RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ ESTONİYA PREZİDENTİ LENNART MERİ İLƏ GÖRÜŞMÜŞDÜR
Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayan belə görüşlərin böyük əhəmiyyətini qeyd edərək, bir sıra sahələrdə münasibətlərin daha da canlandırılmasına xüsusi ehtiyac olduğunu bildirdilər.
Tərəflər əvvəlki iqtisadi əlaqələr qırıldıqdan sonra ölkələrimizin qarşılaşdıqları problemlərin aradan qaldırılmasına diqqətin artırılmasının vacibliyinə toxundular və bazar münasibətlərinə keçid dövründə çətinlikləri dəf etmək üçün təcrübə mübadiləsinin canlandırılmasının böyük əhəmiyyət kəsb etdiyini nəzərə çarpdırdılar.
Prezidentlər öz ölkələrində hüquqi-demokratik dövlət quruculuğu istiqamətində görülən tədbirlərdən ətraflı söhbət açdılar, əldə olunmuş müstəqilliyin daha da möhkəmləndirilməsi üçün beynəlxalq təşkilatlarda müxtəlif məsələlərin müzakirəsi zamanı bir-birinin mövqeyinin müdafiə etməyin vacib olduğunu qeyd etdilər.
Görüşdə bir sıra digər sahələrdə Azərbaycan-Estoniya əməkdaşlığının daha da canlandırılmasının hər iki ölkə üçün faydalı olduğundan söhbət açıldı, qarşıda duran vəzifələrdən bəhs olundu.