Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA ARXİV İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının arxiv xidməti təşkilatları xalqımızın çoxəsərlik tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi-tədqiqat mərkəzləridir. Müstəqil Azərbaycanın fəaliyyətinin əsas sahələrindən biri olan arxiv xidməti geniş şəbəkəyə malikdir. Bu gün ölkəmizdə 7 respublika dövlət arxivi, onların 15 filialı, habelə Naxçıvan Muxtar Respublikasının və 56 rayonun dövlət arxivi fəaliyyət göstərir. Elmin, mədəniyyətin və ictimai həyatın ən müxtəlif sahələrini özündə əks etdirən həmin arxivlərdə 18 min fond üzrə 3,5 milyon kağız əsaslı idarəçilik işləri, 800-dən yuxarı fond üzrə elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin 100 minə qədər işdən ibarət sənədləri, 140 mindən artıq saxlama vahidindən ibarət elm və texnika sənədləri, 400 minə yaxın foto, 50 min kino və fono sənədləri mühafizə edilir. 

Müstəqil Azərbaycan Respublikasında arxiv xidmətinin qanunvericilik bazasını “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının 1999-cu ilin iyununda qəbul edilmiş Qanunu təşkil edir. Qanun ölkəmizdə arxiv fəaliyyətini tənzimləyir, onun idarə olunması prinsiplərini, arxiv işi sahəsində dövlətin vəzifələrini müəyyən edir.

Azərbaycan xalqının əvəzsiz mənəvi sərvəti olan arxiv sənədlərinə müntəzəm müraciət olunur. Dövlət hakimiyyəti orqanlarının, idarə və müəssisələrin informasiyaya olan gündəlik tələbatı ödənilir, respublikanın və xarici ölkələrin yüzlərlə alimi öz elmi tədqiqatlarında, monoqrafiya və dərsliklərin yazılmasında arxivlərimizin sənədlərindən geniş istifadə edirlər. Arxivlər tərəfindən sənədlər külliyyatı nəşr olunur, radio və televiziya verilişləri hazırlanır, sənədlər dövri mətbuatda dərc edilir, respublikamızın və xarici ölkə vətəndaşlarının sosial-hüquqi xarakterli ərizə və sorğuları icra olunur.

Arxiv fondu yeni materiallarla daim zənginləşən mühüm bir mənbədir. Azərbaycan xalqının tarixinin müxtəlif mərhələlərinə aid yüz minlərlə iş və sənəd müntəzəm olaraq dövlət arxivlərinə qəbul edilir, ictimai elmlərin, xüsusilə tarix elminin tədqiqat bazasını daha da genişləndirir.

Bununla yanaşı, qeyd olunmalıdır ki, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə tam cavab vermir. Arxiv işi sahəsində indiyə qədər vahid informasiya bazasının yaradılmaması, elektron informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməməsi bu sahədə problemlər yaradır. Problemlərin bir qismi də arxiv binalarının çatışmazlığı və ya yararsız vəziyyətdə olması, arxiv işinin bəzi sahələrində pərakəndəlik hallarının meydana çıxması, yerlərdəki müəssisə, idarə və təşkilatlarda kargüzarlıq və arxiv işinin lazımi səviyyədə olmaması ilə bağlıdır.

Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənilib yazılmasında, idarə və müəssisələrin, habelə vətəndaşların informasiyaya olan gündəlik tələbatının ödənilməsində arxiv fondunun böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

-Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Əsasnaməsinin layihəsini bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi aparatının işçilərinin say həddini təsdiq etsin;

-arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə iki ay müddətində müvafiq proqram tərtib edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, şəhər və rayon icra hakimiyyəti başçıları dövlət arxivinin yerlərdəki filiallarının, şəhər və rayon dövlət arxivləri işinin yaxşılaşdırılması, sənədlərin saxlanılması üçün onların yararlı binalarla təmin edilməsi məqsədi ilə lazımi tədbirlər görsünlər.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2002-ci il

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin