RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ JELYU JELEV İLƏ GÖRÜŞÜ
Azərbaycan Prezidentini səmimi salamlayan və İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə təbrik edən Jelyu Jelev bildirdi ki, o, Heydər Əliyevlə hər bir görüşünü özü üçün böyük hadisə sayır və bu görüşləri yüksək qiymətləndirir.
Cənab Jelyu Jelevlə növbəti görüşündən məmnun qaldığını söyləyən Heydər Əliyev əlamətdar yubiley münasibətilə onu təbrik etdi və bildirdi ki, faşizm üzərində qələbənin əldə edilməsində Bolqarıstan və Azərbaycan xalqlarının da rolu az olmamışdır. Respublikamızın rəhbəri faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftinin həlledici rol oynadığını xatırlatdı. Böyük Qələbənin tarixi əhəmiyyət kəsb etdiyini söyləyən Heydər Əliyev dedi ki, bu qələbə dünya xalqlarının ümumi düşmənə qarşı mübarizədə birləşməsinin mümkün olduğunu göstərdi.
Jelyu Jelev Budapeştdə, Davosda, Kopenhagendə Azərbaycan Prezidenti ilə görüşlərini razılıqla xatırladığını bildirdi və Heydər Əliyevi Bolqarıstana rəsmi səfərə dəvət etdi. O, Bolqarıstanın Heydər Əliyevi səbirsizliklə gözlədiyini söylədi və təəssüflə bildirdi ki, Azərbaycan Prezidenti bundan əvvəl planlaşdırılmış səfərə gələ bilmədi.
Heydər Əliyev də həmin səfərin başqa vaxta keçirilməsindən təəssüfləndiyini söylədi və cənab Jelyu Jelevə söz verdi ki, hökmən vaxt tapıb dost ölkəyə səfər edəcəkdir.
Bolqarıstanda Heydər Əliyevin şəxsiyyətinə böyük maraq olduğunu vurğulayan Jelyu Jelev ümid etdiyini bildirdi ki, onun səfəri zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq haqqında müqavilə və müxtəlif sahələrdə əməkdaşlıq barədə sazişlər imzalanacaqdır.