RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV POLŞA RESPUBLİKASININ PREZİDENTİ LEX VALENSA İLƏ GÖRÜŞMÜŞDÜR
Lex Valensa Azərbaycan Prezidenti Heydər Əliyev ilə hərarətlə görüşdü və zəngin təbii sərvətlərə malik Azərbaycanla sıx əlaqələr qurulmasına Polşanın böyük əhəmiyyət verdiyini bildirdi.
Heydər Əliyev səmimi sözlər üçün minnətdarlığını bildirirək dedi ki, Azərbaycan da Polşanın imkanlarını yüksək qiymətləndirir və bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyi vacib sayır.
Polşa Prezidenti Ermənistan-Azərbaycan müharibəsinin əsas səbəblərini və mahiyyətini öyrənməyə xüsusi maraq göstərdi. Heydər Əliyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, bir milyondan çox Azərbaycan vətəndaşının öz yurdunda qaçqına çevrilməsi və hazırda çətin şəraitdə yaşaması barədə geniş söhbət açdı. Azərbaycan rəhbəri müharibənin sülh yolu ilə başa çatdırılması istiqamətində görülən tədbirlərdən də danışaraq, altı ildən çox gedən müharibədə ilk dəfə əldə olunmuş uzunmüddətli atəşkəs rejiminin davam etdiyini bildirdi və qeyd etdi ki, bu, böyük sülh sazişi bağlanması yolunda mühüm bir vasitədir.
Mehribanlıq və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra konkret məsələlər də nəzərdən keçirildi.