RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ İSRAİLİN BAŞ NAZİRİ ŞİMON PERES İLƏ GÖRÜŞMÜŞDÜR
Dövlətimizin başçısı Heydər Əliyevlə 1995-ci ilin yanvarında İsveçrənin Davos şəhərindəki görüşünü yaxşı xatırladığını bildirən cənab Peres indiki görüşdən də məmnun olduğunu söylədi.
Prezident Heydər Əliyev İsrailin keçmiş Baş naziri İshak Rabinin terror aktı nəticəsində qətlə yetirilməsindən kədərləndiyini bir daha bildirdi və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi. Respublikamızın rəhbəri dedi ki, mühüm işləri olduğuna görə, dəfn mərasimində özü iştirak edə bilməsə də, Azərbaycan Baş nazirini həmin vaxt İsrailə göndərmişdi.
Dəfn mərasimində respublikamızın hökumət başçısının iştirakına görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən cənab Peres Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu xüsusi vurğuladı. Prezident Heydər Əliyev İsraillə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu qeyd etdi və əməkdaşlığın daha da inkişaf etməsini arzuladı.
Şimon Peres dedi ki, o, ABŞ Prezidenti Bill Klinton və dövlət katibi Uilyam Kristofer ilə keçirdiyi görüşlər, apardığı danışıqlar zamanı Konqresin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci əlavənin aradan qaldırılması zərurətini və ölkəmizə yardım göstərilməsinin vacibliyini, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllində dünya birliyinin rolunun əhəmiyyətini onlara çatdırmışdır.
Prezident Heydər Əliyev Ermənistanın Azəbaycana qarşı təcavüzü nəticəsində 7 ildən bəri davam edən müharibə, respublikamızın ərazisinin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlı qaçqının ağır vəziyyətdə yaşaması barədə cənab Peresə ətraflı söhbət açdı.