Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AĞSTAFA, QAZAX, GORANBOY, ŞƏMKİR, SAMUX, TOVUZ, GƏDƏBƏY, SALYAN VƏ NEFTÇALA RAYONLARININ QAZ TƏCHİZATININ SÜRƏTLƏNDİRİLMƏSİ İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində ölkənin bütün regionlarında əhalinin təbii qazla təminatı işi uğurla həyata keçirilir. Hal-hazırda respublikanın müxtəlif bölgələrində qaz təchizatının yaxşılaşdırılması və bərpası istiqamətində geniş həcmdə işlərin aparılmasına başlanmışdır.

Azərbaycan Respublikasının Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarında qazlaşdırma prosesinin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarında qaz təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə 14,0 milyon manat vəsait ayrılsın.

2. “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin cari ilin sonunadək təyinatı üzrə istifadəsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin