RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYA FEDERASİYASINA DÖVLƏT SƏFƏRİ
DÖVLƏTİMİZİN BAŞÇISI MOSKVAYA GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya yanvarın 24-də dövlət səfərinə gəlmişdir.
Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş Vnukovo-2 hava limanında dövlətimizin başçısı Heydər Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov səmimiyyətlə qarşıladı.
Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndi.
Respublikamızın Prezidenti Heydər Əliyev və Rusiya hökumətinin sədri Mixail Kasyanov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan Prezidenti Heydər Əliyevi hava limanında Rusiya Federasiyası xarici işlər nazirinin müavinləri Valeri Loşşinin, Viktor Kalyujnı, Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov, Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayev və digər dövlət və hökumət nümayəndələri qarşıladılar.
Dövlətimizin başçısı Heydər Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Kremldə onun üçün ayrılmış iqamətgaha gəldi.
X X X
Həmin gün axşam Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edildi.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri,
Moskva