SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Sentyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Azərbaycan Respublikasının sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması üçün 2002-ci il sentyabrın 21-nə təyin edilmiş yeni bələdiyyə seçkilərinin vaxtının 2002-ci il noyabrın 2-nə keçirilməsi ilə əlaqədar olaraq seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas tədbirlərin Təqvim planında dəyişikliklər edilməsi məsələsinə baxmış və onu təsdiq etmişdir.
İclasda bələdiyyələrə seçkilərdə iştirak edən seçicilərin siyahısının nümunəsi baxılaraq təsdiq olunmuşdur.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımovanın və komissiyanın katibi Qabil Orucovun Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması haqqında məlumatları dinlənilmişdir. Komissiya həmin məlumatları nəzərə almağı qərarlaşdırmışdır.
İclasda Fransanın Bakıdakı səfirliyinin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti