Müasir utopiya” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Markblok Universiteti və “Apolloniya” humanitar təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə Fransa, Hollandiya, Belçika, Rusiya, Almaniya, Gürcüstan və Azərbaycanın nümayəndələri iştirak edəcəklər. Konfransda ölkəmizi Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdiri, “Zamanın qanadlarında” yaradıcılıq assosiasiyasının başçısı Leyla Axundzadə, rəssam Çingiz Babayev və fotoqraf Sənan Ələsgərov təmsil edəcəklər.
Leyla Axundzadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müstəqil mədəniyyət təşkilatı olan “Zamanın qanadlarında” assosiasiyası müasir təsviri sənətin inkişafına və təbliğinə kömək edir.
Konfransda müasir mərhələdə incəsənətin bir çox istiqamətlərinin inkişafı məsələləri, habelə bu sahədə çalışanların qarşılaşdıqları problemlər müzakirə olunacaqdır
Ölkəmizin nümayəndələri gənclər üçün təsviri sənətə dair müxtəlif mövzularda mühazirələr oxuyacaqlar. Konfrans çərçivəsində gənc rəssamların sərgisi açılacaqdır. Sərgidə istedadlı yeniyetmə Azərbaycan rəssamları Fəxriyyə Məmmədovanın və Elşən İbrahimovun əsərləri nümayiş etdiriləcəkdir.