RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV NORVEÇİN BAŞ NAZİRİ HARLEM BRUNDTLAND İLƏ GÖRÜŞMÜŞDÜR
Görkəmli siyasi xadim Heydər Əliyevlə növbəti görüşündən məmnun olduğunu söyləyən xanım Brundtland Azərbaycan dövlətinin başçısı ilə Budapeştdə və Davosda görüşlərini də məmnunluqla xatırladığını bildirdi. Baş nazir öz həyat yoldaşını Azərbaycan Prezidentinə təqdim etdi və dedi ki, o alimdir və onun Azərbaycandan çox savadlı bir tələbəsi olmuşdur. Norveç hökumətinin başçısı özünün və həyat yoldaşının Azərbaycana həmişə böyük maraq göstərdiklərini söylədi.
Azərbaycan Prezidenti Heydər Əliyev səmimi sözlərə görə xanım Brundtlanda minnətdarlığını bildirdi və ölkəmizlə Norveç arasında uzunmüddətli əməkdaşlığın qurulmasından razılıqla söhbət açdı. Prezident Norveçin “Statoyl” şirkətini Azərbaycanda fəaliyyətə başlamasından bəhs edərək dedi ki, beləliklə Xəzər dənizinin Azərbaycan bölməsindəki neft yataqlarından birgə istifadə olunması barədə ARDNŞ-in Qərb neft şirkətləri konsorsuimu ilə imzaladığı müqavilədə Norveç də iştirak edir. Heydər Əliyev qeyd etdi ki, o, Norveçin energetika naziri və “Statoyl” şirkətinin rəhbərləri ilə Bakıda dəfələrlə görüşmüşdür.
Prezident özünün şəxsi dostu, məşhur səyyah, alim Tur Heyerdalın da bu yaxınlarda Azərbaycanda olduğunu söylədi.
Heydər Əliyev Azərbaycanın zəngin “Şahdəniz” neft yatağının birgə istismarı barədə ARDNŞ ilə “Britiş Petroleum”–“Statoyl” alyansı arasında İstanbulda aparılan danışıqlardan da bəhs etdi. Ölkəmizlə Norveç arasında əməkdaşlığın möhkəm zəmin üzərində qurulduğunu bildirən respublika rəhbəri Norveç dövlətindən və hökumətindən Azərbaycanın güclü dəstək və yardım gözlədiyini vurğuladı.
Heydər Əliyev Norveçin Baş nazirinə Ermənistan-Azərbaycan müharibəsi barədə də ətraflı məlumat verdi. Azərbaycan dövlətinin başçısı Norveçin ATƏT çərçivəsində fəaliyyətini gücləndirməsini xanım Brundtlanddan xahiş etdi. O, ATƏT-in sülhü mühafizə qüvvələrinin yaradılmasında Norveç silahlı qüvvələrinin iştirak etməsini arzuladığını söylədi.
Daha sonra Heydər Əliyev Azərbaycanda aparılan islahatlar, demokratik seçkilərin keçirilməsinə hazırlıq görülməsi və seçkilərin çoxpartiyalı sistem əsasında olacağı barədə söhbət açdı.
Görüşün sonunda Azərbaycan Prezidenti Norveçin Baş nazirinə onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini bir daha xatırlatdı. Heydər Əliyev bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını söylədi.