RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AFR KANSLERİ HELMUT KOL İLƏ GÖRÜŞÜ
Görüş iştirakçıları İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə bir-birini təbrik etdilər. Bu yaxınlarda Azərbaycan Prezidentindən məktub aldığını bildirən kansler Helmut Kol tezliklə cavab göndərəcəyini söylədi. Heydər Əliyev AFR Prezidenti cənab Roman Hersoq və xarici işlər naziri cənab Klaus Kinkel ilə görüşlər keçirdiyini xatırlatdı.
Ermənistan-Azərbaycan münaqişəsi, bunun respublikamız üçün ağır nəticələri haqqında AFR kanslerinə ətraflı məlumat verən Azərbaycan Prezidenti qeyd etdi ki, ölkəmizin haqq işinin müdafiə olunmasında Almaniya kimi böyük dövlətin dəstəyinə ehtiyacımız var. Heydər Əliyev ötən ilin dekabrında ATƏT-in Budapeşt Zirvə toplantısında Azərbaycanla bağlı mühüm qətnamənin qəbul edilməsində prinsipial mövqe tutduğuna görə cənab Helmut Kola xalqımız adından təşəkkürünü bildirdi.
Azərbaycan Prezidenti dedi ki, o, Almaniyanın respublikamızdakı səfirliyinin başçısı cənab Mixael Şmunk ilə sıx əlaqə saxlayır və onun fəaliyyətini yüksək qiymətləndirir. Prezidentin fikrincə, bu cür fəal əməkdaşlıq, şübhəsiz, öz bəhrəsini verəcəkdir. Heydər Əliyev Almaniya şirkətlərinin Azərbaycanla əməkdaşlıq etməsinin arzu olunduğunu söylədi və dedi ki, onları ölkəmizin zəngin neft yataqlarının birgə istismarında iştirak etməyə dəvət edir.
Cənab Helmut Kol bundan məmnun qaldığını bildirərək dedi ki, Almaniya yenicə müstəqillik qazanmış dövlətlərlə ikitərəfli münasibətlər yaratmağa tərəfdardır. Azərbaycan da Almaniya üçün maraqlı ölkədir və biz onunla fəal əməkdaşlıq etmək istərdik.
Azərbaycan rəhbəri AFR Prezidentini və xarici işlər nazirini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladaraq dedi ki, cənab Helmut Kolu da respublikamıza rəsmi səfərə dəvət edir.
Heydər Əliyev daha sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT və onun Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Almaniya nümayəndələrinin prinsipial mövqe tutmasından razı qaldığını bildərərək qeyd etdi ki, o, Almaniyaya böyük tərəfdaş kimi baxır və ölkələrimiz arasındakı münasibətlərin daha sürətlə inkişaf etməsini arzulayır. Prezident Azərbaycan qaçqınlarına edilən yardım üçün Almaniya hökumətinə minnətdarlığını bildirdi və dedi ki, AFR-in bir neçə hökumət və qeyri-hökumət təşkilatı bu sahədə fəaliyyət göstərir.
Cənab Helmut Kol Azərbaycanın qarşılaşdığı çətinliklərdən, qaçqınların ağır vəziyyətdə yaşamasından xəbərdar olduğunu söylədi və dedi ki, Almaniya öz imkanları daxilində bu yardımı davam etdirəcəkdir. AFR rəhbəri görüşün sonunda bir daha qeyd etdi ki, onun ölkəsi Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllini dəstəkləyəcəkdir.