RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUMINİYA RESPUBLİKASININ PREZİDENTİ İON İLİYESKU İLƏ GÖRÜŞÜ
Səmimilik və dostluq şəraitində keçən görüşdə dövlət başçıları tarixi hadisə - faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə bir-birini təbrik etdilər. Cənab İon İliyesku hələ keçən il rəsmi dəvət göndərməsinə baxmayaraq, Heydər Əliyevin indiyədək Rumıniyaya səfərə gəlməməsini xatırlatdı. Halbuki Azərbaycan Prezidentini Rumıniyada səbirsizliklə gözləyirlər. “Dost dostdan gərək inciməsin” - deyən Heydər Əliyev Rumıniyaya hökmən səfər edəcəyinə söz verdi. O da Rumıniya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirdi.
İon İliyesku dedi ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan neftinin mühüm rol oynadığı barədə məlumatı var. Azərbaycan xalqı ilə sıx bağlı olduğunu söyləyən cənab İliyesku hələ tələbəlik illərində Mingəçevir SES-in tikintisində iştirak etdiyini bir daha xatırlatdı. O, Azərbaycana və Prezident Heydər Əliyevə şəxsi bağlılığını dövlətlərimiz və xalqlarımız arasında bağlılığa, dostluq və qardaşlıq münasibətlərinə çevirmək arzusunda olduğunu söylədi.
Heydər Əliyev Azərbaycan ilə Rumıniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini, beynəlxalq məclislərdə hər iki dövlətin bir-birinin mövqeyini dəstəkləməsinin vacib olduğunu bildirdi.
Görüş zamanı ikitərəfli münasibətlərdə qarşılıqlı maraq doğuran məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi, ATƏT çərçivəsində sülh danışıqlarının indiki vəziyyəti barədə də fikir mübadiləsi oldu.