RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ TANSU ÇİLLƏR İLƏ GÖRÜŞÜ
Xanım Tansu Çillər Heydər Əliyevi səmimi salamladı və onunla Parisdə görüşməsindən məmnun olduğunu bildirdi. Türkiyə Prezidenti Süleyman Dəmirəlin salamlarını Azərbaycan rəhbərinə yetirdi. Heydər Əliyev xoş sözlər üçün təşəkkür etdi və qardaş Türkiyənin Baş naziri xanım Tansu Çillərlə hər bir görüşdən sevinc hissi duyduğunu söylədi, xahiş etdi ki, onun ən səmimi salamlarını Türkiyənin Prezidenti Süleyman Dəmirələ çatdırsın.
Heydər Əliyev faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə Türkiyənin Baş nazirini təbrik etdi. Xanım Tansu Çillər də dövlətimizin başçısını bu yubiley münasibətilə təbrik etdi və dedi ki, o, faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının mühüm rolu olduğunu yaxşı bilir. Heydər Əliyev Türkiyə Baş nazirinin bu fikri ilə şərik olduğunu qeyd edərək dedi ki, həmin müharibədə Azərbaycanın yüz minlərlə övladı iştirak etmiş, respublikamızın neftçilərinin fədakar əməyi sayəsində cəbhənin yanacaqla təmin edilməsi müharibənin gedişində mühüm rol oynamışdır.
Sonra görüş iştirakçıları Azərbaycandakı vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması yolları barədə fikir mübadiləsi etdilər. Xanım Tansu Çillər ABŞ-a səfəri barədə və orada Prezident Bill Klintonla görüşləri barədə Azərbaycan rəhbərinə məlumat verdi. O qeyd etdi ki, həmin görüşlər zamanı Azərbaycan həqiqətlərini ABŞ Prezidentinə çatdırmış, Qarabağ münaqişəsinin aradan qaldırılmasında Azərbaycanın tutduğu mövqeyi açıqlamışdır.
Görüş zamanı Xəzərin statusunun müəyyən edilməsi məsələsi ətrafında son vaxtlar meydana çıxan söz-söhbətlər barədə də fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti Türkiyənin Baş nazirindən xahiş etdi ki, Xəzəryanı dövlətlər dənizin statusu məsələsini müzakirə edərkən bu su hövzəsinin, əvvəllərdə olduğu kimi, məhz bölmələrə ayrılmasını və hər bir dövlətin ona düşən bölmədə təbii ehtiyatlardan istifadə etməsinin beynəlxalq hüquq normalarına uyğun olmasını həmin dövlətlərin nəzərinə çatdırmaq üçün öz nüfuzundan istifadə etsin. Heydər Əliyev dedi ki, bəzi dövlətlər dənizin mərkəzi hissəsində bitərəf zona yaratmağa çalışır və buradan birgə istifadə etməyi planlaşdırırlar. Bu halda Azərbaycanın bir çox zəngin neft yataqları həmin zonaya düşə bilər.
Xəzərin Azərbaycan bölməsindəki neft yataqlarının birgə işlənməsi ilə əlaqədar ölkəmizin konsorsiumdakı payının beş faizini Türkiyənin neft şirkətinə verdiyinə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən Baş nazir bu qərarın qardaş ölkədə alqışlandığını söylədi.
Söhbət zamanı Türkiyənin öz səmasından Ermənistana hava dəhlizi açması barədə Amerika hökumətinin bəyanatı ətrafında da fikir mübadiləsi oldu.
Xanım Tansu Çillər bildirdi ki, o, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə və aparıcı dövlətlərin rəhbərlərinə çatdırmaq üçün öz imkanlarından və nüfuzundan istifadə edəcəkdir.
Heydər Əliyev Azərbaycan ilə Türkiyə arasında qədim tarixə malik qardaşlıq, dostluq əlaqələri olduğunu vurğulayaraq dedi ki, Azərbaycan xalqı bu ağır gündə ona dayaq olan Türkiyə hökumətinin, Baş nazir xanım Tansu Çillərin və ümumən türk xalqının xidmətlərini heç vaxt unutmayacaq, gələcəkdə Azərbaycan da Türkiyənin dayağı olacaqdır. Ölkələrimiz arasında xüsusi münasibətlər olduğunu qeyd edən Heydər Əliyev bildirdi ki, Azərbaycan və Türkiyə əbədi qardaşdırlar.