Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT PENSİYA SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Pensiya İslahatı Konsepsiyasına uyğun olaraq, ölkədə dövlət sosial sığorta sisteminin islahatını sürətləndirmək və onun idarə olunmasını təkmilləşdirmək, pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin müəyyən edilməsi və maliyyələşdirilməsi üzrə vahid dövlət pensiya sistemini yaratmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarının pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları onların həyata keçirilməsini təmin edən müvafiq maddi- texniki baza və ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilsin və bu iş 2003-cü il oktyabrın 1-dək başa çatdırılsın.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda müstəqil bank hesabları olan maliyyə-ödəniş sistemi təşkil edilsin, məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsi hesabına pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin maliyyələşdirilməsi üçün vəsaitlər həmin sistemdə cəmləşdirilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”yə aşağıdakı dəyişiklik və əlavələr edilsin:

- 1-ci bənddə “sığortası” sözündən sonra “pensiyalar və pensiyalara əlavə olunan müavinətlər” sözləri əlavə edilsin;

- aşağıdakı məzmunda 8.4-cü və 8.5-ci bəndlər əlavə edilsin:

“8.4. Öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavə olunan müavinətlər sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;

8.5. Məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin maliyyələşdirilməsini həyata keçirmək”;

- 8.4 – 8.13-cü bəndlər müvafiq olaraq 8.6 – 8.15-ci bəndlər hesab edilsin;

- 9.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“9.4. Məcburi dövlət sosial sığorta vəsaitini idarə edir, pensiyalar və pensiyalara əlavə olunan müavinətlər sahəsində idarəetməni, pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirir”;

- aşağıdakı məzmunda 10.3-cü və 10.4-cü bəndlər əlavə edilsin:

“10.3. Məcburi dövlət sosial sığortası, pensiyalara və pensiyalara əlavə olunan müavinətlərə dair qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;

10.4. Pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək”;

- 10.3 – 10.17-ci bəndlər müvafiq olaraq 10.5 – 10.19-cu bəndlər hesab edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

- bu Fərmana uyğun olaraq, qüvvədə olan qanunvericilik aktlarına dəyişikliklərin və əlavələrin edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsi layihələrinin növbəti illər üzrə tərtibi prosesində maliyyələşdirilməsi dövlət büdcəsinin hesabına həyata keçirilən bütün növ pensiyalar və pensiyalara əlavə olunan müavinətlər üzrə vəsaitlərin Fondun büdcəsində nəzərə alınmasını və gəlir və xərclərdə ayrıca sətirlərlə əks olunmasını təmin etsin;

- Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və aidiyyatı digər dövlət orqanları ilə birlikdə bu Fərmanın 1-ci və 2-ci bəndlərinin icrası ilə bağlı zəruri tədbirləri iki ay müddətində həyata keçirsin;

- bu Fərmanın 6-cı bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcə layihəsində müvafiq vəsaitin ayrılmasını nəzərdə tutsun;

- aidiyyatı icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına müvafiq inzibati binaların ayrılmasını təmin etsin;

- inkişaf etmiş dövlətlərin təcrübəsini öyrənməklə ölkədə vahid dövlət pensiya siyasətinin formalaşdırılması və həyata keçirilməsi məsələlərini araşdırıb 3 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təkliflərini təqdim etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

- dövlət büdcəsində pensiyaların və pensiyalara əlavə edilən müavinətlərin, həmçinin kommunal, nəqliyyat və digər güzəştlərin ləğvi ilə bağlı verilən müavinətlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin aylar üzrə proporsional bölgüsünü hər il aparsın və müvafiq ay üçün vəsaitlərin həmin ayın ilk on bank günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməsini təmin etsin;

- dövlət büdcəsində uşaq müavinətlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitləri ayrıca sətirdə əks etdirsin və həmin vəsaitləri müvafiq aylıq bölgü əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu:

- zəruri infrastruktura, müasir texnologiyalara (o cümlədən, mikroprosessor kartların emissiyasına imkan verən), əhatəli bankomat və nağdsız ödəniş şəbəkəsinə malik beynəlxalq reytinqli ölkə banklarını cəlb etməklə əhaliyə pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin sürətli çatdırılması məqsədi ilə Bakı və Sumqayıt şəhərlərində 2004-cü il aprelin 1-dək, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində isə 2004-cü ilin sonunadək kart sisteminə keçidin tətbiqini təmin etsin;

-məcburi dövlət sosial sığortası ödəyiciləri ilə yanaşı, işləməyən pensiyaçı və dövlət büdcəsinin vəsaitləri hesabına pensiya və pensiyalara əlavə olunan müavinətlər alan vətəndaşların fərdi uçotu ilə bağlı qaydaları müəyyənləşdirsin və həmin uçotun təşkil olunmasını təmin etsin;

- bu Fərmanın icrasını təmin etsin və ondan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

8. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

4 avqust 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin