RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ UKRAYNA PREZİDENTİ LEONİD KUÇMA İLƏ GÖRÜŞMÜŞDÜR
Dövlətimizin başçısını səmimiyyətlə salamlayan Leonid Kuçma özünün Azərbaycana səfərini məmnuniyyətlə xatırladığını və ölkəmizdə olduğu günləri unutmayacağını bildirdi. Ukrayna Prezidenti respublikamızda həyata keçirilən mühüm ictimai-siyasi və iqtisadi tədbirləri diqqətlə izlədiyini və Azərbaycanın öz müstəqilliyini daha da möhkəmləndirmək yolunda attdığı addımları müsbət qiymətləndirdiyini qeyd etdi.
Xoş sözlərə görə Leonid Kuçmaya minnətdarlığını bildirən respublikamızın rəhbəri Heydər Əliyev Ukrayna ilə əlaqələrin, xalqlarımızın tarixi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə Azərbaycanın həmişə xüsusi diqqət yetirdiyini vurğuladı. Prezidentlər dövlətlərimiz arasında əməkdaşlığın bütün sahələr üzrə daha da genişləndirilməsi yollarından bəhs edərək, iqtisadi, mədəni, ticarət əlaqələrinin inkişaf perspektivlərinin hər iki ölkə üçün böyük əhəmiyyəti olduğunu bildirdilər.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılmasına xüsusi ehtiyac olduğunu bildirən tərəflər Moskvada MDB ölkələri dövlət başçılarının qarşıdakı görüşündə bütün bunlar haqqında bir daha söhbət aparacaqlarını söylədilər.