Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN PREZİDENTİNİN SƏRƏNCAMI İLƏ ELM SAHƏSİNDƏ ÇALIŞAN İŞÇİLƏRİN ƏMƏK HAQLARI ARTIRILMIŞDIR

“Elm sahəsində çalışan işçilərin əmək haqlarının artırılması haqqında” Azərbaycan Prezidenti Heydər Əliyevin 2003-cü il 23 iyun tarixli Sərəncamı ilə əlaqədar maliyyə naziri Əvəz Ələkbərov mətbuat konfransı keçirmişdir. Nazir xatırlatmışdır ki, Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsi ilə bağlı müntəzəm tədbirlər həyata keçirir. İndiyədək aparılmış islahatlar nəticəsində bu ilin ilk beş ayında ümumi daxili məhsulun həcmi 9,4 faiz artmışdır. Bu rəqəm sənayedə 41,8 faiz, tikintidə 10 faizdən yuxarı, xidmət sahələrində isə 44,2 faiz olmuşdur. Dövlət büdcəsinin gəlirləri son ildə 36 faiz artmışdır. Azərbaycanda ilk dəfədir ki, belə yüksək artım əldə olunur. Əhalinin banklarda olan əmanətləri 51 faiz artmışdır. Müxalifət mətbuatı bəzən belə fikirlər yayır ki, sosial vəziyyət, guya aşağıdır. Mövcud şəraitin yaxşılaşmasına hökumət, guya lazımi şərait yaratmır. Respublikamızda islahatların aparıldığı vaxtda əhalinin banklardakı əmanətləri 51 faiz artırsa, bu, əhalinin sosial vəziyyətinin yaxşılaşması deyilmi? Bildirmək istəyirəm ki, MDB ölkələrində belə göstərici yoxdur. Əhalinin real pul gəlirləri 10 faizdən çox yüksəlmişdir. İnflyasiya, nəzərdə tutulduğu kimi, 2 faiz həddindədir. Xarici ticarət dövriyyəsi 13 faiz çoxalmışdır. Ümidvaram ki, yarım ilin göstəriciləri, bütün makroiqtisadi və büdcə göstəricilərimiz daha ürəkaçan olacaqdır. Bütün bunların təhlilinə əsaslanaraq Prezident Heydər Əliyev həmişə olduğu kimi, yenə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək haqlarının artırılması ilə bağlı məsələlərə diqqət yetirir və budur daha bir yeni sərəncam imzalamışdır. Söhbət büdcənin elm xərcləri bölməsindən maliyyələşən müəssisə və təşkilatlardan gedir. Milli Elmlər Akademiyası istisna olmaqla, həmin sahədə çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş orta əmək haqqı iyul ayının 1-dən 50 faiz artırılır. Azərbaycan Prezidenti ötən il AMEA işçilərinin əmək haqlarının artırılması ilə bağlı sərəncam vermişdir, onların maaşları 100 faiz artırılmışdır. Ona görə də bu sərəncam Elmlər Akademiyası istisna olunmaqla, digər elmi təşkilatlarda işləyənlərə şamil edilir. Maliyyə naziri demişdir ki, elmlər namizədləri və doktorlarına elmi dərəcələrinə görə verilən əlavələrin artırılması Prezidentin həmişə nəzərində olmuşdur. Bu əlavələr iyulun 1-dən iki dəfə artırılır. Nazir son illərin ən ciddi nailiyyətlərindən söz açaraq demişdir ki, əgər 1994-cü ildə dövlət büdcəsinin xərclərində elm bölməsinin xüsusi çəkisi 0,7 faiz idisə, ölkəmizdə aparılan islahatlar, Azərbaycan Prezidenti Heydər Əliyevin elm sahəsinə xüsusi diqqət və qayğısı sayəsində bu il həmin rəqəm 1,3 faizi ötüb keçmişdir. Yəni, elm sahəsinə büdcədən ayrılan vəsatin xüsusi çəkisi təxminən 2 dəfə artmışdır. 1995-ci ildən bəri elmi işçilərin əmək haqlarının artırılması ilə bağlı cənab Prezident 5 qərar qəbul etmişdir. Əgər 1994-cü ildə elm xərcləri 5,8 milyard manat təşkil edirdisə, 2003-cü ildə həmin rəqəm 87,6 milyard manat müəyyən edilmişdir. Başqa sözlə desək, büdcədən bu sahəyə ayrılan vəsait 15,1 dəfə artmışdır. Elmlər Akademiyası istisna olmaqla bu sərəncamın şamil edildiyi sahələrdə çalışanların sayı 5719 nəfərdir. Alimlərimizin, yəni elmlər namizədləri və doktorlarının sayı belədir: 1412 nəfər elmlər doktoru, 7884 nəfər isə elmlər namizədidir. Bunların birlikdə sayı 9296 nəfər təşkil edir. Bu artımlarla bağlı ilin sonuna qədər dövlət büdcəsindən əlavə 5,8 milyard manat vəsait tələb olunur. Bu vəsait, vaxtında görülən tədbirlər nəticəsində öz sahiblərinə, yəni nəzərdə tutulan elmi işçilərə çatdırılacaqdır. Nazir onu da demişdir ki, son illər ölkəmizdə orta aylıq əmək haqqının artırılması ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmişə deyirdilər ki, büdcə təşkilatları içərisində elm adamlarının orta aylıq əmək haqqı aşağıdır. Milli Elmlər Akademiyası üzrə orta aylıq əmək haqqı 158 min manatdır. Elm bölməsindəki digər təskilatlarda isə bu rəqəm indi 179 min manata çatır. Alimlik dərəcəsinə görə əlavələrin verilməsi üçün 2,3 milyard manat vəsait tələb olunur. Ə.Ələkbərov bildirmişdir ki, bu sərəncam Kənd Təsərrüfatı Nazirliyində çalışan 2302, Meliorasiya və Su Təsərrüfatı Komitəsində 403, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 38, Təhsil Nazirliyi sistemində 679, Səhiyyə Nazirliyində 1332, Bakı Dövlət Universitetində 380, Azərbaycan Neft Akademiyasında 259, Tibb Universitetində 103, Kənd Təsərrüfatı Akademiyasında 56, Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyində 54, İqtisadi İnkişaf Nazirliyində 213 elmi işçiyə şamil edilir. Bundan əlavə, sərəncam elmi dərəcəsi olan 9296 nəfərə də aid edilir. Ümumiyyətlə, bu sərəncam elm sahəsində çalışan 15 mindən çox əməkdaşın sosial vəziyyətinin yaxşılaşmasına kömək edəcəkdir. Nazir xüsusi vurğulamışdır ki, dövlət büdcəsinin normal icra olunması Azərbaycan Prezidentinə əmək haqlarının artırılması ilə bağlı növbəti addımlar atmağa imkan verir. Axırda nazir jurnalistlərin suallarına cavab vermişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin