RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ŞEYX CABER ƏL-ƏHMƏD ƏL-CABER ƏL-SABAH İLƏ GÖRÜŞMÜŞDÜR
Görüş çox mehriban dostluq şəraitində keçdi. Azərbaycan Prezidenti Küveyt Dövlətinin başçısı ilə əvvəllər keçirdiyi görüşləri məmnunluqla xatırladığını bildirdi.
Şeyx əl-Sabah da görüşdən razı qaldığını söylədi. O dedi ki, Küveyt ilə Azərbaycan arasında çox oxşarlıqlar var.
Azərbaycan Prezidenti Ermənistanın hərbi təcavüzü, onun ağır nəticələri, Azərbaycan torpaqlarının 20 faizdən çoxunun Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olduğu, bir milyondan çox adamın qaçqın düşdüyü, əzab-əziyyət və məhrumiyyətlər içərisində çadırlarda yaşadığı barədə şeyx əl-Sabaha ətraflı məlumat verdi. O, Azərbaycanın zəngin neft və qaz yataqlarına malik olması və əsasən Qərbin aparıcı neft şirkətlərindən ibarət konsorsium ilə bağlanan neft müqaviləsi barədə də söhbət açdı.
Prezident Heydər Əliyev iqtisadiyyatın bütün sahələrində, xüsusilə enerji sektorunda Küveyt Dövləti ilə yaxından əməkdaşlıq etməyin perspektivləri barədə də danışaraq, bunun üçün yaxşı zəmin olduğunu qeyd etdi. Heydər Əliyev şeyx əl-Sabahı Azərbaycana dəvət etdiyini bildirdi.
Küveyt Dövlətinin başçısı da Azərbaycan Prezidentini öz ölkəsinə dəvət etdi. O, ümidvar olduğunu bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və sülhsevər Azərbaycan xalqı xoşbəxt gələcəyə çıxacaqdır.