RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ MİSİR PREZİDENTİ HÜSNİ MÜBARƏK İLƏ GÖRÜŞMÜŞDÜR
Dövlətimizin başçısı ilə əvvəllər keçirdiyi görüşləri, xüsusən Heydər Əliyevin 1994-cü ilin sentyabrında Misirə səfərini həmişə məmnunluqla xatırladığını bildirən Hüsni Mübarək müstəqil Azərbaycan Respublikasının dünya ölkələri ilə sıx əlaqələr qurmaq istiqamətində atdığı addımları diqqətlə izlədiyini vurğuladı. Səmimi sözlərə görə cənab Hüsni Mübarəkə təşəkkürünü bildirən Prezident Heydər Əliyev də Qahirəyə səfərini unutmadığını və Misir dövlətinin başçısı ilə görüşünə xüsusi əhəmiyyət verdiyini bildirdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün həyata keçirilən tədbirlərdən də söhbət açaraq, Misir Prezidentinin öz nüfuzundan istifadə edib bu münaqişənin həllinə kömək göstərməsinin vacibliyini qeyd etdi.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsinə də yer ayrıldı və bildirildi ki, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar vardır. Bunlardan hərtərəfli istifadə olunmalıdır.